Müttəfiqlərin “Genosid” zədəsi

Bütün Yaxın Şərqdə hələ ki tək güc olan və isti dənizləri tarixdəki ən zəif zamanında qanı bahasına hifz etmiş Türkiyə ilə münasibətləri korlamaq sadəcə Trampın seçki maraqlarına xidmət edə bilər.

Seymur Həzi, Foto:: Meydan TV


ABŞ Türkiyəyə vurduğu zərbədən özü də ziyan çəkəcək

Bu yaxınlarda ABŞ senatı uzun illər udqunandan sonra nəhayət, boğazındakı sümüyü uddu. Söhbət 1915-ci ildə Osmanlı tərəfindən ermənilərə soyqırım törədilməsinə dair iddianın bu parlament tərəfindən necə tanınmasından gedir. Amma onu həzm edə biləcəkmi? Demək çətindir. ABŞ prezidentləri uzun illərdir bu bu iddanın anım günü hesab edilən 24 apreldə “soyqırımı” ifadəsini işlətməkdən çəkiniblər. Çəkiniblər ona görə ki, baş vermiş olay soyqırımıdırsa, onun sübutları beynəlxalq məhkəmə orqanlarda tərəfsiz mütəxəssislər tərəfindən arşdırılmayıb. Üstəlik, Türkiyə kimi bir ölkə ilə bu cür qondarma iddiaya görə münasibətləri korlamaq heç başadüşülən olmazdı. Necə ki, başa düşülən deyil. Faktiki olaraq Osmanlı dövründə baş verdiyi iddia olunan olayların Türkiyə Cümhuriyyətinə bir aidiyyatı varmı? Ümumiyyətlə, belə bir iddianı təsdiqləmək üçün siyasi qərar nə qədər obyektiv ola bilər? ABŞ senatı bu qərarı hansı tarixi araşdırmalar nəticəsində verib və buna gələcək qarşısında nə ilə haqq qazandıracaq? Suallar çoxdur. Ancaq biz bir neçəsi ilə kifayətlənə bilərik. Çünki, necə deyərlər, dənizin suyunun duzlu olmasını bilmək üçün onun hamısını içməyə ehtiyac da yoxdur. Bir damlasını dadmaq yetir. ABŞ isə həqiqətən qlobal dövlət iddialarını baltalamaqla məşğuldur.



Özü özünə edənə…

Hələ erməni “soyqırımı” məsələsinə gəlincə, ABŞ hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Bunun ardından Suriya ilə İsrail arasında mübahisəli olan Qolan təpələrini də İsrailin ərazisi kimi tanıdı. Bu qərarları verərkən ABŞ Avropa Birliyi və ərəb ölkələrinin bir çoxu, ümumilikdə müsəlman dünyası ilə, ən başlıcası BMT ilə münasibətlərinə yenidən baxmış oldu. Tramp adminstrasiyası əslində belə bir rəy yaratmaq istəyir ki, ABŞ artıq qlobal qurtarıcı obrazında bir dövlət olmaq istəmir və o, öz dostları ilə bir “lager”də qalmaqla kifayətlənmək yolu tutub. Bu zaman isə Türkiyəyə qarşı qəbul edilən qərar yada düşür. Kimdir ABŞ-ın dostu, NATO-nun ikinci güclü silahlı qüvvələrinə malik Türkiyəmi? Yoxsa Rusiyanın faktiki peykinə çevrilmiş Ermənistanmı? Deyəcəksiniz ki, ABŞ-da bir çox seçkinin taleyinə təsir edə bilən erməni lobbisi. O zaman bəs harada qaldı ABŞ xalqının və dövlətinin maraqları? Görünən budur ki, Tramp onsuz da pis vəziyyətdə olduğunu bilir və ABŞ xalqından səs ala bilməyəcəyini anladığından yəhudi və erməni lobbisinə reveranslar edir ki, ona növbəti dövrdə yardımçı olsunlar. Bu qədər bəsitmi?

Bütün Yaxın Şərqdə hələ ki tək güc olan və isti dənizləri tarixdəki ən zəif zamanında qanı bahasına hifz etmiş Türkiyə ilə münasibətləri korlamaq sadəcə Trampın seçki maraqlarına xidmət edə bilər. Bəs Senat? Nə düşünüb bu çoxluq?

Rusiya ilə yaxınlaşmaq, ABŞ dan uzaqlaşmaqdırmı?

Ola bilsin Ağ Evdə belə düşünürlər ki, Rusiya ilə strateji sazişlər imzalayan Türkiyə xüsusilə silahlanma məsələsində artıq Qərbin müttəfiqi deyil. Ancaq bu məslədə Türkiyəni çətin duruma salan elə F35 təyyarələrinin birgə layihəsindən Türkiyəni kənarda qoyan ABŞ özü deyilmi? Ola bilsin ki, Türkiyə dövlətinin hazırki imici yerində deyil. Həbsxanalarda xeyli jurnalist, müəllim, hərbiçi var və bunların əksəriyyəti siyasi motivlərlə içəridədir. Ancaq ABŞ kimi praqmatik bir dövlətin stratejisində bu faktor rol oynasaydı, onda gərək Səudiyyə Ərəbistanına “milçəkvuran” satmayaydı. Türkiyənin indiki hakimiyyəti də bir çox halda ölkənin strateji maraqlarını özlərinin şəxsi maraqlarına qurban verən addımlar atdıqları üçün bu vəziyyətə xüsusi şərh vermək çətin olur. Nədən ki, Ərdoğan ölkənin imicini sivil standartlardan xeyli uzaqlaşdırıb və bu, ABŞ-la münasibətdə “feto” dartışmalarında baş verib. Kim haqlıdır? Bunu ancaq və ancaq bu işin təşkilatçıları bilir. Amma bu fakdır ki, Ərdoğana sui-qəsti təşkildə ittiham olunan Fətullah Gülən ABŞ-dadır. Onun tərəfdarları olan və ya elan olunan şəxslər isə həbsxanalarda. Bu faktorun ABŞ senatından çıxan qərara təsir etmədiyini düşünmək isə düz olmazdı.



İki həqiqət bir hüquq

Fakt budur ki, bir neçə il Ankara hökuməti ilə Osmanlı sultanlığı paralel yaşayıb və bir-birinə qarşı olub. Necə ola bilər ki, indi Osmanlı zamanında baş verdiyi iddia olunan olayda Ankara hökuməti cavabdeh olsun? Üstəlik, bütün Rusiya və Qərb arxivləri bu iddianın üstünə su səpirsə. Bu iki həqiqət Türkiyəyə bir hüquq verir ki, bu cür qərarları tanımaq haqqında düşünməsin. Çünki bu, sadəcə xırda erməni məsələsini ortaya atmaqla böyük strategiyalardan diqqəti yayındırmaq cəhdidir.

Ana səhifəXəbərlərMüttəfiqlərin “Genosid” zədəsi