Mustafa Hacıbəyliyə hökm oxundu

Baş redaktor 2 il sınaq müddəti olmaqla 5 il 6 ay şərti cəza aldı

Source:


Baş redaktor 2 il sınaq müddəti olmaqla 5 il 6 ay şərti cəza aldı

Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, “bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyliyə hökm oxunub. Hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, ona iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verillib. M.Hacıbəyli Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə hökm oxunmamışdan əvvəl M.Hacıbəyli çıxış edib. O bildirib ki, haqqındakı cinayət işi qanunsuz və əsassızdır. Sayt rəhbərinin sözlərinə görə, onun vəzifəli şəxs kimi təqdim olunub, vəzifə cinayətlərində ittiham olunması absurddur:

“Mənim nəinki vəzifəm, heç iş yerim yoxdur. Mən necə vəzifəli şəxs oldum? Həm də Konstitusiya Məhkəməsi prokurorluğun sorğusu əsasında vəzifəli şəxslərin çərçivəsini müəyyən edib. Orada jurnalistlər yoxdur”.

M.Hacıbəyli məhkəmədə son sözündə haqqında bəraət hökmü çıxarılmasını, yeddi ay ərzində məruz qaldığı məhrumiyyətlərə görə də ona qarşı qanunsuzluq edənlərin cəzalandırılması üçün xüsusi qərar çıxarılmasını istəyib.

Bildirib ki, bu, onun son sözü deyil:

“Son söz deməyim üçün tezdir. Mən nə qədər yaşayıram, azad sözün tərəfində olacam. Nə qədər sağam, haqq sözümü deməyə davam edəcəm. Rəsulzadənin partiyasının əsgəri olacam və bu əqidədə də mübarizəmi davam etdirəcəm”.

Ana səhifəXəbərlərMustafa Hacıbəyliyə hökm oxundu