“Mən burada şəraitsizlikdə yaşamaq və tənha ölmək istəmirəm”
Kiçikxanım Nəzərova Birinci Qarabağ Müharibəsi başlayandan Ucarın Uşaq Musiqi Məktəbində məskunlaşıb.
O, Füzulinin Horadiz qəsəbəsindəndir. Deyir, müharibənin ilk vaxtlarında Horadiz qəsəbəsi də işğal olunub. Sonradan geri alınıb, ancaq onlar qayıda bilməyiblər. Çünki evləri dağıdılıb:
“Sonradan çox adamın evi tikilib verildi. Guya bizim evi də təmir etdilər. Ancaq yaşanası halda olmadı. Üzdən yaxşı görünürdü, içərisi isə bərbad gündə idi. Çox yazdıq, getdik-gəldik, ancaq bir işə yaramadı. Axırda belə oldu ki, biz evimizə qayıda bilmədik. Elə müharibənin ilk vaxtlarından sığındığımız musiqi məktəbində qaldıq”.
Kiçikxanım Nəzərova deyir ki, əgər evləri normal təmir edilsəydi, yaşanası halda olsaydı, 100 faiz qayıdardılar. Kim istəyər rayonunu, elini-obasını qoyub, başqa bir rayonda məktəb otağında məskunlaşsın?
“Ailə həyatı qurmamışam. Valideynlərimi itirəndən sonra tək yaşayıram. Məktəbdə yaşamaq həm də bu baxımdan çox çətindir. Təsəvvür edin, pandemiya dövrü məktəb də olmadı. Bu boyda binada tək yaşadım. 61 yaşım var, təzyiqim olur, bəzən özümü pis hiss edirəm, bir kömək istəyəcək adam da yoxdur ətrafda”.
Şikayətçi bildirir ki, uzun illərdir yazmadığı dövlət idarəsi qalmayıb. Ancaq onu nə evlə təmin edən olub, nə də Horadizdəki evlərini təmir etdirən:
“Mən əvvəl bu məktəbdə yaşayan tək köçkün deyildim. Məktəbin binasında 10-dan çox ailə məskunlaşmışdı. Sonra onların hamısını köçürdülər, qaldım mən. Axırda Füzuli rayon icra başçısı Alı Alıyev mənə dedi ki, bəs Horadizdəki ata evindən imtina et, sənə Ucarda ev verilsin. Bu qədər köçkünə ev verilib. Onlar Füzulidəki, Cəbrayıldakı, Zəngilandakı, Şuşadakı ata evlərindən imtina ediblər? Özü də mən ata və anamın tək övladı deyiləm axı. Bacı və qardaşlarım var. Mən o mülk üzərində təkbaşına qərar verə bilmərəm. Odur ki, imtina etmədim, nəticədə mənə ev də verilmədi”.
Kiçikxanım Nəzərova deyir ki, 1993-cü ildən bu yana Ucarda köçkünlərin yerləşdirilməsi üçün binalar tikilib. Məsələn, onlardan biri də Ucardakı 5 mərtəbəli 250 mənzilli 6 binadır:
“2019-cu il dekabrın 29-da binalar köçkünlərin istifadəsinə verildi. Mən isə bu hüquqdan qanunsuz və əsassız olaraq məhrum edildim. Bununla əsaslandırdılar ki, sənin Füzuli rayonunun Horadiz qəsəbəsində evin var, gedib orada yaşaya bilərsən. Mən getmək istəyirəm. Füzuli mənim vətənimdir, yox demərəm. Amma o ev yaşanası vəziyyətdə deyil axı, qəzalıdır. Heç kim də təmirini, yenidən qurulmasını və s. boynuna götürmür. Mən indi qalmışam çox ağır durumda. Nə edim, bilmirəm”.
Kiçikxanım Nəzərovanın məskunlaşdığı sinif otağı kiçikdir və döşəməsi çürüyüb. Deyir, pəncərələri də köhnədir, içəri su verir. Eyni zamanda, ayaqyolusu, vanna otağı da yoxdur. Bir sözlə, burada yaşamaq ona çox çətindir:
“Yaş da öz sözünü deyir. Artıq 61 yaşım var və mən çöldə soyuq su ilə paltar yumaqdan da, az qala binanın arxasında, çox uzaqda olan ayaqyoluya getməkdən də bezmişəm. Nə qədər su qızdırıb, otağın içində yuyunmaq olar? Bir balaca, uçuq-sökük otaqdır. İçində yemək bişirir, qab-qacaq yuyur, yuyunur, nə bilim yatır, otururam. Bir nəfər yoxdur 2 kəlimə söhbət etməyə. Bütün günü təm təkəm. Mən bu dərdi kimə deyim, hara gedim? Daha qapısını döymədiyim idarə də qalmayıb”.
Kiçikxanım Nəzərova Füzulidəki ata evinin yenidən tikilməsini istəyir. Deyir, özü bunu edə bilməz. Çünki işsizdir, pensiya almır. Aldığı təkcə köçkünlərə aylıq verilən 60 manat çörəkpuludur. O da ərzağına güclə yetir:
“Yoxsa inanın, heç ağız açmaram heç kimə. Evimizi təmir etdirib köçərəm. Amma məndə hardandır o qədər imkan? İcra başçısı deyir ki, Füzulidəki evdən imtina et, Ucardan al. Ucarda müvəqqəti alacağım köçkün evinə görə ata yurdumdan niyə imtina etməliyəm? Torpaqlar azad edildi, hamı gördü ki, o köçkünlər hamısı verilən evlərdən çıxarılacaq”.
Şikayətçi deyir, 30 ildir ki, bu məktəb otağında məskunlaşıb. Anası burada rəhmətə gedib:
“Mən də burada şəraitsizlikdə yaşamaq və tənha kimi ölmək istəmirəm. Yenə anamın yanında mən var idim. Mənim yanımda heç kim yoxdur, çox qorxuram”.
Füzuli Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, o vaxt Horadizdəki bütün evlər bərpa edilib, qayıdan sakinlərinə verilib. Görünür, nəsə yanlış anlaşılma var:
“Hər bir halda araşdırarıq. Əgər həqiqətən o vaxt həmin xanımın evi təmir edilməyibsə, kömək etməyə çalışarıq”.
30 ilə yaxındır işğalda olan Qarabağ ərazisinin böyük hissəsi azad ediləndən sonra Prezident İlham Əliyev yataqxanalarda, məktəb binalarında, hökumət evlərində yaşayan məcburi köçkünlər üçün tikintisi nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi ilə bağlı qərar qəbul etdi.
Prezidentin həmin qərara əsasən, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verildi.
İlham Əliyev deyib ki, bu, kifayət qədər böyük bir proqramdır. Həmin mənzilərə həm müharibəyədək növbədə duran şəhid ailələri, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin yaxınları yerləşdirilməlidir:
“Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaq. Mən hər şeyi həmişə necə var elə də demişəm. Bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək düzgün qərardır”, – deyə, İlham Əliyev bildirib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Meydan TV-yə bildirilib ki, hazırkı mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-ci ildə tikintisi başa çatdırılmış və məcburi köçkünlərin yerləşdirilməsi aparılmayan yeni mənzillər təqdim ediləcək. Bu məqsədlə müvafiq tədbirlərin görülməsinə artıq başlanılıb:
“Belə ki, 2020-ci ildə Bakı şəhərinin Qaradağ rayonundakı “Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət 1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb”.
Sentyabrı 27-də Azərbaycan və Ermənistanın təmas xəttində başlayan döyüşlər noyabrın 9-da bitdi. 44 gün çəkən İkinci Qarabağ müharibəsində Azərbaycan 3 minə yaxın hərbi qulluqçusunun həlak olduğu açıqlanıb.