Müvəqqəti ölüm

Eltonla sağollaşıb 14 nömrəli kamerama qayıtdım

Source:

Görüş

Sakitlik idi. Dörd divar arasında insan üçün sakitlik ölümün xüsusi bir növünə bənzəyir. Müvəqqəti ölüm. Divarların o tayında yaşayan insanlar səni görə bilmirlər, səninlə danışa bilmirlər. Öləndə də belə bir hal baş verir. Basdırılırsan və sən yoxsan. Həbs olunursan və sən çoxları üçün yoxsan. Səninlə rabitə tam itir. Sakitlik.

İkimərtəbəli yatağın ikinci mərtəbəsində uzanıb barmaqlıqların yaratdığı bir neçə dənə göy kvadratlara sakitcə baxırdım. Buludlar bir-birini ötərək bu kvadratları ötüb keçirdilər. Fikirlərim məni çox uzaqlara, Fransaya aparırdı. O gün “The Fall” əsərini oxuyub bitirmişdim və əsərdə yaradılan fransız vəkilinin obrazı beynimdə fırlanırdı.

Saçları ağarmış, yarım əsrdən çox bu dünyada yaşamış, ədəbiyyatı və qadınları bilən və sevən, yaxşı şəraba heç vaxt yox deməyən, həyatda heçnədən təəccüblənməyən, işini bilən, hər zaman əzilənin və məzlumun yanında olmağı özünə borc bilən, ədalət və həqiqət axtarışını öz həyatının missiyası kimi qəbul edən həmən vəkilin hekayəsi, fəlsəfəsi və fikirləri haqqında düşünürdüm.

Birdən koridorda getdikcə daha aydın eşidilən və mənim kamerama tərəf yaxınlaşan addımların səsi diqqətimi cəlb etdi. Səs kəsildi və bir neçə saniyədən sonra kameramın qapısı dəmirlərin bir-birinə dəyən səs-küylü sədaları altında açıldı.

– Görüşə

– Vəkildi?

– Hə.


Dörd divar arasında qalanda insanı əvvəllər həyəcanlandırmayan hallar burda çox asanlıqla həyəcanlandıra bilirdi. Bu yeni kəşf etdiyim həyəcanlardan biri də görüş idi. Hər dəfə vəkillə görüşə gedəndə həyəcanlanırdım, sevinirdim. Gedirdim başqa bir dünyada yaşayan bir insanla görüşə. İstəyirdim ki, o mənə o dünyada baş verənlər haqqında danışsın. Onun danışdıqlarına hər dəfə bir nağıl kimi həyəcanla qulaq asırdım. Ona həmişə zarafatla müqəddəs Toni deyərdim. Onun tələbə vaxtından çox yaxın dostu olan İsaxan da onu belə çağırardı. Mən bu ifadəni ondan oğurlamışdım. Elton ölkədə ən tanınan vəkillərdən biri idi və mən həbs edilən gündən bir ümumi dostumuzun xahişi ilə vəkilim olmuşdu.

Elton həftədə 2-3 dəfə Təcridxanaya gəlirdi. Hər gələndə günün hardasa yarısını mənimlə görüşdə keçirirdi. O həyatında müxtəlif və saysız hesabsız insanları məhkəmədə müdafiə etmişdi. Həmişə mənə biraz Kamyunun əsərindəki həmən o fransız vəkili xatırladırdı. Elton bir çox mövzularda ironiya ilə danışmağı çox sevirdi və bir dəfə mənə öz işi haqqında belə bir həqiqəti dedi:

– Bu ölkədə qanunlar işləmir. Bəzən mən özümü bu ölkədə vəkil kimi yox, poçtalyon kimi hiss edirəm. Vəkilin siyasi məhbuslara ən real köməyi onlara məktub daşımaqdır. Bu ölkədə bütün vəkillər əslində poçtalyondurlar.

Siqaret çox çəkirdi. Bir siqaretin arxasınca rahatlıqla ara vermədən növbəti siqaretini yandırıb çəkə bilirdi. Maraqlı və dərin söhbətlər edərdi. Tez-tez söhbət jurnalist və onun dostu Elmar Hüseynovdan düşərdi. Bu görüşdə də söhbət Elmardan düşdü. Elmarın qətlinin il dönümü idi.

– Elmar bu ölkənin Prezidenti ola biərdi, amma onu öldürdülər.

Bu görüş zamanı havada elə bil ki, hansısa bir ağırlıq var idi. Bu ağırlıq mənə çox tanış idi. Elmarın öldürüldüyü gün mən eyni ağırlığı hiss etmişdim. Elmarın qətlində yalnız özlərini günahkar hesab edə bilənlər mənim hansı ağırlıqdan danışdığımı hiss edə bilərlər. Elmar tək idi. Mən o zaman çox rahat bir həyat sürürdüm və düşünmürdüm ki, söz azadlığı uğrunda, ölkədə siyasi dəyişikliklər uğrunda mübarizə aparmaq mənim borcumdur. O zaman onun cəsarətli yazılarını oxuyanda düşünürdük ki, bu yalnız onun işidir və borcudur. Mənim kimi düşünən millyonlarla insanar var idi və bu gündə var. Mən əminəm ki, Elmarı elə biz, bizim düşüncəmiz və bizim laqeyd yanaşmamız qətlə yetirdi. Qatil mənəm və bu cəmiyyətin tam əksəriyyətinin bu qətldə günahı var. Bunu anlamaq və hiss etmək çox ağrılıdır. Çoxları çalışırlar bu barədə sadəcə düşünməsinlər.

Eltonla sağollaşıb həmişəki kimi nəzarətçilərin müşahidəsi altında 14 nömrəli kamerama qayıtdım. Kameraya girib öz yerimdə sakitcə uzandım. Sakitlik idi.

Ana səhifəMənim FikrimcəMüvəqqəti ölüm