Müsavatda gərginlik: Partiyadan istefa verən və çıxarılanlar var

Qubad İbadoğlu: “İtirən Müsavat oldu”

Source:


Qubad İbadoğlu: “İtirən Müsavat oldu”

Hikmət Hacızadə Müsavat Partiyasından istefa verməsi barədə açıqlama yayıb. Partiya bərpa olunandan üzv olan və təşkilatın liberal qanadının aparıcısı sayılan Hikmət Hacızadə istefasının səbəbini belə açıqlayıb: “Yazıb sizə bildirirəm ki, partiyamızda söz azadlığının kobud və birtərəfli pozulmasına, fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram”.

Noyabrın 4-də partiyanın millətçilər qanadının aparıcı siması Nəsib Nəsibli də partiyadan istefa vermişdi.

Noyabrın 17-də isə VIII qurultayda başqanlığa namizəd Səxavət Əlisoy partiyadan xaric edildi, Əlövsət Talışxanlı da istefa verdi.

Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlu partiyanın nüfuzlu simalarından sayılan Hikmət Hacızadənin Müsavatdan istefasını repressiya adlandırıb:

“Müsavatın ən dözümlü, sadə və rasional üzvü, 60 illik şərəfli ömrünün təntənəsi hələ də davam edən, ömrünün yarısından çoxunu demokratiya, azad və müxtəlif fikirlilik uğrunda mübarizəyə sərf edən, böyük və pozitiv şəxsiyyət Hikmət Hacızadə də partiyamızla vidalaşdı. İtirən Müsavat oldu. Bu, çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin ağrısını yaşayanda onun miqyasını dərk edəcəyik və onda Hikmət Hacızadənin yerini də görəcəyik. Hikmət Hacızadə çox nadir şəxsiyyətdir, xoşbəxtlikdən o, Müsavatın payına düşmüşdü. Müsavatı onsuz təsəvvür etmək bizə və sayı on minlərlə olan fədakar, sədaqətli müsavatçılara çətin olsa da, əminik ki, o, harada olmasından asılı olmayaraq demokratiya, Azərbaycan amalı uğrunda mübarizəsini davam etdirəcək”, -deyə İbadoğlu APA-ya bildirib.

Ana səhifəXəbərlərMüsavatda gərginlik: Partiyadan istefa verən və çıxarılanlar var