Müsəlman Birliyi Hərəkatının üzvlərindən birinin məhkəməsi başlayıb

Foto: Müsəlman Birliyi Hərəkatı

Samir Babayev ev dustaqlığına buraxılmadı

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən Samir Babayevin məhkəməsi başlayıb. Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Məhkəmədə Samir Babayevin vəkili Fariz Namazlı onun ev dustaqlığına buraxılması və idarə etdiyi avtomobilin ailəsinə qaytarılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Samir Babayevə narkotik ittihamı verilib, onun avtomobilinin iş üçün heç bir əhəmiyyəti yoxdur. Maşında axtarış aparılsa da, heç nə tapılmayıb. Dəfələrlə müstəntiqə, prokurora avtomobilin qaytarılması üçün edilən müraciətlər də nəticəsiz qalıb.

Digər vəsatətə gəlincə, vəkil bildirib ki, müvəkkilinin həbsdə saxlanması üçün əsas yoxdur:

“İstintaq başa çatıb, sübutlar toplanıb. O, özünü təqsirli bilmir. Narkotikin cibinə atıldığını iddia edir və bəraət almaqda israrlıdır. Məhkəmədən yayınmaq niyyətində deyil”.

Samir Babayev də vəkilinin hər iki vəsatətini müdafiə edib, onların təmin olunmasını istəyib.
Lakin Eldar İsmayılovun sədrlik etdiyi, Cavid Hüseynov və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib. Daha doğrusu, ev dustaqlığına buraxılma haqda vəsatət təmin edilməyib, avtomobil məsələsi isə baxılmamış saxlanılıb.

Növbəti məhkəmə iclasında prokuror ittiham aktını elan edəcək, dindirmələr olacaq.

2 dekabr 2022-ci ildən həbsdə olan Samir Babayev Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham olunur. İttihama əsasən, onun üstündən 9.6 qram metamfetamin (“şüşə”, “patı”) tapılıb.

Lakin Samir Babayev özünü təqsirli bilmir. O, Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə şərlənərək həbs olunduğunu deyir.

Samir Babayev bundan öncə də iki dəfə inzibati qaydada həbs olunub. Hər iki həbs qərarı üzrə şikayəti Avropa Məhkəməsinin icraatındadır.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın 50-yə yaxın üzvü hazırda həbsdədir.

Ana səhifəSiyasətMüsəlman Birliyi Hərəkatının üzvlərindən birinin məhkəməsi başlayıb