“Fərman Ceyranlı belə bir klinika açmaqla təkcə Gürcüstan səhiyyəsi üçün yox, azərbaycanlılara da böyük qayğı göstərdi”
Gürcüstan səfərimdə “Lanset” Tibb Mərkəzinin beynəlxalq əlaqələr üzrə müavini Lado Çipaşviliylə də görüşdük. Gürcüstanın sabiq səhiyyə və Çexiyada sabiq səfiri olan Lado Çipaşvili 1987-ci ildə Gürcüstan Dövlət Tibb Universitetini qırmızı diplomla bitirib, 2 il əyalət xəstəxanalarında cərrah işlədikdən sonra Moskvada aspiranturada oxuyub. 34 yaşında Tiflisin 1 saylı şəhər Cərrahiyyə Klinikasının direktoru olub. 1999-cu ildə siyasətə gəlib və həmin il də majoritar qaydada parlamentə üzv seçilib. 2003-cü ildə Mixael Saakaşvili “Milli Hərəkat”ın lideri kimi hakimiyyətə gələndə Lado Çipaşvili səhiyyə naziri təyin edilib. 3 il yarım həmin vəzifədə işləyəndən sonra Çexiya ölkəsinin fövqəladə səfiri təyin olunub.
–
Cənab Çipaşvili, belə fikir var ki, Gürcüstan səhiyyəsində islahatlar Saakaşvili hakimiyyətə gələndən sonra başlayıb. Bu baxımdan hansı qərarlardan sonra səhiyyə sistemindəki korrupsiyaya ağır zərbə vura bildiniz?
– Əslində, Gürcüstan səhiyyəsində islahatlar 1995-96-cı illərdə başlayıb, söhbət keçmiş prezident Şevardnadzenin hakimiyyəti illərindən gedir. O zaman səhiyyə nadir qurumlardan idi ki, islahatlar sistemsiz və ağır olsa da, gedirdi. İlk addım kimi səhiyyə sisteminin dövlətdən ayrılması oldu. Amma bu, özəlləşmə olmasa, ayrı-ayrı səhmdar cəmiyyətlər adında tibbi müəssisələr yaradıldı. 1995-ci ilə qədər isə Gürcüstan səhiyyə sistemi sovet dövrünün qaydaları ilə idarə olunurdu. Xəstəxanalar və poliklinikalar dövlət büdcəsi hesabına saxlanılırdı. Necə ki, Azərbaycanda bu gün indiki vəziyyətdir. Beləliklə, bir sıra xəstəxanalar Səhmdar Cəmiyyətə çevriləndən sonra 1998-99-cu illərdə səhiyyə büdcə maliyyələşməsindən proqram maliyyələşməsinə keçdi. Bu, səhiyyə sistemində çox ciddi siqnal idi. Həmin illərdə ən böyük problem pul çatışmazlığı idi, vəziyyət fəlakət həddindəydi. Çünki ölkədə yuxarıdan idarə olunan korrupsiya mövcud idi. Təsəvvür edin ki, evlərdə işıq, qaz yox idi, o cümlədən, xəstəxanalarda. Bir sözlə, maliyyə sistemi çox pis vəziyyətdəydi. Ona görə səhiyyəmiz pulsuz idi. Gələk, mənim nazir olduğum dövrə, işə başlayan kimi 3 məsələyə xüsusi önəm verdim. Birinci, səhiyyənin infrastrukturu, ikinci, tibb və nahəyət, pasient personalının durumuna önəmli diqqət ayrıldı. Səhiyyəmizin infrastrukturu tamamilə dağılmışdı, ölkədə müasir tipli xəstəxana, klinika yox idi, tibb mərkəzləri bütün mənalarda talan edilmişdi. İkinci, tibb personalı, həkimlər nəinki aylarla, illərlə əməkhaqqı almırdı. Pasientlərə gələk, onlar xəstəxanaya qəbul olunanda özləri ilə dərman, yod, bint də alırdılar, hətta generatorun işlənməsi üçün yanacağı da xəstələr alırdı, hər xəstəyə 20 litr yanacaq, çünki işıqlar tez-tez sönürdü. Təsəvvür edirsinizmi, bu, dəhşətli bir şey idi. Görürsünüz, mən səhiyyə sistemini hansı vəziyyətdə qəbul etmişəm?!
–
Bəs 3 il yarım sonra vəzifədən ayrılanda səhiyyəni hansı vəziyyətdə təhvil verdiniz?
– Ölkədə Avropa standartlarına cavab verən xəstəxanalar fəaliyyət göstərirdi. Xəstəxanaların bir hissəsi dövlətin, bir hissəsi isə investorların hesabına tikilmişdi. Məsələn, Kutaisidə, Tiflisdə, Zuqdididə müasir, müxtəlif profilli xəstəxanalar inşa olundu, postumu təhvil verəndə bir çoxları da tikilirdi. İkinci, xəstəxanalarda “qara mühasibat”lığı sıradan çıxartdıq.
–
Sonuncunu necə etdiniz?
– Təşəbbüsü yerlərə verdik, mərkəzləşmə sistemindən qaçmağa imkan yaratdıq. Xəstəxanaların bütün baş həkimləri qanuni, “qara mühasibat” olmadan işləməyə maraq göstərdilər.
–
Bəs korrupsiyaya bulaşmış baş həkimlər buna mane olmurdular?
– Onları kənarlaşdırdıq, düzdür, ağır olsa da, buna getdik. Bilirsiniz, Gürcüstan kiçik ölkədir, kimin korrupsiyayla məşğul olduğunu hamı bilirdi.
–
Həmin adamlar məhkəməyə üz tutmadılarmı?
– Çox cüzi hissəsi məhkəmələrdə iddia qaldırdı və bizə çamur atdılar. Amma məsələ ondadır ki, ölkə üçün böyük iş görəndə, gərək, buna görə heç kimin sənə sağ ol deməyəcəyini bilməlisən. Ona görə də biz çamur atanlara fikir vermədik. Əsas köməyimiz o oldu ki, islahatlar və qanunların işləməsi ölkənin bütün nazirliklərində paralel şəkildə aparılırdı. Əgər səhiyyəni təcrid edib islahat aparsaydıq, çətin ki, nəyəsə nail olardıq. Şəxsən mənə nazir kimi polis sistemindəki islahatlar kömək etdi. Biz Dövlət Yol Polisini buraxıb, əvəzində patrul yaratdıq, nəticədə bu sahədə indi rüşvət yoxdur. O cümlədən, təhsil sistemində islahatlar keçirildi, birinci, ayrı-ayrı ali universitetlərdə imtahanları ləğv edib bir imtahana keçdik. Bununla da ali məktəblərin qəbul şöbələrindəki korrupsiya “zəncirini” qırdıq. Düzdür, ağır səhvlərimiz oldu və buna görə də seçkilərdə uduzduq.
–
Ən böyük səhv nədən ibarət idi?
– Ən böyük səhv hakimiyyətin vətəndaşların daxili işinə qarışması idi. Bəli, hakimiyyətdəkilər rüşvət almırdılar, amma biznesmenlərdən doğru olmayan yollarla pul alırdılar. Düzdür, həmin pullar məmurların cibinə getmirdi, dövlətin problemlərinə xərclənirdi, yenə də doğru addım deyildi. Bu isə narazılıq yaradırdı və nəticədə sabiq məmurların bəziləri həbsdə, bəziləri isə ölkədən kənardadırlar.
–
Qayıdaq yenidən səhiyyə sisteminə, siz islahatların başlanğıcında 3 addım sadaladınız, bunlar ediləndən sonra daha hansı qərarlar qəbul etdiniz ki, proses dərinləşdi?
– Mən pasientlərlə bağlı bir məqama toxunacam, 2003-cü ilə qədər Gürcüstan vətəndaşları sağlamlıqlarını qorumaq üçün maşınını, evini satırdısa, mənim nazir təyin olunmağımdan sonra bütünlüklə tibbi sığortaya keçdik. Hər 3 nəfərdən biri tibbi sığorta aldı ki, o dövlətin hesabına müalicə olunacaq. İş yeri olanlara isə 60-70 faiz güzəşt nəzərdə tutuldu, yəni onlardan fərqli olaraq pensiyaçılar, yoxsul şəraitdə yaşayanlar dövlətin hesabına pulsuz müalicə almağa başladı. Baxın, tibbi sığorta hesabına hər gün 25-30 cərrahiyyə əməliyyatı keçirilir. Amma hazırkı hakimiyyət bütün əhalini tibbi sığortaya cəlb etmək istəyir. Ümumiyyətlə, son 15-20 ildə Gürcüstanda müasir tibb sistemi inkişaf etməyə başladı, buda köhnə sistemin dağılması hesabına baş verdi. Mövcud müsbət durumun birinci səbəbi səhiyyəmizdə bürokratiyanın çox az olmasıdır. Məsələ ondadır ki, özəl təşəbbüslər olanda pul “küləyə” sovrulmur. Bu gün Gürcüstandakı xəstəxanaların 95 faizi özəldir. Ona görə Gürcüstan səhiyyəsi postsovet məkanında ən inkişaf etmiş sayıla bilər.
–
Bəs nazir, daha sonra səfir işləyən cənab Çipaşvilini “Lanset” Tibb Mərkəzinə hansı amillər gətirdi?
– Mən həm nazir, həm də səfir işləyərkən özümü komfort hiss etmirdim. Yalnız səhiyyə sistemində çalışanda rahad idim. Ona görə 2009-cu ildən özəl tibb müəssisələrinə qayıtdım, məqsədim sahibkarlara müasir tibb mərkəzlərinin yaradılmasında kömək etməkdir. Professor Fərman Ceyranlının qurduğu “Lanset”i müasir tibb avadanlıqları ilə təchiz etmişik. Baxın, “Lanset” Tibb Mərkəzində xəstələrin müalicə alması üçün bütün şərtlər var. Gürcüstanın heç bir yerində bu cür çoxlu profilə malik klinika yoxdur, 5-6 profilli klinikalar var. Amma psixiatriya və infeksion xəstəliklər istisna olmaqla “Lanset” 22 profilli müalicə sahəsinə və yeni tibb texnologiyalarının poliqonuna malikdir. Qiymətlər isə sərfedicidir. Bu, unikal mərkəz dövlətə də sərf edir. Fərman Ceyranlı belə bir klinika açmaqla təkcə Gürcüstan səhiyyəsi üçün yox, azərbaycanlılara da böyük qayğı göstərdi. Çünki Azərbayandan gələnlər burda özlərini evlərindəki kimi hiss edirlər.