Müxalifət M.Rəsulzadənin 131 illiyini Novxanıda qeyd edib

Əmr və qərarlarla heykəlləri qoyulan şəxslərin yox, heykəlləri qəlblərdə tikilən M.Rəsulzadələrin ideologiyası əbədi yaşayacaq

Source:


Əmr və qərarlarla heykəlləri qoyulan şəxslərin yox, heykəlləri qəlblərdə tikilən M.Rəsulzadələrin ideologiyası əbədi yaşayacaq

Yanvarın 31-də Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının əsasını qoyanlardan biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131 ili tamam olur.

Bu münasibətlə M.Rəsulzadə ideyasının davamçıları olan müxalifət partiyaları onun Novxanıdakı abidəsi önündə bayram mitinqi keçiriblər.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) abidəni və M.Rəsulzadənin Novxanı qəbirstanlığında dəfn olunan yaxınlarını ziyarət ediblər.

Daha sonra Müsavat  Partiyası fəalları və tərəfdarları abidə önünə toplanıblar.

Partiyanın keçmiş başqanı, Milli Düçüncə Mərkəzinin rəhbəri İsa Qəmbər mitinqdə çxış edib. İ.Qəmbər 2015-ci ili “mühüm dəyişikliklər ili” adlandırıb. Demokratiya uğrunda mübarizənin bu il də davam edəcəyini deyərək, qarşıdakı parlament seçkilərinə işarə edib. Müsavat Partiyasının başqanı Arif Hacılı M.Rəsulzadə irsinə rəsmi Bakının biganə münasibətindən bəhs edib.

Son olaraq, Milli Şura üzvləri abidə önündə mitinq keçiriblər. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hakimiyyəti insan ölkədə təməl insan azadlıqlarına əməl etməməyə görə kəskin tənqid edib.

Milli Şura sədri Cəmil Həsənli M.Rəsulzadənin fəaliyyəti haqda ətraflı danışıb.

M.Rəsulzadəni “öz dühasını müstəqil dövlət qurmağa həsr edən dahi” kimi dəyərləndirib.

M.Rəsulzadə fəaliyyətinin araşdırıcılarından Teyyub Qurban “ulu öndər” anlayışının ancaq M.Rəsulzadəyə aid olduğunu bildirib. Əmr və qərarlarla heykəlləri qoyulan şəxslərin yox, heykəlləri qəlblərdə tikilən M.Rəsulzadələrin ideologiyasının əbədi yaşayacağı və qalib gələcəyi bəyanatı səsləndirib.

M.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarından siyasi fəaliyyətə başlayıb. 19 yaşında ikən “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradıb. O vaxtın qəzetlərində milli dərkin güclənməsinə əsas olan məqalələrlə çıxış edib.

1904-cü ildə M.Rəsulzadəni Stalinlə tanış edirlər. Stalin M.Rəsulzadənin başçılıq etdiyi dərnəyi bolşevik mübarizəsi cərgələrinə qoşmağa can atıb. Daha sonra M.Rəsulzadə Bakıda həbsə alınan Stalinin həbsdən qaçmasında önəmli rol oynayır.

Daha sonra M.Rəsulzadə “Hümmət” təşkilatının yaradıcılarından biri olur. Onun redaktorluğu ilə “Hümmət” qəzeti nəşrə başlayır. 1904-1909-cu illər ərzində M.Rəsulzadə daha çox milli-maarifçilik cəbhəsində yazıları ilə fəlaiyyət göstərib.

1909-cu ildən çar Rusiyası M.Rəsulzadəyə təzyiqlərə başlayır və M.Rəsulzadə İrana gedir. İranda məşrutə inqilabının rəhbəri əfsanəvi Səttarxanla görüşür. İranda “Yeni İran” qəzetini nəşr edir. Elə həmin il bir qrup azərbaycanlı ziyalı ilə İranda İran Demokrat Partiyası yaradır. Çar Rusiyasının təzyiqilə M.Rəsulzadə 1911-ci ildə İrandan çıxmağa məcbur olur. Elə həmin il bir qrup tərəfdaşı ilə Müsavat Partiyasını qurur. 1913-cü ildən Müsavat Partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir.

M.Ə.Rəsulzadənin bu dövrdəki çıxışlarında qaldırdığı “Azərbaycan ideyası” və “Azərbaycana muxtariyyət” şüarı İranda böyük narazılığa səbəb olur. 1918-ci il mayın 27də Gürcüstanda Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını (AMŞ) yaradır. Elə həmin il mayın 28-də M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycan İstiqlalını elan edir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökuməti təşkil edilir. Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu 1918-20-ci illərdə M.Rəsulzadə dövlətin güclənməsi yönündə fəaliyyət göstərir. 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən rus-erməni hərbi birliklərindən azad edilir və paytaxt olur.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı istila edəndən sonra təqib və həbslərə məruz qalır, daha sonra Moskvaya aparılır və bir müddət burada nəzarət altında yaşayır.

1922-ci ildə Finlandiyaya, oradan isə Türkiyəyə mühacirət edir. Ömrünün sonuna kimi, yəni 1955-ci il martın 5-nə kimi müxtəlif xarici ölkələrdə yaşamağa məcbur olur və Azərbaycan uğrunda mübarizəni son nəfəsinə kimi davam etdirir.

Ana səhifəXəbərlərMüxalifət M.Rəsulzadənin 131 illiyini Novxanıda qeyd edib