Müxalifətin Azərbaycanın Avropa İttifaqı ilə yeni sazişindən gözləntisi nədir?

Aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, saziş həm Avropa İttifaqı ölkələri, həm də Azərbaycan vətəndaşlarının xeyrinə olacaq

Foto: Meydan TV


''Siyasi məhbuslar azad edilib, plüralizm təmin edilməlidir''

Azərbaycan hökumətinin Avropa İttifaqı ilə mayda imzalanması gözlənilən yeni sazişi hazırda media və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

“Demokratiya uğrunda mübarizə aparan partiyalar avrointeqrasiya tərəfdarıdırlar”

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə prosesin şəffaf aparılmasının vacib olduğunu deyib:

“İmzalanacaq sənəd Azərbaycan xalqının taleyində ciddi rol oynayacaq. Bugünkü və gələcək nəsillər üçün sənəd xüsusi əhəmiyyət kəsb edir. Biz bu sazişə Azərbaycanda demokratik cəmiyyət, hüquqi dövlət yaradılması üçün növbəti bir şans kimi yanaşırıq”.

Arif Hacılı hesab edir ki, əgər sənəddə gözləntilərimiz doğrulmursa, Azərbaycan qarşısında müstəqil məhkəmələrin yaranması, siyasi məhbus probleminin birdəfəlik həlli, sərbəst toplaşmaq, ifadə, seçki hüquqi kimi azadlıqların təmin olunması ilə bağlı müddəalar yoxdursa, təbii ki, sənədin ölkə üçün xüsusi əhəmiyyəti olmayacaq. Fikir ayrığıı da məhz bu məsələlərlə bağlıdır:

“Azərbaycanda demokratiya uğrunda mübarizə aparan partiyalar avrointeqrasiya tərəfdarıdırlar, amma hökumət hətta Dünya Ticarət Təşkilatına daxil olmadan və eyni zamanda, üzərinə demokratik dəyişikliklər götürmədən belə müqaviləni imzalayırsa, suallar yaranır. Diskussiyanın predmeti Avropa İttifaqı ilə saziş bağlamaq deyil, imzalanacaq sazişin Azərbaycan üçün hansı əhəmiyyəti olacaq və ya daha faydalı, əhəmiyyətli olacaq yoxsa yox müzakirəsi açılmalıdır. Nəzərə alın ki, müstəqil məhkəmələr olmayacaqsa, azad iqtisadi münasibətlərin qurulması mümkünsüzdür. Əgər Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olmayacaqsa, ölkədə ciddi iqtisadi islahatlar aparılmayacaqsa, təbii ki, liberal bazar münasibətlərinin qurulması mümkün deyil. Əgər söz, ifadə, seçmək-seçilmək, sərbəst toplaşmaq azadlıqları formalaşmayacaqsa, davamlı sabitlik də olmayacaq”.

Arif Hacılı
Arif Hacılı

O deyib ki, Müsavat Azərbaycanın Avropanın bir hissəsinə çevrilməsini istəyir, partiyanın tələbi ölkədə liberal iqtisadi münasibətlərin formalaşmasını təmin edən, davamlı sabitliyin qarantı olan demokratik islahatların gerçəkləşməsi, fundamental insan hüquqları ilə bağlı məsələlərin imzalanacaq sənəddə öz əksini tapmasıdır”.


“Avropa İttifaqı ilə inteqrasiya siyasəti imitasiya xarakterli olmamalıdır”

Demokratik Qüvvələrin Milli Şurasının üzvü Gültəklin Hacıbəyli isə xatırladıb ki, onlar Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri haqda konsepsiyanı iki il əvvəl ictimaiyyətə təqdim ediblər:

“Avrointeqrasiya Azərbaycan üçün strateji bir seçimdir və bu seçimin əsası ötən əsrin ikinci onilliyində Cümhuriyyəti quranlar tərəfindən qoyulub. Biz də Azərbaycanı yaxın gələcəkdə Avropa İttifaqının üzvü omaqda görürük. Ona görə Assosiativ Sazişi imzalanmasını istəyirik. Əslində, Azərbaycanın Avropa İttifaqı ilə inteqrasiya siyasəti imitasiya xarakterli olmamalıdır. Hakimiyyət də imitasiya xəttini götürdüyü üçün özünün istədiyi Tərəfdaşlıq Sazişini önə çəkir. Bu sənədin isə ən mühüm məsələləri özündə ehtiva etməməsi barədə narahatlıqlarımızı ifadə etmişik. Avropa İttifaqı minimum standartlarını belə nə özünə, nə də Azərbaycana rəva görməməlidir”.

G.Hacıbəyli sual edib ki, sərbəst toplaşmaq azadlığının təmin olunmadığı ölkə Avropa İttifaqı ilə necə tərəfdaş ola bilər? Misal kimi o, Milli Şuranın dördüncü mitinq müracətinə rədd cavab verilməsini xatırladıb.

632057.jpg
Gültəkin Hacıbəyli

“Vətəndaş cəmiyyəti darmadağın olubsa, bu şəraitdə Avropa İttifaqı ilə tərəfdaşlığı sadəcə imitasiyadır. Yaxud siyasi məhbuslar problemi qalır və Gəncə hadisələrində həbs olunanları da nəzərə aldıqda, yaxın zamanlarda onların sayı iki dəfə artacaq. Bu qədər siyasi məhbusları olan ölkə Avropa İttifaqı ilə hansı strateji tərəfdaş ola bilər?”

O deyib ki, ölkədə mətbuat və media azazlığı yoxdur, müstəqil qəzet çap olunmursa, müstəqil saytlar bloklanırsa, bu, artıq avtoritarizm mərhələsini arxada qoymaqdır.

“Milli Şura çox israrlıdır ki, Azərbaycan Avropa İttifaqı ilə nəinki yeni saziş, ən qısa zamanda Assosiativ saziş imzalasın. Amma söhbət imitasiya xarakterli sənəddən gedirsə, bu, artıq hakimiyyətin vaxt udmaq cəhddidir. Bununla da yeni bir xəyal qırıqlığı yaranacaq. Belə bir şeyi Avropa Şurasına üzv olandan sonra yaşadıq. Ona görə Brüssel Bakıya daha ciddi təzyiqlər edib anlatmalıdır ki, Avropa İttifaqının münimum standartlarından aşağı səviyyədə olan ölkə ilə tərəfdaşlıq münasibətləri mümkün deyil. Bakı həmin standartlara çatmaq üçün addımlar atmalıdır. Hökumət özü də başa düşür ki, onun Avropaya istiqamətdən başqa yolu yoxdur. Ən parlaq perspektiv Avropa İttifaqına inteqrasiyadır, bundan istifadə etmək vacibdir. Artıq dünya dəyişirsə, Azərbaycan ötən əsrdə qala bilməz”.


“Hazırkı vəziyyət və gözləntilər Avropa Parlamentinin Azərbaycanla sazişin bağlanması üçün irəli sürdüyü şərtlərə cavab vermir”

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Azərbaycanın avro-atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarı olduğunu ifadə edib:

“Ona görə də Avropa Parlamentinin tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin tam yerinə yetirilməsini vacib sayırıq”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ancaq Q.İbadoğlu hesab edir ki, Azərbaycan hakimiyyətinin son zamanlar islahat adı altında atdığı addımlar sistemsiz və yarımçıq xarakter daşıdığına, ictimai iştirakçılıqla müşahidə olunmadığına, işlək və effektiv icra mexanizmləri ilə təmin olunmadığına görə, hazırkı vəziyyət və gözləntilər Avropa Parlamentinin Azərbaycanla sazişin bağlanması üçün irəli sürdüyü şərtlərə cavab vermir:

“Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlarına hörmətin təmin edilməsi istiqamətində Azərbaycan hakimiyyəti tərəfindən edilən səylər yetərincə deyildir. Odur ki, Avropa Parlamenti Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi bağlanması üçün danışıqları aparanlara irəli sürdüyü şərtlərə əməl olunması üçün bundan sonra aşağıdakı istiqamətlərdə islahatların aparılmasına ehtiyac vardır”.

ADR hərəkatının sədri deyib ki, Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl həbsdə olan siyasi məhbuslar, vicdan məhbuslarının hamısı azad olunmalı, əsas azadlıqları və dinc toplaşma azadlığının bütün formaları təmin edilməli, dinc mitinqlərin keçirilməsinə qoyulan əsassız baryerlər aradan qaldırılmalı, eləcə də hakimiyyət ali səviyyədə seçki institutlarına, qanunun alliliyiyinə etimadın bərpası, insan hüquqları və əsas azadlıqlara əməl olunması üçün dialoqa açıq olduğunu bəyan etməli və bu prosesdə müxtəlif tərəflərin iştirakına nail olmalıdır:

“QHT-lərin dövlət qeydiyyatı kommersiya qurumlarının dövlət qeydiyyatına uyğunlaşdırılmalı, xarici hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi üçün nəzərdə tutulan məhdudiyyətlər ləğv olunmalı, QHT-lərin fəaliyyətinə yaradılan hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, QHT-lərin aldıqları

qrantların və ianələrin dövlət qeydiyyatına tətbiq olunan icazə sistemi məlumatlandırma ilə əvəzlənməlidir. Bununla yanaşı Azərbaycanda azad və plüralist KİV-i dəstəkləmək üçün rəqabətli mühit yaradılmalı, diskriminasiyalar və azad mətbuatın internet vasitəsilə Azərbaycan ərazisində yayımına qoyulan bloklar aradan qaldırılmalıdır”.

Bundan başqa o deyib ki, məhkəmə sisteminin qərəzsizliyini və onun icra hakimiyyətindən asılı olmamasını təmin etmək üçün məhkəmə sistemində nəzərdə tutulan dəyişikliklərin icrasının effektivliyini artırmaq məqsədilə bu posesdə ictimai iştirakçılıq genişləndirilməli, hakimlərin seçilməsi, məhkəmənin gedişi, qərarları və ondan şikayətlərə baxılması ilə bağlı informasiyalara çıxış, hesabatlılıq və şəffaflıq təmin edilməlidir.

“Həm də əhalinin hüquqi müdafiəsinin effektivliyini və əlçatanlığını təmin etmək və müstəqil müdafiə institutlarının inkişafı üçün vəkilliyə qəbulla bağlı şifahi imtahan ləğv olunmalı, alternativ vəkillik kollegiyalarının fəaliyyətinə şərait yaradılmalı, hüquqşünaslara etibarnamə ilə təmsil hüququnu məhdudlaşdıran norma aradan qaldırılmalıdır. İqtisadi cinayətlərə, korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizənin səmərliliyinin artırılması üçün vəzifəli şəxslər, hakimlər, prokurorlar, parlament üzvləri tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar bəyannamələr ictimaiyyətə açıqlanmalıdır”.

Q.İbadoğlu əlavə edib ki, Avropa İttifaqı ilə ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi üçün “Rəqabət Məcəlləsi” qəbul olunmalı, rəqabətin qorunmasına və istehlakçıların müdafiəsinə məsul olan dövlət institutunun müstəqilliyi artırılmalı, Azərbaycanın Dünya Ticarət Təşkilatı ilə danışıqlar prosesini sürətləndirilməli və üzvlük məsələsi yaxın bir ildə yekunlaşdırılmaldır:

“Sadaladığım öhdəliklər yerinə yetirilməyincə Avropa İttifaqı ilə yeni sazişin ilkin qaydada qüvvəyə minməsinə Avropa Parlamenti razılıq verməməlidir”.


“Burda heç bir islahat və inkişaf yoxdur”

ReAL Partiyasının sədri İlqar Məmmədov Avropa Şurası Parlament Assambleyasında “Skape” vasitəlilə çıxışında sazişə münasibətini açıqlayıb.

İlqar Məmmədov deyib ki, avropalı deputatlar Azərbaycanda islahatların getdiyi ilə bağlı deyilən heç bir sözə uymasınlar:

“Burada heç bir islahat, heç bir inkişaf yoxdur, siyasi məhbuslarla bağlı hüquqi vəziyyət və siyasi məhbus yaratma mexanizmləri heç bir şəkildə aradan qaldırılmamışdır”.

ReAL Partiyasının sədri bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə gözlənilən müqaviləsi bütün siyasi məhbusların azad edilməsini və yeni həbslərə son verilməsini əhatə etməlidir:

İlqar Məmmədov
İlqar Məmmədov

“İfadə azadlığı, azad məhkəmə və azad və ədalətli seçkilərə təminat verməlidir. Hansı ki, Azərbaycan Avropa Şurasına üzvlüyü müddətində bunun üçün olan bütün fürsətləri qaçırıb. Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşıdan gələn razılaşma bütün bu şərtləri əhatə etməlidir, əks halda biz müqavilənin Avropa Parlamentində ratifikasiyası müddətində ona qarşı kampaniya ilə çıxış edəcəyik”.


“Cəmiyyət Brüssel və Bakı arasında saziş haqda aparılan danışıqların detallarından məlumatsızdır”

Siyasi icmalçı Hikmət Hacızadə sazişlə bağlı sosial şəbəkələrdəki müzakirələri müsbət qiymətləndirib. Amma o təəssüflənir ki, Azərbaycan cəmiyyəti Brüssel və Bakı arasında saziş haqda aparılan danışıqların detallarından məlumatsızdır.

“Detalların cəmiyyətə açıqlanmaması, müxalifətlə və ictimaiyyətin müxtəlif siyasi-ictimai tərəfləri ilə müzakirələrin aparılmaması gələcək üçün yaxşı heç nə vəd etmir. Mənim narahatlığım sazişdə qoyulan məsələlərin həll olunub-olunmayacağı ilə bağlıdır. Yəni siyasi məhbuslar azad olunsun, ümumiyyətlə, bu problem aradan qalxsın, söz, ifadə, sərbəst toplaşmaq azadlıqlarına təminat verilsin. Əks təqdirdə, hökumət sənədi imzalayacaq, sonra yenə əvvəlki vəziyyət qalacaq, jurnalistləri həbs edəcəklər, mitinqlərə icazə verməyəcəklərsə, nəyə lazım olacaq həmin sənəd?!”.

Hikmət Hacızadə
Hikmət Hacızadə


XATIRLATMA:

Aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, saziş həm Avropa İttifaqı ölkələri, həm də Azərbaycan vətəndaşlarının xeyrinə olacaq:

“Hazırda ikitərəfli sazişimiz üzrə danışıqların yekun – həlledici mərhələsi başlanıb”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə, Azərbaycan-Avropa ittifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib ki, saziş üzrə danışıqlar tezliklə yekunlaşacaq. Nazir sazişin 90 faizinin razılaşdırıldığını deyib.

Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər 1999-cu ildə imzalanan müqavilə əsasında tənzmlənir. Tərəflər dünyada olan yeni siyasi mühitdə yeni müqavilənin imzalanmasının vacibliyini qeyd edərək, yeni saziş üzərində danışıqlara 2017-ci ildə başlayıblar. Ekspertlər dəfələrlə bildiriblər ki, əgər müqavilə 2019-cu ilin may ayına qədər imzalanmasa, sənədin imzalanması 2020-ci ilə qədər uzanacaq. Belə ki, Avropa Parlamentinə qarşıdan gələn seçkilərdən sonra Avropa Komissiyasının yeni tərkibi formalaşacaq. Bu isə yeni funksionerlərin sazişlə bağlı proseslərlə yenidən tanış olması və vaxt itkisinin olmasıdır.

Azərbaycan 2009-cu ildə Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla birlikdə Avropa İttifaqının Şərq Tərəfədaşlığı proqramının üzvüdür.

Ekspertlər Azərbaycanın bu proqram çərçivəsində ən passiv iştirakçı olduğunu bildirirlər. Belə ki, Azərbaycan və Belarusdan başqa digər dörd ölkə Avropa İttifaqı ilə Assosiativ Saziş imzalayıb. Azərbaycan Şərq Tərəfdaşlığında Avropa İttifaqı üçün vizaları ləğv etməyən yeganə ölkədir.

Ana səhifəXəbərlərMüxalifətin Azərbaycanın Avropa İttifaqı ilə yeni sazişindən gözləntisi nədir?