Müxalifət Aydın Mirzəzadəyə cavab verdi

Sərdar Cəlaloğlu: ”YAP-ın idarəetməyə heç bir aidiyyatı yoxdur, bu partiya bir şirmadır”

Natiq Cəfərli: ”Bugünkü vəziyyətin ehtimallarını 2 il 7 ay əvvəl təkliflər paketində yazmışdıq”

Source:


Sərdar Cəlaloğlu: ”YAP-ın idarəetməyə heç bir aidiyyatı yoxdur, bu partiya bir şirmadır”


Natiq Cəfərli: ”Bugünkü vəziyyətin ehtimallarını 2 il 7 ay əvvəl təkliflər paketində yazmışdıq”

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətdən iqtisadi məsələlərlə bağlı təklif gözlədiklərini söyləyib. YAP-çı bu barədə modern.az-a deyib ki, hakimiyyət istənilən məsələyə dair müzakirə apara bilər.

“Heç bir təklif, heç bir müraciət diqqətsiz qalmır. Siyasi yönümündən asılı olmayaraq, istənilən təklif həmişə müzakirə mövzusudur. Əgər müxalifət ölkənin qarşısında duran problemlərlə bağlı, günün tələbinə cavab verən və hər hansı məsələnin həllinə yönələn təkliflər verərsə, problem olmadan həmin təkliflər qəbul da edilə bilər. Azərbaycan hakimiyyəti cəmiyyətin bütün təbəqələri ilə istənilən məsələlərin müzakirəsinə hər zaman hazırdır”.

Meydan TV deputat Aydın Mirzəzadənin açıqlaması ilə bağlı ADP və ReAL Siyasi Hərəkatına müraciət edib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə hökumətin siyasətini müəyyən edəcək şəxs deyil: “Tutaq ki, mən ona təkliflərimi göndərdim, məgər, o, İlham Əliyevə, Nazirlər Kabinetinin rəhbərliyinə nəsə deyə biləcəkmi? Yaxud YAP-ı götürək, bu partiya hökumətin siyasətini müəyyən edirmi? YAP-ın bizim dediklərimizi başa düşmək imkanlarını olsaydı, elə özləri təklif hazırlayardılar da. İkinci, YAP-ın idarəetməyə heç bir aidiyyatı yoxdur, bu partiya bir şirmadır. Bizə hökumətin münasibəti lazımdır. Əgər hökumət üzvləri böhrandan çıxmaq üçün konkret ddım atmaq istəyirlərsə və təklif gözləyirlərsə, təkliflər paketi verə bilərik”.

Sərdar Cəlaloğlu Aydın Mirzəzadənin açıqlaması ilə tanış olduğunu deyir: “Onun söylədiklərini oxuduqca, bir nəticəyə gəlirsən ki, hakimiyyət böhran bataqlığından çıxmaq istəmir və 20 il apardıqları siyasəti davam etdirmək niyyətindədirlər. Halbuki, bu siyasətin nəticəsi çox acı olur”.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli ölkənin siyasi-iqtisadi vəziyyəti ilə bağlı təkliflər paketini 2013-cü ilin mayında mətbuat vasitəsilə hökumətə təqdim etdiklərini dedi.

“ReAL hərəkatı yeganə təşkilatdır ki, mövcud vəziyyətə uyğun təkliflər paketini hazırlayıb, iqtisadi-siyasi vəziyyətin hansı istiqamətdə olduğunu 2 il 7 ay əvvəl təklif etmişdik. Hətta biz bugünkü yaranan vəziyyətin ehtimallarını 2 il əvvəl təkliflər paketində yazmışdıq. Təkliflər paketində neftdən asılılığın azalması, siyasi-iqtisadi islahatlar, yerli özünüidarəetmə, məhkəmə sistemi barədə hərtərəfli qeydlər vardı. Təəssüf ki, 2 il 7 ay ötməsinə baxmayaraq YAP və hökumət təkliflərə reaksiya verməyib və müzakirələr də aparmayıb. Sadəcə, MTN-nin ləğv olunaraq iki komitəyə çevrilməsi barədə o zaman təklif etmişdik ki, bu qərarı da məcburiyyət qarşısında verdilər. Digər təkliflər yerində qalır və istifadə edə bilərlər”.

Natiq Cəfərli yeganə şərtlərinin siyasi məhbus probleminin həll olunması olduğunu bildirdi: “Çünki ReAL sədri İlqar Məmmədov 3 ildir hakimiyyətin girovudur. Bütün siyasi məhbuslar azad olunmalı və ölkədə siyasi gərginlik azaldılmalıdır. Bundan sonra düşünən insanlar bir yerə toplaşıb antiböhran tədbiri hazırlamalıdır. Amma yenə də son qərar hakimiyyətdən asılıdır”.

Ana səhifəXəbərlərMüxalifət Aydın Mirzəzadəyə cavab verdi