Müşfiq Ələsgərli: 291 jurnalist COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

“70 redaksiyadan 1100 nəfərədək KİV işçisi vaksinasiya olunub”

Source: Meydan.tv



"70 redaksiyadan 1100 nəfərədək KİV işçisi vaksinasiya olunub"

“Pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib”.

Məlumatı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli yayıb.

Ələsgərli bildirib ki, qurumun apardığı monitorinqin nəticələrinə görə, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğnın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir: “Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə yoluxaraq həyatlarını itiriblər. KİV işçilərinin daima ictimaiyyət arasında fəaliyyət göstərdiyini, bununla da yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub”.

“Proqram çərçivəsində vaksinasiyadan keçmiş KİV işçilərinin durumu da müşahidə edilir. İndiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb”, – JuHİ sədri deyib.

Müşfiq Ələsgərli qeyd edib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir: “Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər”.

Ana səhifəXəbərlərMüşfiq Ələsgərli: 291 jurnalist COVID-19-a yoluxub, 12 nəfər vəfat edib