Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycan parlamentində çıxış edib
“Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həll yolu yoxdur".
Azərbaycan Milli Məclisinin oktyabrın 20-də keçirilən plenar iclasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop belə deyib.
TBMM sədri çıxışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını çatdırmaqla başlayıb.
O qeyd edib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir.
Dağlıq Qarabağ münaqişəsindən danışan Mustafa Şentop deyib ki, məsələ həll yolunu tapmadan bölgədə nüfuzunu artırmaq niyyətində olanlar bir gün özləri də yanacaq:
“Ermənistana dayaq olanlar bilməlidir ki, Qafqazda bunu sona qədər davam etdirə bilməzlər. Ermənistan da bilməlidir ki, “böyük qardaşları” onlara sona qədər dəstək olmayacaq”.
TBMM sədri beynəlxalq təşkilatları Qarabağ probleminin həlli istiqamətində fəaliyyətsizlikdə günahlandırıb:
“Artıq beynəlxalq təşkilatlar öz qərarlarını icra etməyə borcludur. Ermənistan BMT-nin qərarlarını heçə saydı. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi. Hətta həmsədrlərdən biri Türkiyə və Azərbaycanı Ermənistana terror hücumu etməkdə günahlandırdı. Vəziyyət belədirsə, Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”.
TBMM sədri bildirib ki, Moskva razılaşmasına baxmayaraq, gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan ordusundan ardına belə baxmadan qaçan ermənilər ancaq mülki əhalini hədəf alır:
“Bütün dünyaya sual edirəm. Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?! Lalsınız? Karsınız? Yoxsa, korsunuz?”
Parlamentin spikeri Sahibə Qafarova çıxışında deyib ki, Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənir:
“Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı zamanı Türkiyənin göstərdiyi mövqe ilə dünya bu qardaşlığa şahid oldu. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu gün Mustafa Şentopun burada olması da bizim qardaşlığımızın nümunəsidir”.