Müsəlman Birliyi Hərəkatına mahnı həsr edən fəal saxlanılıb (Yenilənib)

Kamran Fərat. Foto: Screenshot, Youtube

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, axşam saatlarında Kamran Fərat sərbəst buraxılıb.


“Təqib olunmağımın səbəbi də əhli-beytdən, haqq-ədalətdən oxuduğum mahnılardır”

Müsəlman Birliyi Hərəkatının fəalı, dini mövzuda mahnıların müəllifi və ifaçısı Kamran Kərimov (Fərat) saxlanılıb.

Noyabrın 16-da onu yaşadığı evdən 4 nəfər mülki geyimli şəxsin zorla aparıldığını əks etdirən videogörüntülər yayılıb.

Sözügedən videonu dini inanclı fəalın ailə üzvləri çəkib.

Kamran Fərat kimi tanınan ifaçının yaxınları onun şərlənəcəyindən ehtiyatlanır.

Ailə üzvlərinin bildirdiyinə görə, mülki geyimli şəxslər onu apararkən heç bir səbəb göstərməyiblər.

Sadəcə, evə daxil olub, onu zorla çıxarıb, əllərini qandallayıb aparıblar:

“Başqa dindirlar kimi, onu da narkotiklə şərləyəcəklərindən ehtiyatlanırıq. Onu evdən aparanda üstündə heç nə olmayıb. Narkotiklə şərlənsə, hamı bilsin ki, özləri qoyublar”.

Videodan görünür ki, Kamran Fəratın ailə üzvlərindən biri mülki geyimli şəxslərin davranışına etiraz edir, onların qanunsuz hərəkətlərindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət edəcəyini bildirir.

“Hara yığırsan, yığ…”, – mülki geyimli şəxslərdən biri ona belə cavab verir.

Eyni zamanda, telefonla çəkiliş aparmasına da mane olmağa çalışır.

Kamran Fəratın hüquqlarını vəkil Zibeydə Sadıqova müdafiə edir.

Vəkil onun Səbail Rayonu, 8-ci Polis Bölməsinə aparıldığı haqda məlumat alıb.

Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, polis bölməsinə getsə də, müvəkkili ilə görüşə bilməyib.

Vəkil müdafiə hüququnun pozuntusuyla əlaqədar Daxili İşlər Nazirliyi və Ombudsman Aparatına müraciət edib.

Kamran Fərat 2021-ci ilin oktyabrında da həbs olunmuş, polisə müqavimət ittihamıyla ona 30 sutka inzibati həbs cəzası verilmişdi.

2023-cü ilin aprelində də bir sıra media orqanlarında onun həbs olunması haqda məlumat yayılmışdı. Lakin məlum olmuşdu ki, bu məlumatlar doğru deyil.

Kamran Fərat bir müddət əvvəl video çəkərək, həbs olunmaq ehtimalından danışıb.

O bildirib ki, heç bir cinayət törətməyib, həbs təhlükəsiylə üzləşməsinin səbəbi dini məzmunda ifaları, o cümlədən Müsəlman Birliyi Hərəkatı haqqında mahnısıdır.

Kamran Fəratın sözlərinə görə, o, dini inanclı şəxslərə qarşı həbs dalğasının günün birində ona çatacağını gözləyir.

Bu səbəbdən videonu çəkir ki, ailə üzvləri həbsindən sonra onu yaysınlar:

“Mənim həbs olunmağım haqda 8 apreldə yayılan məlumat saxta idi. Həmin gün mən həbs olunmamışdım. Mülki geyimli şəxslər evimizin ətrafına toplaşmışdılar. Həmin vaxt mənim Moskvaya uçuşum vardı. Çünki Moskvada qanuni əsaslarla fəhlə işləyirəm. Hava limanında mənə deyildi ki, ölkədən çıxışıma qadağa qoyulub. Onda bildim ki, məni həbs eləyəcəklər”.

“Bir müddət əvvəl də məni polisə müqavimət ittihamıyla həbs eləmişdilər. Mən polisə müqavimət göstərməmişdim. O ittiham yalan idi. Sonradan da müəyyən orqanlara çağırmışdılar məni. Sual oluna bilər ki, mahnı oxuyan çoxdur, səni niyə həbs eləsinlər? Mənim mahnılarımda haqq-ədalətdən bəhs olunur. İllər əvvəl də Müsəlman Birliyi Hərəkatı haqqında mahnı yazmışdım. Şəhid Mübarizə, aprel döyüşlərində, 44 günlük müharibədə şəhid olanlara da mahnı yazmışam. Mən dövlətin əleyhinə mahnı oxumamışam ki. Oxuduğum mövzular əhli-beytdən olub. Bu gün təqib olunmağımın səbəbi də əhli-beytdən, haqq-ədalətdən oxuduğum mahnılardır”, – deyə o bildirib.

O vurğulayıb ki, nə dövlətinə, millətinə xəyanət edib, nə də narkotiklə əlaqəsi var:

“Mənim atam bu dövlətə görə gözlərini itirib, birinci qrup əlil olub. Yalan məlumatlar paylaşanlardır vətən xaini. Yazırlar ki, “İran aşiqi tutuldu”. Biz öz dövlətimizə, millətimizə aşiqik…”

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın ümumilikdə 50-dən artıq üzvü həbsdədir.

İnsan haqlarının müdafiəsiylə məşğul olan təşkilatlar təkcə 2023-cü il ərzində ölkədə 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir.

Həbs olunanlar bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiklərini və işgəncəyə məruz qaldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi həbs olunanların şərlənməsi, narkotik ittihamının böhtan olması haqda iddiaları rədd edir.

Nazirlik həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edib.

Ana səhifəSiyasətMüsəlman Birliyi Hərəkatına mahnı həsr edən fəal saxlanılıb (Yenilənib)