Rövşən Hacıbəyli

Mənbə: meydan tv

Başlıq: Rövşən Hacıbəyli

Müstəqillik əleyhinə səs verənlərə müstəqil ölkənin 100 illik yubiley medalı

Sanki bu medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir, harda gəldi, təltif edir

İki gündür sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalıdır. Qızğın müzakirə səbəbsiz deyil. Ölkə kiçik, az qala hamı bir-birini tanıyır. Kimlərin hansı yolda, hansı ideyaların daşıyıcısı olduğu çoxlarına bəlli. Medal təsis olunanda onun kimlərə veriləcəyi “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləndə layihədə yazılmışdı. Layihə də Milli Məclisdə başqa bütün qanunlar kimi, yəni dəyişiklik edilmədən, qəbul olunmuşdu. Orada yazılmışdı:

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaq”.

rəsmi media

rəsmi media

Mənbə: meydan.tv

Ancaq yayılan xəbərlər, həmişə olduğu kimi, yubiley medalı ilə bağlı ciddi qanun pozuntusundan xəbər verir. Məsələn, ötən il milli öndərimiz Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputat Naqif Həmzəyevə də bu medal verilib. Narazılıqlar, sosial şəbəkələrdə etirazlar da ondan sonra başlayıb. Əslində bu medal ona deputat mandatına görə verilib. İlham Əliyevin 3 iyul 2019-cu ildə imzaladığı, ancaq nədənsə www.president.az saytında yerləşdirilməyən sərəncamıyla "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)" yubiley medalı bütün deputatlara verilib. Maraqlıdır ki, prezidentin bütün fərman və sərəncamları, görüşləri, səfərləri ilə bağlı məlumatları “Rəsmi xronika” bölməsində dərc edən “Azərtac” da bu sərəncamı yaymayıb. Bu sərəncamdan saytlar və qəzetlər Səməd Seyidovun vasitəsilə xəbər tutub. O, iyulun 3-də özünün “Facebook” səhifəsində aldığı medalın şəklini paylaşıb. Saytlar da Səməd Seyidovun səhifəsindən bu xəbəri götürüb; öz qeydləri ilə paylaşıb: “Sərəncamın mətni yaxın saatlarda yayılacaq”. İyulun 11-dən medalı paylamağa başlayıblar, həm də təkcə deputatlara yox, QHT təmsilçilərinə, baş redaktorlara, hələlik adlarını bilmədiyimiz müxtəlif adamlara. “Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğluna hətta bu medal iki dəfə təqdim olunub.

Ortada rəsmi sərəncam yox, qürur yerimiz olan AXC-nin 100 illiyi ilə bağlı təsis edilən medalın veriləcəyi adamların adı dəqiq bilinmir, sanki bu medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir, harda gəldi, təltif edir. Məsələn, deputatlardan biri bu medalın ona köməkçisi vasitəsilə göndərilməsindən narazılığını bildirib. Adam haqlıdır. Prezident sərəncam veribsə, sərəncam rəsmi sənəd sayılır, medal da rəsmi qaydada təqdim olunmalıdır. Yoxsa medalı bir yerdə Vüqar Səfərli, başqa yerdə Əli Həsənov, yəqin, bir başqa yerdə Əflatun Amaşov, ola bilsin, Azay Quliyev və başqaları təqdim edir. Sovetdənqalma keçidin təmirdən sonrakı açılışına gələn, hansısa yolun 10-15-ci kilometrinin lentini kəsən, bələdiyyə sədrinin görəcəyi işi boynuna götürən Prezident bu medalı sahiblərinə verməkdə maraqlı olmayıb. Bu medal o qədər gərəksiz, əhəmiyyətsiz sayılıb ki, onunla bağlı sərəncamı da, yuxarıda yazdığımız kimi, rəsmi olaraq yaymayıblar. Bəlkə, utanıblar?!

rəsmi media

rəsmi media

Mənbə: meydan.tv

Üstəlik, Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə səs vermiş deputatlar - Arif Rəhimzadə, Eldar İbrahimov, Zeynəb Xanlarova, Mixail Zabelin, Madər Musayev və başqaları da bu medalla təltif olunub.

Faciələrimiz bitmir ki bitmir...

olaylar.az

olaylar.az

Mənbə: meydan tv

Səməd Seyidova verilən medalın vəsiqəsi

Səməd Seyidova verilən medalın vəsiqəsi

Mənbə: Meydan .tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/391lzx

Ən çox baxılan