Müşfiq Vəliyev: MGT etnik millətçilik etmir

Müşviq Vəliyev
Müşviq Vəliyev


“Etnik kimliyimizə qarşı çıxanlar ən böyük şovinistdirlər”

REAL Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli Kultura.az saytına müsahibəsində millətçilik məsələsinə xüsusi toxunub, türkçülük, eləcə də etnik problemlərdən danışıb. Müsahibədə Millətçi Gənclər Təşkilatının (MGT) da adı keçir. Bu səbəbdən Meydan TV həmin təşkilatın rəhbərliyində təmsil olunan Müşfiq Vəliyevlə danışaraq, bəzi suallara cavab tapmaq istəyib…


– Müşfiq bəy, öncə rəhbəri olduğunuz MGT-nin fəaliyyəti, siyasi arenada hədəfləri, gələcək planları barədə danışmanızı istərdik…

Əvvəla, bildirmək istərdim ki, hazırda bizdə başqanlıq sistemi yoxdur, mənim MGT-də vəzifəm Nəzarət Təftiş Komissiyasının rəhbəridir. Təşkilat NTK, İdarə Heyəti və koordinatorluqdan ibarətdir. Ümumiyyətlə, MGT-nin nizamnaməsi etnik milliyyətçilik nəzəriyyəsinə əsaslanmır. Əsası türklərdən ibarət olan və ona tarixi, mənəvi, mədəni bağlarla bağlanmış, Bütöv Azərbaycan ideyasına könül vermiş hər bir şəxs yeni nəsil milliyyətçi hərəkatımızı formalaşdırır. Belə ki, təşkilatımızın İdarə Heyətində, koordinatorluğunda və aktiv üzvləri arasında kifayət qədər ölkəmizin qeyri-türk olan nümayəndələri də var.

Təşkilatımız sekulyardır, dini inanclı soydaşlarımızı da özündə əhatələməkdədir. Xüsusən maarifləndirici sahədə fəaliyyətlər göstərir, eyni ilə ölkə əhəmiyyətli məsələlərdə öz mövqeyimizi sərgiləyirik. Hazırda bizim üçün ən böyük hədəf güclü millət, milli dövlət, yüksək rifahdır.


– REAL Hərəkatının üzvü Erkin Qədirli kultura.az saytına müsahibəsində deyib: “Kimsə millətçiliyi etnik anlamda qavrayırsa, bunun öz adı var – şovinizm”. MGT isə etnik türk milliyyətçiliyi ideologiyası olan təşkilatdır. Bu fikirlərə münasibətiniz necədir?

– Qeyd etdiyim kimi, MGT əsası türklərdən ibarət milliyyətçi hərəkatdır. “Türkəm” demək şovinistlik deyil, hər bir millətin öz milli kimliyini ifadə etmək haqqı var. Bu, bizə əsas verir ki, 1937-ci ildən zorla imperial güclər tərəfindən siyasi məqsədlə əlimizdən alınmış milli kimliyimizi bərpa edək. Digər etniklərin milli kimliklərinə toxunulmadığı halda Rusiyanın “5-ci kolon”u və bəzi türk düşmənləri (Türkəfoblar) “türkəm” deyənə əvvəllər “pantürkizm”, bu gün isə irqçi damğası vururlar. Erkin Qədirlinin şovinizmi pisləməsinin bizə aidiyyatı yoxdur, çünki biz şovinist deyilik. Biz territorial milliyyətçilik nəzəriyyəsi daxilində öz türk etnik kimliyimizi də bərpa etmək istəyirik. Bizim etnik kimliyimizə qarşı çıxanlar ən böyük şovinistdirlər.

MGT – Müşviq Vəliyevlə
MGT – Müşviq Vəliyevlə


– Erkin bəy müsahibəsində məhz MGT haqqında da danışıb. Deyib, onlarla heç bir siyasi bağımız yoxdur. Siz necə hesab edirsiniz, Erkin Qədirli və REAL Hərəkatı ilə siyasi bağınız varmı? Və ya Erkin Qədirlinin ümumi millətçilik ideyaları ilə hansı mənada razılaşırsınız və ya fikirləriniz harada çəpləşir?

– Erkin bəyin özünün də qeyd etdiyi kimi, aramızda səmimi, şəxsi dostluq münasibəti var, hörmətlə yanaşırıq. Həmçinin nəinki REAL Hərəkatı ilə, heç bir partiya və ya qurumla siyasi bağlarımız yoxdur . Təbii ki, MGT olaraq milliyyətçiliklə bağlı fikir fərqliliyimiz var. Çünki qeyd edilən vətəndaş, siyasi millətçiliyi 86,6 min kvadrat kilometri əhatələdiyi halda, bizim territorial milliyyətçiliyimiz tarixi ərazilərimizdə yaşayan soydaşlarımızı da əhatə edir. Özəlliklə Güney Azərbaycan mövzusunda çox həssasıq. MGT-nin fəaliyyətini hərəkatın özü təyin edir. Bu isə aramızda olan fikir ayrılığıdır.


– Niyə məhz türk millətçiliyi? Siz özünüzü etnik millətçi hesab edirsinizmi? Etnik millətçiliyin hansı müsbət və mənfi tərəfləri var?

– Az əvvəl qeyd etdiyim kimi, MGT əsası türklərdən ibarət olan yeni nəsil milliyyətçi hərəkatdır. Etnik milliyyətçilik etmir. Əlbəttə ki, etnik milliyyətçilik özü elə mənfi tərəfdir, bölücüdür, xüsusi ilə düşmənlərə fürsət verməkdir . Bir daha qeyd edim ki, “türkəm” demək şovinistlik deyil, kiməsə qarşı yönəlməyib, milli mənsubiyyətini tanımaqdır, özünü təyindir və bu, müsbət haldır. Territorial milliyyətçiliyimizlə parallel, 1937-ci ildə alınmış etnik milli kimliyimizi qaytarmaq təbii haqqımızdır.


– MGT-nin siyasi və iqtisadi müstəvidə baxışları necədir?

– Ümumiyyətlə, millətçilikdən danışarkən bir çoxu iqtisadi model olaraq ya aşırı sağı, ya da aşırı solu qeyd edirlər. Ancaq bildirirəm ki, bizim iqtisadi baxışımız iqtisadiyyatda üçüncü tərəf – yəni sosyokapitalizmdir ki, bu da 1918-ci ildə AXC dövründə M.Ə.Rəsulzadənin təklif etdiyi milli təsanüd nəzəriyyəsidir . Siyasi baxışımız isə iqtisadi sistemə əsasən milli dövlətçilikdən yanadır ki, təməlində cumhuriyyət dəyərləri dayanır. Bu isə bizim hədəfimiz olan güclü millət, milli dövlət, yüksək rifah deməkdir.


– Qarabağ mövzusunda türk dünyasından kritik məqamda ciddi addımlar gözləyirsinizmi?

– Qarabağa dair mövqeyimizi cəbhədəki son hadisələrdən sonra “6 aprel Milli Birlik Günü” adlı aksiyamızda bildirmişdik. Qarabağda baş verən hadisələr zamanı Güney Azərbaycanda dəstək mitinqləri oldu, özü savaş içində olan Kərkükdə könüllülər müraciət yaydı, Türkiyənin həm rəsmi mövqeyi, həm vətəndaş dəstəyi açıq-aşkar sezildi. Türkiyə ilə olan hərbi tərəfdaşlığımız, həmçinin Qarabağ mövzusunda qardaşcasına sərt mövqeyi həmişə ortadadır.


– Müşviq bəy, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik,

– Mən sizə təşəkkür edirəm..

Ana səhifəVideoMüşfiq Vəliyev: MGT etnik millətçilik etmir