Gəncə şəhər sakinlərinin üzərindən tapança, patron, patron darağı və heroin götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Xəbərdə bildirilir ki, noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” Hərəkatına dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən saxlanılıb. Ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.
Elə həmin gün daha bir Gəncə şəhər sakini Ruzi İsmayılov da həbs edilib. O, “Nardaran” hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” Hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib. DİN-in məlumatında deyilir ki, R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. R.İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.