Müxalifətçinin oğluna qarşı “virus yayma” ittihamı…

”Mehdini məhkəməyə heç bir xüsusi geyim olmadan, adi paltarlarda, polislər qoluna girib, eyni maşında gətirmişdilər”

Source: lhjlhjk


“Koronavirus olan adamla qol-qola girib, bu qədər yaxın məsafə saxlayardılar?”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahim haqqında həbs qərarı verilib. İyulun 22-də Xətai Rayon Məhkəməsində bu haqda qərar çıxarılıb. Hakim Cavid Hüseynin verdiyi qərarla M.İbrahim haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

M.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə ittiham olunur.

M.İbrahim isə bildirir ki, siyasətə heç bir bağlılığı olmayan oğlu onun siyasi baxışlarına görə cəzalandırılır. Oğluna qarşı ittihamın da saxta olduğunu vurğulayır.

“İddia olunur ki, koronavirus olduğunu bilə-bilə yürüşə çıxıb, adamlar arasında yayıb. Əlbəttə ki, yalandır. Mehdini məhkəməyə heç bir xüsusi geyim olmadan, adi paltarlarda, polislər qoluna girib, eyni maşında gətirmişdilər. Koronavirus olan adamla qol-qola girib, bu qədər yaxın məsafə saxlayardılar? Onun əvvəldən koronavirus olduğu necə təsdiqlənib? Absurddur”, – deyə M.İbrahim Meydan TV-yə bildirib.

M.İbrahimin özü kimi, üç oğlundan ikisi də AXCP üzvləridir. Onlar hazırda Türkiyədə təhsil alır. Üçüncü oğlu Mehdi İbrahim isə futbol məşqçisi olmaqla yanaşı, həm də YAP-ın üzvü olub.

İddia olunur ki, digər iki oğlu ölkədən kənarda olduğuna görə onu Mehdi vasitəsilə cəzalandırırlar.

M.İbrahim onu da bildirir ki, oğlu iyulun 15-də saxlandığı halda, məhkəmə qərarında onun iyulun 20-də tutulduğu qeyd olunub.

M.İbrahim özü də bundan öncə 3 il yarım həbsdə olub. Yerli və beynəlxalq insan haqları təşkilatları onun həbsinin siyasi motivli olduğunu bəyan edib.

Son bir həftə ərzində saxlanılan AXCP fəallarından Məhəmməd İmanlıya da da eyni maddə ilə ittiham irəli sürülüb. Onun barəsində isə Sabunçu Rayon Məhkəməsi iyulun 22-də üç aylıq həbs qərarı çıxarıb.

Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Son bir həftə ərzində AXCP-nin 30-a qədər fəalı həbs olunub. Onların əksəriyyəti barəsində cinayət işi başlanıb, həbs-qətimkan tədbiri seçilib. Bəziləri haqqında 30 sutkalıq inzibati həbs qərarları verilib. Saxlanılanların əksəriyyəti iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin Milli Məclisə daxil olması, polis maşınını aşırması) görə ittiham olunur.

AXCP isə bu ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İlham Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui-istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”, – deyə Əli Kərimli bildirib.

Ana səhifəSiyasətMüxalifətçinin oğluna qarşı “virus yayma” ittihamı…