Mustafa Hacıbəylinin şikayəti təmin edilməyib

Baş redaktor prokurorluğa çağırılıb

Source:
Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli


Baş redaktor prokurorluğa çağırılıb

Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə “bastainfo.com” saytının bloklanması ilə əlaqədar saytın baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə məkəmə prosesi başa çatıb.

Məhkəmə şikayətində cavabdeh qismində Baş prokurorluq və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi göstərilib.

Prosesdə hakim tərəfləri dinləmədən bloklanmanın aradan qaldırılmaması ilə bağlı qərar elan edib.

Bu barədə Meydan TV-yə məlumat verən Musavat Partiyasının başqanı Arif Hacılı deyib ki, qərardan apelyasiya şikayəti veriləcək.

Onun sözlərinə görə, proses bitəndən sonra Mustafa Hacıbəylini Bakı Şəhər Prokurorluğuna çağırıblar.

“Amma redaktor çağırışın səbəbini bilmir”.

Arif Hacılı baş verənləri Müsavat Partiyasına və şəxsən özünə qarşı təzyiq kampaniyasının davamı hesab edir:

“Azərbaycanın ən prinsipial partiyası olduğundan təşkilatımızın təsir imkanlarının artması, ictimaiyyəti ölkənin maraqları istiqamətində yönəltmək uğurları, mətbuat və informasiya sahəsində mövqeyini ortaya qoyması hakimiyyəti narahat edir. Ona görə təzyiqlər davam edir. Ölkədə müxalif fikir səsləndirən siyasilər, jurnalistlər, ictimai xadimlər hakimiyyətin təzyiqləri altındadır”.

Bu il iyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı hücumla əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı adamları internet vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yaydığını bəyan edib.

E.Vəliyevə qarşı hücum iyulun 3-də baş verib.

“Basta” saytında dərc olunan 3 məqalə ilə bağlı fakt üzrə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanıb, Mustafa Hacıbəyli şahid qismində istintaqa cəlb edilib.

Prokurorluq “bastainfo.com” saytına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Mustafa Hacıbəyli dəfələrlə prokurorluğa çağırılaraq dindirilib. Həmçinin “Basta” saytının əməkdaşları Bakı Şəhər Prokurorluğunda şahid qismində ifadə veriblər.

Mustafa Hacıbəylinin ölkədən çıxışına da qadağa qoyulub.

Ana səhifəXəbərlərMustafa Hacıbəylinin şikayəti təmin edilməyib