Müsavatçı gənc DİN-in qarşısında aksiyaya cəhd edib

Foto: Əziz Məmiyevin şəxsi arxivindən

Onun sərbəst buraxıldığı bildirilir

Müsavat Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Əziz Məmiyev aprelin 5-də Daxili İşlər Nazirliyi qarşısında aksiyaya cəhd edərkən saxlanılıb və sonra sərbəst buraxılıb.

Əziz Məmiyev uzun müddətdir ki, güc strukturları tərəfindən təqibə məruz qaldığını, son günlər isə ölümlə hədələndiyini ictimailəşdirmək üçün dinc şəkildə nazirliyin qarşısında aksiya keçirmək istədiyini bildirmişdi.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, Əziz Məmiyev müsavatçı olmaqdan başqa siyasi cəhətdən çox fəaldır:

“O ölkədə insan haqları və demokratiya tələbləri ilə təşkil olunan aksiyalara qatılır, sosial media üzərindən paylaşdığı statuslarda hakimiyyətin siyasətini tənqid edir. Son zamanlar ona qarşı kəskin münasibət var, təqib olunur, ünvanına müxtəlif hədələr göndərilir, hesabları oğurlanır. Ona görə də Daxili İşlər Nazirliyi qarşısında aksiya keçirməyə cəhd göstərib”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a deyib ki, Əziz Məmiyev sərbəst buraxılıb:
“Onu narahat edən məsələlərlə bağlı ərizələr alınıb. Özü barəsində isə hər hansı inzibati icraat tətbiq olunmayıb”.

Ana səhifəSiyasətMüsavatçı gənc DİN-in qarşısında aksiyaya cəhd edib