Müsavat Partiyasında keçirilən tədbir

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Müsavat Partiyasında keçirilən tədbir

“Müxalifət iki pis seçim arasındadır”

“Pulsuzluğa, xəyal qırıqlığına baxmayaraq seçkilərdə iştirak daha faydalıdır”

Müsavat Partiyasının təşəbbüsü ilə dekabrın 3-də gələn il gözlənilən parlament seçkilərində iştirak edib-etməmək mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin aparıcısı olan partiya başqanı Arif Hacılı Milli Məclisin buraxılmasının müxtəlif səbəbləri olduğunu deyib:

“Bu sırada hakimiyyət daxilindəki ziddiyyətlər əsas rol oynayıb. Dövlət başçısı son çıxışlarında da hakimiyyətdaxili ziddiyyətlərin olduğunu bildirmişdi. İkinci səbəb odur ki, hakimiyyət cəmiyyətin seçkilərə köklənməsinə imkan vermək istəmir”.

“Seçki qaydaları heç olmasa 2005-ci il seçkiləri dövründəki qaydalara uyğunlaşdırılmalıdır”

Arif Hacılının sözlərinə görə, mövcud seçki qanunvericiliyi ilə normal seçkilərin keçirilməsi qeyri-mümkündür:

“Çünki qanunvericiliyə əsasən seçki kampaniyasının müddəti 2 ay, təbliğat kampaniyasının müddəti isə 23 gündür. 2015-ci il parlament seçkilərində 4 dəqiqəlik efir vaxtı belə ləğv olundu və debatların qarşısı bu yolla alındı. Seçki komissiyaları tam şəkildə hakimiyyətin nəzarətindədir, yəni hakimiyyət saxta seçkilərin keçirilməsi üçün bütün mexanizmlərə malikdir. Bizim tələblərimizdən biri proporsional seçki qaydasının bərpasıdırsa, digəri seçki qaydalarının heç olmasa 2005-ci il seçkiləri dövründəki qaydalara uyğunlaşdırılmasıdır”.

Arif Hacılı seçkilərin boykot edilməsinin müxalifətin strateji seçimi olmadığı qənaətindədir:

“Sadəcə, hakimiyyət müxalifəti seçkiləri boykota məcbur edir. Hazırda biz ciddi sual qarşısındayıq. Bəziləri seçkilərdə iştirak, bəziləri isə boykot tərəfdarlarıdır. Hər ikisinin üstün və mənfi tərəfləri var. Mən ən düzgün qərarın bütün siyasi qüvvələrin vahid qərarında görürəm. Amma bunun mümkün olmayacağı sezilir”.

“Bu sualın cavabı müsbət olacaqsa, prosesə qatılmaq lazımdır”

Azərbaycan Haqq Ədalət Partiyası Təşkilat Komitəsinin sədri, sabiq səhiyyə naziri Əli İnsanov hakimiyyətin parlamenti buraxmaq qərarının gözlənilən olduğunu söylədi:

“Çünki vəziyyət bütün sahələrdə getdikcə ağırlaşdığından hakimiyyət təhlükəni Milli Məclisdən görür. Baxmayaraq ki, oradakılar təyin olunublar, seçilməyiblər. Amma hakimiyyət onların mövqeyini bilir. Bu adamlar gözlənilən ən ağır vəziyyətdə fərqli mövqe nümayiş etdirə bilərlər. Son vaxtlar İlham Əliyevin istefa verəcəyi barədə müxtəlif fikirlər yayılır. Mən açıq deyirəm, Heydər Əliyevin doğmaları və yaxınları onun istefasını istəmir. Şübhə etmirəm ki, İlham Əliyev bunu hamıdan çox istəmir. Sadəcə, kənar güclər Azərbaycanı itirməkdən qorxuqlarından belə manipulyasiyalar aparırlar”.

Əli İnsanov ölkədə iqtisadi çöküş gözlənildiyini iddia edib:

“Gələn ildən də xarici borcların qaytarılması gündəmə gəlir və Dövlət Neft Fondu da kömək edə bilməyəcək. Belə olduqda əhalinin kasıblaması sürətlənəcək. Hakimiyyətə xaricdən məsləhət verənlər, belə vəziyyətdə müxalifətin güclənəcəyi siqnalını verirlər. Nəhayət, İlham Əliyev gözün aydın, biz də müxalifətə gəlirik. Bəli, mən bu gün müxalifətdəyəm”.

Əli İnsanov seçkilərə qısa zaman qaldığını xatırladaraq bildirdi ki, rəhbərlik etdiyi partiya üzvləri daim təzyiq altındadır və izlənilirlər və onlar geri çəkilmir:

“Ancaq vəziyyət belədir. Söz azadlığı, sərbəst toplaşmaq azadlığı olmayan ölkədə seçkilərə hazırlıq necə gedəcək? Mövcud seçki qanunvericiliyi demokratikləşməlidir. Hər halda biz şansımızı müəyyənləşdirməliyik. Elə etməliyik ki, prosesə qatılmağımızla hakimiyyətin saxta seçkisini legitimləşdirməyək. Mən istəyirəm ki, seçkilərdə iştirakla biz parlamentə gələ bilək. Bu sualın cavabı müsbət olacaqsa, prosesə qatılmaq lazımdır. Əks təqdirdə, bunlara növbəti şans verməyi məqbul saymıram”.

"Elə etməliyik ki, prosesə qatılmağımızla hakimiyyətin saxta seçkisini legitimləşdirməyək".

"Elə etməliyik ki, prosesə qatılmağımızla hakimiyyətin saxta seçkisini legitimləşdirməyək".

Mənbə: Foto: sosial şəbəkə

“Seçicilər gəlib səs verdilər, bəs ondan sonra nə olacaq…?”

“Bizim mövqe ondan ibarətdir ki, heç olmasa xalqın inamını cücərtən seçki şərti mühiti olsun. O zaman biz seçkiyə qatıla bilərik. Heç olmasa, qolumuzun biri açıq olsun”.

Bu açıqlamanı isə AXCP sədrinin müavini Seymur Həzi səsləndirib. O, sual edib ki, seçicilər gəlib səs verdilər, bəs ondan sonra nə olacaq:

“Əgər müşahidəçilərimizin protokolu saymaq imkanı, yaxud komissiyalarda təmsilçiliyimiz yoxdursa, biz haqqımızı kimdən tələb edəcəyik. Ona görə də seçkidə iştirakdan danışmaq tezdir. Kim iştirak edəcəksə, uğurlar arzulayırıq. Heç bir seçki tamaşasında və imitasiyasında da iştirak fikrimiz də yoxdur”.

“Yeganə yol seçkidə iştirak dalğasına nail olub dəyişiklik yaratmaqdır”

ReAL Partiyasının sədrinin müavini Natiq Cəfərli bildirib ki, hakimiyyət müxalifətin seçki ilə bağlı tələblərini yerinə yetirməyəcək:

“Biz də özümüzdən nə asılıdır, onu müzakirə etməliyik. Amma seçki tələbləri daim gündəmdə qalmalıdır. Bu tələblərin yerinə yetirilməsi üçün hakimiyyətə gəlməliyik. Əsas hədəfimiz hakimiyyətin seçki senarisini pozmaqdır. Əgər siyasi qüvvələr boykota gedəcəklərsə, bunun yerli və xarici ictimaiyyətə xeyri olacaqmı, suallar budur. Boykota getməklə legitimlik olması ilə bağlı 25 ildə çox nağıllar eşitmişik. 2018-ci il seçkilərindən bir həftə sonra İlham Əliyev Londondaydı, sonra başqa səfərlər oldu. Bəs harda qaldı legitimlik problemləri? Hakimiyyətin bir istəyi var, xalq seçkiyə getməsin, onda daha rahat saxtalaşdıra bilirlər. Ötən 25 ildə xalqın daha fəal qatıldığı seçki 2003-cü il seçkiləri olub və hakimiyyət həmin seçkini saxtalaşdırmaq üçün çox zülm çəkdi. İndi də hakimiyyət xalqın seçkiyə gəlməməsini istəyir. Biz də boykota çağırsaq, hakimiyyət rahat saxtalaşdırma aparacaq. Yeganə yol seçkidə iştirak dalğasına nail olub dəyişiklik yaratmaqdır, başqa variant yoxdur. Azərbaycan yolayrıcındadır. Ya neomonarxik rejim qurulacaq, ya da respublika yaranacaq. Gözlənilən seçki də bir şansdır və seçim bizdən asılıdır”.

“…Mənim pulum yoxdur”

Siyasi icmalçı Hikmət Hacızadə seçkidə iştirak etməyin tərəfdarı olduğunu dedi. Hikmət Hacızadə bu mövqeyə gəlməyin səbəbini sosial şəbəkələrdə əksəriyyətin seçkidə iştirakın tərəfdarı olması ilə əlaqələndirib:

“Hiss olunur ki, insanlar seçkidə iştirakın tərəfdarıdır. Mən gənclərin seçkidə iştirakının tərəfdarıyam, özümün səhhəti imkan vermir, həm də pulum yoxdur”.

“Vəziyyətlə barışaqmı?”

Siyasi icmalçı Nəsimi Məmmədli cəmiyyət və siyasi qüvvələrin dilemma qarşısında olduğu qənaətindədir:

“Ölkədə demokratik seçkilər üçün müstəvi qapadılıb. Bu, beynəlxalq təşkilatların hesabatlarında da ifadə olunub. Eyni zamanda, sərbəst toplaşmaz azadlığına da imkan verilmir. Bu gedişatda narazılıq artır və proses yaxşılığıa doğru getmir. Müxalifət iki pis seçim arasındadır: biri seçkinin boykotudur, ikincisi seçki adına imitasiyaya qatılmaqdır. Seçkinin boykotu hüquqi nəticə doğurmur, siyasi nəticəyə də nail ola bilmirik. Seçkidə iştirakdan da siyasi-hüquqi nəticə əldə etmək çətin olub, çünki mandatı hakimiyyət verib. İndi sual yaranır, vəziyyətlə barışaqmı, ya yox. Etiraf edək ki, cəmiyyət də istədiyimiz proseslərə hazır deyil. Hesab edirəm ki, müxalif qüvvələr prosesdə hansı formada iştirak etmək istəyirsə, qoy, elə də olsun. Onsuz da sosial şəbəkələrin olduğu dövrdə heç nəyi gizlətmək mümkün deyil. Çalışmaq lazımdır ki, müxalifətdaxili qarşıdurmalar yaranmasın”.

"Vəziyyətlə barışaqmı?"

"Vəziyyətlə barışaqmı?"

Mənbə: Foto: sosial şəbəkə

“Şəxsən mən qatılaram”

Sabiq deputat Pənah Hüseyn hesab edir ki, etirazçı sosial bazasının mövqeyini ifadə edən Milli Şura və AXCP çox böyük ehtimalla seçkilərə qatılmayacaq.

Pənah Hüseyn təklif edib ki, müxalifət indiki vəziyyəti xarakterizə edən sənəd hazırlamalıdır. Yəni azad və ədalətli seçki keçirmək mühiti varmı sualına cavab verən sənəd:

“Sənəddə seçkilərdə iştirak edənlərin və etməyənlərin mövqeyi ifadə olunmalıdır. Mənim mövqeyimə gəldikdə, indi nə edək, hakimiyyətə irəli sürülən təkliflərdən birini saxlayaq, məsələn, seçki komissiyaları. Venesiya Komissiyasının təkliflərini yada salın. Komissiyalarda paritet olmasa, heç olmasa, üçdə bir şəkildə formalaşsın. Əgər hakimiyyət bu sahədə dəyişiklik etsə, seçkiyə qatılmaq olar. Şəxsən mən qatılaram”.

“Seçkidə iştirak daha faydalıdır”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər partiya məclisinin qərarına tabe olacağına söylədi:

“Amma açıq şəkildə mövqeyimi deməliyəm. Qərarların arasında ən ziyanlısı “seçkiləri boykot edirəm” deyib kənara çəkilməkdir. Bu iqnordur, boykot deyil. İqnor edib, Azərbaycanı yox, özümüzü qoruya bilərik. Ona görə seçkidə iştirak daha faydalıdır. Bütün pulsuzluğa, nəticəsizliyin yaratdığı ümidsizliklərə, xəyal qırıqlığına baxmayaraq seçkilərdə iştirak daha faydalıdır. Seçkidə iştirak bu institutun ölməsinə imkan verməmək üçün bir cəhddir, demokratik düşərgəni toparlamaq üçün lazımdır, saxtakarlığı ifşa etmək üçün şansdır”.

İsa Qəmbər Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra 24 dəfə ümumxalq səsverməsi keçirildiyini xatırlatdı:

“Bunlardan 12-i boykot olunub, 12-ində isə iştirak etmişik. Ona görə də növbəti seçkilər haqda qərar iki mövqedən birinin üstünlüyünə rəvac edəcək. Bunlardan yalnız 1992-ci ilin prezident seçkiləri demokratik keçirilib. Ümumiyyətlə, son 25 ildə seçkiyə münasibətdə AXCP və Müsavat eyni mövqedən çıxış edib. Bir tərəfdən müttəfiq, bir tərəfdən rəqib olmuşuq. Üçüncü qüvvələr də olub, 90-larda AMİP, sonra ADP, ində də ReAL Partiyasıdır. Kiminsə xoşuna gəlsə də, gəlməsə də hələlik Müsavat və AXCP-in missiyası davam edir. Burdan gəldiyim nəticə odur ki, seçkilərdə iştirak özü-özlüyündə hakimiyyətə satılmaq deyil, eyni zamanda, boykot etmək də xəyanət kimi qiymətləndirilə bilməz. Amma seçkilərdə iştirakla da hakimiyyətə xidmət mümkündür, boykot qərarı ilə də”.

Turan İnfomasiya Agentliyinin direktoru Mehman Əliyev seçkilərə getməyin tərəfdarı olduğunu dedi:

“Birinci namizədlər müəyyənləşməlidir. Ardınca imzatoplamaq, təbliğat kampaniyalarında aktiv iştirak etmək lazımdır. Proses cəmiyyət üçün yeni mərhələ açacaq. Biz hazırda dəyişikliklər dövrünü yaşayırıq, ona görə seçkidə iştirak lazımdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mtdpr0

Ən çox baxılan