“Müxalifətdə böyük nəsil dəyişikliyi baş verir” (VİDEO)


“9 noyabr mitinqində hərəkətverici qüvvə gənclikdir”

Demokratik Qüvvələrin Milli Şurasının mitinq vaxtı dəyişdi, düşərgə aksiyanı 9 noyabrda keçirəcək. AXCP sədri Əli Kərimliylə söhbətimizdə yaranmış durum və digər məsələlərin doğurduğu suallara cavab verməyə çalışdıq.



Əli bəy, Milli Şuranın mitinqi noyabrın 10-a təyin olunmuşdu və Bakı Şəhər İcra Hakimiyyətiylə (BŞİH) razılaşdırılmışdı. Gözlənilmədən paytaxt rəhbərliyindən vaxtın dəyişdirilməsi zəngi təsadüf idi, yoxsa əvvəlcədən planlaşdırılmışdı?

–  Bilirsiniz ki, 9 noyabr Azərbaycanda Bayraq Günü bayramıdır. Həm də iş günü olmayan bayramlardandır, biz də bunu nəzərə alaraq əvvəlcədən planlaşdırdıq ki, mitinqi 10 noyabrda keçirdək. 10 noyabr bazar ertəsi olsa da, iş günü deyildi. Bu barədə BŞİH-də xəbərdar etmişdik. Onlara həm məktub göndərilmişdi, həm də şifahi söhbət olmuşdu. Amma buna baxmayaraq noyabrın 7-də məlumat verildi ki, bizə 10 yox, yalnız 9 noyabrda mitinqin keçirilməsinə razılıq verilib. Bu, birbaşa mitinqin kütləviliyinin qarşısını almaq üçün düşünülmüş tryukdur. Hakimiyyət bu yolla istəyiblər ki, bizi fakt qarşısında qoysunlar. Çünki biz xəbəri alanda 2 gündən də az vaxtımız qalmışdı. Ölkədə mətbuatın imkanları məhduddur, müxalifətin xəbərlərini neçə KİV yayır, belə bir şəraitdə 100 minlərlə, milyonlarla insana bu xəbəri neçə çatdıracayıq? Hakimiyyət də bunu hesablayıb. Ki, bizi fakt qarşısında qoysunlar, ya daha məhdud resursla aksiyanı keçirtməliyik, ya da tədbiri təxirə salmağa məcbur olub, başqa bir vaxt müəyyənləşdirməliyik. Məsələni həm partiyada, həm də Milli Şurada müzakirə etdik. Belə qərara gəldik ki, bütün baş verənlərə baxmayaraq hər halda noyabrın 9-da mitinqi edək, təxirə salmayaq.



Hakimiyyət hər aksiyadan sonra müxalifətin mitinqinə az adamın gəldiyini və eyni simaların göründüyünü gündəmə gətirir. Belə olduqda, vaxt dəyişmək nəyə lazım idi?

–  Elə bunun özü hakimiyyəti ifşa edir. Deməli, təbliğat və öz adamlarına ürək-dirək vermək üçün o az adamdan da çox ehtiyatlanırlar. İndiki şərtlərə görə də mitinqə az adam gəlmir. Mən demirəm ki, Milli Şuranın mitinqləri həddindən artıq böyük kütləviliklə keçir. Amma ölkədəki vəziyyətə baxın, tam məsuliyyətlə deyirəm ki, dünyada bizim qədər siyasi məhbusu olan ölkələrin heç birində müxalifət belə izdimahlı mitinq edə bilmir. Izdihamlı mitinqlər olur, harda, ya demokratik, ya da yarım demokratik ölkələrdə.



Ermənistan da avtoritar ölkədir, amma orda mitinqə gələnlərin sayı çoxdur…

– Ermənistanda neçə müstəqil televiziya var, parlamentində neçə müxalifət partiyasının fraksiyası var, o cümlədən, bu ölkədə mitinqlər şəhərin mərkəzi meydanlarında keçirilir. Həmin şərait bizdə olsun, o zaman Azərbaycanda və Ermənistandaki mitinqlərin müqayisəsini aparın. Siz bizi Belarusla müqayisə edin. Hərçənd ki, Belarusda da əhalinin sayı bizim qədərdir, amma bu ölkədə 9, bizdə isə 98 siyasi məhbus var.



Biz həm də müxalifətin mitinqlərində eyni adamları görürük, müxalifətdə xalqlaşma getmirmi?

– Xeyr, ola bilsin ki, siz çox informasiya oxuduğunuzdan bunun təsiri altına düşüb təkrarlayırsınız.



Xeyr, sadəcə, bu suallar verilməlidir…

– O zaman deyin ki, belə fikirlər var. Obyektiv adam olduğunuzdan belə fikirdə olacağınıza inanmıram. Müxalifətdə böyük nəsil dəyişikliyi baş verir, bu var, gəlin açıq danışaq. Əslində, 5-15 il əvvəl müxalifətdə olanların böyük bir qismi artıq düşərgədə deyil. Onların bir hissəsi siyasəti tərk edib, bir hissəsi mühacirətə gedib, bir hissəsi də düşərgəsini dəyişib. Sonuncular nəinki mitinqə gəlmirlər, təəssüf ki, əks təbliğat aparırlar. Amma səbatlı insanlar, ruhdan düşməyənlər, hakimiyyətin hər zülmünə dözənlər yenə də meydandadırlar. O adamları qınamaq, tənqid etmək yox, onlara çox sağ ol demək lazımdır ki, 20 il azadlıq uğrunda mübarizədən usanmayıblar. Xüsusən də sıravi adamlara irad ola bilməz. Tutaq ki, partiya liderinə, üzdə olan funksionerə bir irad səsləndirildi, amma bu adamlar sıravi insanlardır, onlar mitinqlərə gəlməklə yalnız məhrumiyyət yaşayıblar.Amma inandıqları ideyaya tapındıqlarına görə 20 ildir bu əziyyəti çəkirlər, işsiz, sosial çətinliklər şəraitində yaşasalar da, yenə meydandadırlar. Deməli, bu cür insanlara əvvəla hamımızın təşəkkür borcumuz var, amma bugün meydanda tək onlar deyil. Veteranlarla eyni sırada böyük Azərbaycan gəncliyi var. Azərbaycan gəncliyi niyə həbsxanalarda bu qədər geniş təmsil olunur? Çünki Azərbaycan gəncliyi azadlıq, ədalət mübarizəsini seçib, milli demokratik düşərgənin azadlıq və ədalət mübarziəsinə qoşulub. Sonuncu mitinqdə də, əminəm ki, 9 noyabr mitinqində də hərəkətverici qüvvə gənclikdir. Ona görə də bugün həm əqidələrinə sadiq veteranlar meydandadır, amma daha çox sayda yeni gənclik mitinqlərimizə qoşulur. Halbuki, hımin gənclik müxalifətin ən yaxşı zamanlarında, 2003,2004-cü il siyasi kampaniyaları dövründə uşaq idilər.



9 noyabr mitinqində 12 oktyabr aksiyasında olan problemlər yaşana bilərmi, məsələn, İŞID-ın bayrağının qaldırılması, yaxud tribunada Müsavat Partiyasından kimsə yox, yalnız Milli Şura üzvləri dayanıb…?

– Nə qədər ki, Azərbaycanda demokratik hakimiyyət bərqərar olmayıb, nə qədər ki, hökumətdə təmsil olunanlar üçün nəyin bahasına olursa-olsun kürsünü qorumaq ən üstün dəyər olacaq, müxalifətə qarşı həmişə problem və həmişə də təxribat yaradılacaq. Bilirsiniz, milli təhlükəsizliyiylə məşğul olmalı olanlar, xüsusi xidmət orqanları gerçəkdən də dövlət və milli maraqlarla yox, yalnız siyasi hakimiyyətin rəqiblərinə qarşı təxribatlarla məşğuldurlar. Ona görə də müxtəlif təxribatlar ola bilər. Biz də tərəfdarlarımızın soyuqqanlı, müdrik olmalarına əminik ki. Onsuz da istənilən təxribatın qarşısını alacayıq. 12 oktyabr mitinqində İŞID bayrağı qaldırdılar, kim ifşa olundu? Həmin bayrağı qaldıranları tanınmış cəbhəçilər dərhal zərərsizləşdirdilər, qolunu burub meydandan çıxardıb polisə təhvil verdilər. Polis isə onları azad etdi. Məlum oldu ki, həmin bu quramanı, tamaşanı, şounu Azərbaycanın xüsusi xidmət orqanları törədib. Sonradan daha böyük biabırçılıq üzə çıxdı. Həmkarınız Natiq Ədilovun araşdırması sübut etdi ki, bayrağı nümayiş etdirən adam Pərviz Həşimliyə qarşı cinayət işində şahid kimi istifadə olunub. Ona görə də belə təxribatlar ola bilər. Açığı, bu məsələ bizi çox narahat etmir, həm də aksiyalaya gələnləri narahat etməməlidir. Çünki biz o təxribatların qarşısını alacayıq və bunlar ifşa olunacaq, dərhal da hakimiyyətin özünə qarşı çevriləcək.



Bu yaxınlarda hökumətin təşəbbüsüylə təsis olunan İnsan Haqları üzrə İşçi Qrupuhaqqında demisiniz ki, hakimiyyət imitasiya siyasətinə qayıdır. Hakimiyyət imitasiya siyasətinə necə qayıda bilər ki, Leyla Yunusun, İntiqam Əliyevin, Murad Ədilovun, Rəsul Cəfərovun həbs müddətləri uzadıldı, o cümlədən, jurnalist Xalid Qarayev ünvansız söyüş söyməkdə ittiham olunaraq 25 sutka azadlıqdan məhrum olundu. Həmin fikirlə nə demək istəyirsiniz?

– Hakimiyyətin imitasiya siyasətinə qayıtmasını onlara çox görürsünüz, kompliment sayırsınız?



Yox, sadəcə, dedikləriniz təəccüb doğurdu…

– İzah edirəm, mən deməmişəmhakimiyyət islah olunub daha demokratik addımlar atacaq. Əgər elə desəydim, həmin sualla qarşılaşmağım təbii olardı. Mən hər təzyiqi öz üzərimdə hiss edirəm, çünki adlarını çıkdiklərinizin hər biri mənə yaxındır. Yalnız həbslər deyil, fikir verin, Leyla xanımın ikinci vəkilini də işdən azad etdilər. Artıq vəkilləri həbslə təhdid edirlər, Əlayif Həsənovu. Ondan əvvəl Azərbaycanın görkəmli ziyalısı Eldəniz Quliyevi, bu, nə biabırçılıqdır ki, Azərbaycanın tanınmış vəkil və ziyalısı islah işlərinə məhkum edilir. Bunun özü hakimiyyət üçün üzqarasıdır. Eyni zamanda, Leyla xanıma qarşı baş verənlər, Xalid Qarayevin həbsi onu göstərir ki, repressiya siyasəti dayanmayıb. Sadəcə, onu vurğuladım ki, əgər İlham Əliyev bir neçə ay əvvəl Avropa Şurasının tribunasından şəstlə “bizim ölkədə siyasi məhbus yoxdur” deyirdisə, sonradan həmin qurumun baş katibi Yanqlandla telefon danışığı nəticəsində məhz həmin siyasi məhbusların məsələsini araşdırmaqdan ötrü özlərinə bir təsəlli tapdılar. Ki, adına siyasi məhbus yox, problemli məhbuslar desinlər. Bunun özü də etirafdır. Əgər dövlət səviyyəsində, Prezident Administrasiyasının nəzdində elə bir qrup yaradılırsa ki, beynəlxalq aləmin siyasi məhbus elan etdiyi şəxslərin işi araşdırılsın, orda tərkib ikinci məsələdir.



Bu həm də vaxt udmaq deyilmi? Çünki noyabrda Nazirlər Komitəsinə sədrliyimiz başa çatır…

–  İmitasiya da vaxt udmaqdır. İmitasiya odur ki, adamlar düzəlməyiblər, amma sanksiyadan da qorxurlar. O tərəfdən sanksiyanın ayaq səslərini eşidirlər, xüsusən də bir sıra Amerika siyasətçiləri “baltanı ağacın dibindən vurdular”. Dedilər ki, birbaşa İlham Əliyevin və yaxın adamlarının hesablarına həbs qoyulmalıdır. Yox, hansısa prokurorların, hakimlərin hesablarına həbsdən danışsaydılar, narahatçılıq yaratmazdı.



Amma ABŞ Dövlət Departamenti, Avropa Şurası əfv fərmanını alqışlayır…

–  Natiq bəy, mən deyirəm ki, onlar hər şeyi düz edir? Mən də səninlə bərabər onların fərmanı alqışlamağını pisləyirəm. Sadəcə, burda yox, üz-üzə oturanda da pisləyirəm. Deyirəm ki, bu siyasətiniz Azərbaycan hökumətinə imitasiya etməyə şərait yaradır.



Reaksiyaları necə olur?

–  Onlar çox tolerantdır, öz fikirlərində qalırlar və bütün məsələlərlə bağlı dinləyirlər. Bəli, mən onlara haqq qazandırmıram, amma başa düşürəm. Beynəlxalq aləm dünyada o qədər böyük problemlərlə qarşı-qarşıyadır. Suriya, İran, Ukrayna, Rusiya, bu mənada yeni bir cəbhə açmaq istəmirlər. Bir daha deyirəm, hakimiyyət sanksiyalardan ehtiyatlanır, eyni zamanda, mahiyyətləri geri çəkilməyə və azadlıqlara meydan verməyə imkan vermir. Ona görə vaxt udmaqdan ötrü İşçi Qrupu formasından istifadə edirlər, xarici diplomatlara ümidlər verirlər ki, bu yaxınlarda müəyyən məsələlər həll olunacaq. Bununla sanksiyalardan yayınmaq üçün vaxt udurlar. Belə bir şəraitində toplumun və müxalifətin üzərinə vəzifə düşür ki, biz daxildən təzyiqləri artırmalıyıq, ölkə vətəndaşlarının siyasi girovluqdan çıxarılması yalnız xaricilərin vicdanının ümidinə qalmalı deyil. Ona görə bizim əlimizdən gələn dinc etirazlar təşkil etmıkdir. 12 oktyabrda mitinq etdik, 9 noyabrda keçirəcəyik və yenə də davam edəcəyik. Azərbaycan vətəndaşları dinc etirazlar əsasında prosesə qoşulmalıdır.



Proses inersiya ilə gedir və nəticə olmursa, insanlarda yorğunluq yaranmazmı?

–  Bu, ondan asılıdır ki, prosesə qoşulan adamlar nə dərəcədə hansı bir yola çıxdıqlarını dərk ediblər. Kimsə hesab edirsə ki, bütün dünyada demokratiyanın bərqərar olması çətin olsa da, bizim üçün asan olmalıdır, biz özümüzü heç bir riskə atmayacayıq, “ilanı Seyid Əhməd əliylə tutacayıq”, gözləyəcəyik, kimlərsə təzyiqlə Azərbaycanda demokratiya bərqərar edəcək. Belə adamların yanaşmasından söhbət gedirsə, onlar heç mitinqə gəlməyəcək, gəlsə də, yorulacaq, bir neçə mitinqdən sonra kənara çəkiləcək. Amma biz axı ölkənin daha sabitqədəm vətəndaşlarına müraciət edirik, onlar başa düşürlər ki, dünyanın heç bir yerində azadlıq, ədalət, demokratiya özbaşına, asanlıqla bərqərar olmayıb. Onun üçün əziyyət çəkmək lazımdır.



Siz çıxışınızda çoxlu biz ifadəsini işlətdiniz. Amma AXCP ilə bağlı bir məqam oldu, mən Razi Nurullayevin QHT sektoruyla bağlıməqaləsinin yaratdığı narazılıqları nəzərdə tuturam. Müavinizin mövqeyini bölüşürsünüzmü?

–  Xeyr, onun mövqeyini bölüşmürəm, Razi bəy Bakıda deyil, gələndən sonra ətraflı müzakirə edəcəyik.Razi bəy eyni vaxtda iki iş aparır, həm vətəndaş cəmiyyətinin təmsilçisi kimi çıxış edir, həm də partiyanın sədr müavini. O, gələndən sonra məsələ müzakirə olunacaq, izah edəyik ki, partiyanın siyasi xəttinə uyğun fəaliyyət göstərilməlidir.

Ana səhifəVideo“Müxalifətdə böyük nəsil dəyişikliyi baş verir” (VİDEO)