Müsavat Partiyası Qədim Soltanın dərhal azad olunmasını, ona qarşı qanunsuzluq etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini, seçkiyə müdaxiləyə son qoymağı tələb edir
Müsavat Partiyasının, demokratik düşərgənin və beynəlxalq birliyin proqnozlaşdırdığı kimi hakimiyyət parlament seçkilərinə kobud qanun pozuntuları ilə müdaxilə edir. Proses ilk gündən bir çox dairələrdə qanunsuz olaraq diplomun və partiya vəsiqəsinin surətlərinin, digər sənədlərin tələbi ilə başlasa da, artıq bu müdaxilə seçki qərargahı üzvlərinə, qohumlara təzyiqlər və adam oğurluğu ilə davam edir.
Bu fikirlər Müsavat Partiyasının sentyabrın 13-də yaydığı bəyanatda qeyd olunub.
Meydan TV-yə daxil olan bəyanatda bildirilib ki, Qobustan rayonu Xilmilli kəndi ərazisində Müsavat Partiyası başqanının müavini, Divan üzvü Səxavət Soltanlının xeyrinə imza toplayan səlahiyyətli nümayəndəsi Qədim Soltanın özünün verdiyi qısa məlumata görə yerli icra nümayəndəsi, bələdiyyənin sədri və bir qrup şəxs tərəfindən saxlanılıb, təzyiq edilərək, naməlum istiqamətə aparılıb. Hazırda onunla əlaqə yaratmaq mümkün deyil, telefonlarına zəng çatmır.
Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Mərkəzi Seçki Komissiyasına məlumat verilsə də, heç bir hüquqi tədbirlər görülmür.
“Bütün bu təzyiqlər müxalifətin artan seçki fəallığından narahat olan hakimiyyətin avtoritar mahiyyətindən və öz namizədlərini müəyyən edə bilməməsindən qaynaqlanır. Müsavat Partiyası Qədim Soltanın dərhal azad olunmasını, ona qarşı qanunsuzluq etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini, seçkiyə müdaxiləyə son qoymağı tələb edir”,- deyə bəyanat bu cümlələrlə bitir.