Müstəntiq məmurun qətli ilə bağlı sübutu məhv edib

Füzuli İsgəndərovu öldürməkdə təqsirləndirilən həyat yoldaşı Xalidə İsgəndərovanın məhkəmə prosesi keçirilib

Source:


Füzuli İsgəndərovu öldürməkdə təqsirləndirilən həyat yoldaşı Xalidə İsgəndərovanın məhkəmə prosesi keçirilib

Avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovu öldürməkdə təqsirləndirilən həyat yoldaşı Xalidə İsgəndərovanın məhkəmə prosesi keçirilib.

Meydan Tv-nin məlumatına görə, iclasa hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə cinayət işində olan bir sıra sənədlər elan edilib.

Məhkəmə iclasında məlum olub ki, cinayət işini araşdıran müstəntiq qətlin baş verdiyi evin yaxınlığında tapılan maskanı sübutlar siyahısından çıxarıb.

X. İsgəndərovanın vəkilləri isə buna etiraz ediblər. Bildiriblər ki, əgər müstəntiq həmin maskanı sübut olaraq qəbul etməsə belə, onu məhv etmək hüququna malik deyil: “Sübutun məhv edilməsi özbaşınalıqdır. Həmin maska bizim üçün böyük əhəmiyyət kəsb edir”.

İclasda X.İsgəndərova ilə qətlə yetirilən Füzuli İsgəndərovun yaxınları arasında mübahisə baş verib. X. İsgəndərova zalda olan F. İsgəndərovun yaxınlarına “Qardaşınızın başını yediniz” deyərək qışqırıb.

Məhkəmə prosesi avqustun 17-də davam edəcək.

F.İsgəndərov 2014-cü ilin sentyabrın 1-də yaşadığı evin qarajında qətlə yetirilib. F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur. X. İsgəndərova həyat yoldaşı F.İsgəndərovun qətlində şübhəli bilinərək həbs olunub.

Ana səhifəXəbərlərMüstəntiq məmurun qətli ilə bağlı sübutu məhv edib