İlkin Bayram: “Polisə çağırılmağım siyasi təzyiqdir”
Müsavat Partiyası Səbail rayon təşkilatının sədr müavini İlkin Bayram polisə çağırılıb. Onu bu gün 8-ci polis bölməsində siyasi fəaliyyəti ilə bağlı sorğu-sual ediblər.
Bu barədə “Turan”-a İlkin Bayram özü məlumat verib.
Müsavatçının sözlərinə görə, onu 8-ci polis bölməsində sahə rəisi Arif Əsgərov sorğulayıb. “Suallar siyasi fəaliyyətimlə bağlı idi. Harada işlədiyimi, haradan maliyyələşdiyimi soruşdular”- deyən İ. Bayram bildirib ki, polisdə şəxsiyyət vəsiqəsinin sürətini alıblar.
O, polisə çağırılmasını siyasi təzyiq kimi dəyərləndirib. 8-ci polis bölməsinin sahə rəisi Arif Əsgərov isə siyasi təzyiqlə bağlı deyilənləri təkzib edib.
Sahə rəisi müsavatçının polisə çağırılmasının qeydiyyat məsələsi ilə bağlı olduğunu bildirib: “Bütün vətəndaşlar kimi İlkin Bayram da qeydiyyat üçün dəvət olunub. Onun nə işlə məşğul olduğunu, hansısa dini təriqətə, yaxud partiyaya üzv olub-olmadığını soruşmuşuq. Məlum olub ki, Müsavat Partiyasının yerli təşkilatında sədr müavinidir”.