”Müəllimlər valideynləri səsverməyə gətirir”
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahına seçki saxtakarlığı ilə bağlı ilk məlumat Bakı şəhəri Suraxanı rayonu ərazisindən daxil olub. Bu barədə qərargahın mətbuat üçün yaydığı ilk məlumatda bildirilir.
Qeyd olunur ki, saat 7.30-da rayon ərazisindəki 105 saylı MKİS-in işçilərinə səsverməyə gedəcəkləri məntəqələrin siyahısı təqdim edilib və onlara “karusel” əməliyyatını yerinə yetirmək üçün müvafiq tapşırıqlar verilib.
Binəqədi rayonunda 8 saylı Binəqədi birinci seçki dairəsinin ərazisində yerləşən məktəblərdəki məntəqə seçki komissiyalarına daxil olmayan, lakin həmin məktəbdə işləyən müəllimlərin hər birinə 6 valideyni səsverməyə gətirilməsi tapşırığı verilməsi haqqında məlumat yayılıb.
“59 saylı Salyan seçki dairəsinin 2, 3, 4, 5 və 7 saylı seçki məntəqələrinin ərasizində müşahidə aparan seçicilərdən daxil olan məlumata görə, 4 saylı seçki məntəqəsində “karusel” həyata keçirilir, 3 saylı seçki məntəqəsində təhsil işçiləri və bu ərazidən xeyli kənarda yaşayan və adları seçici siyahılarında olmayan bir neçə şəxs səsvermədə iştirak edir. 3 saylı seçki məntəqəsində saat 12.00-da 343, 5 saylı seçki məntəqəsində seçicilərin sayı 430 deyilsə də, saatyarımlıq müşahidə zamanı müvafiq olaraq bu məntəqələrdə 8 və 5 nəfər seçici olub. 2 və 7 saylı seçki məntəqələrində isə 1 saat ərzində 3 seçici gəldyi bildirilir. Artıq bu anda 2 saylı seçki məntəqəsinin qarşısında “karusel” iştirakçıları peyda olublar”- qərargahdan bildirilir.
60 saylı Salyan-Neftçala seçki dairəsinin 13 və 14 saylı seçki məntəqələrinin yerləşdiyi məktəbin ərazisində müşahidə aparan seçicinin qərargaha verdiyi məlumata görə, saat 11.00-dan 12.00-dək məktəbin binasına yalnız 2 seçici daxil olub.
67 saylı Cəlilabad şəhər seçki dairəsindən Hidayət İsmayılovun verdiyi məlumata görə, Cəlilabad şəhərində yerləşən seçki məntəqələrində səs vermək üçün müəllim, həkim, bağça işçiləri və yuxarı sinif şagirdlərindən ibarət xüsusi dəstələr hazırlanaraq, müəyyən zaman fasilələri ilə bu və ya digər seçki məntəqələrinə göndərilərək, orada səs vermələri təmin edilir. Rayon rəhbərlərinin və inzibati orqanların gözü qarşısında həyata keçirilən bu tədbir zamanı səsvermədən sonra “karusel” iştirakçılarının seçki məntəqəsinin qarşısında gözlədilməsi faktı da diqqəti cəlb edir.