”Müsavat Partiyasının dağılmasına sevinirəm”

Müsavat Partiyasının ətrafında cərəyan edən “mühacirət biznesi” mübahisəsi səngimir. Partiya rəhbərliyini hədəfə alanlardan biri, hazırda mühacir həyatı yaşayan Elbəyi Həsənli fikirlərini Meydan TV ilə bölüşüb.


– Saxta mühacirlər məsələsi yeni söhbət deyil. Bu barədə belə açıq bəyanatlar verə biləcək qədər məlumatlar sizdə nə vaxtdandır, yəni bu məsələdən nə zaman xəbər tutmusunuz?

-Bu məsələ haqqında mühacirətə gələndən, yəni 2004-cü ildən etibarən ara-sıra müəyyən şeylər eşidirdim. Ancaq bu kimi xəbərləri şayiə sayırdım. Bir qayda olaraq ittihamlar qarşı düşərgədən səslənirdi. Ancaq 2014-cü ilin noyabrında mühacirətdə yaşayan müsavatçı Kənan Hacıəkbəroğlu bu mövzunu kəskin formada gündəmə gətirdi. Onun narahatlığı “

Avropadan Müsavat Partiyası ilə bağlı həyəcan təbili

” başlığı ilə “Yeni Müsavat”da gedib.

Düşündüm ki, o, cavandır, “Avropada saxta müsavatçıları üzə çıxaraq” kimi çağrışı ilə bir az ifrata varıb. Ancaq elə həmin ilin dekabrında bu məsələ ilə bağlı zəlzələ effekti doğuran daha bir məqam ortaya çıxdı. Müsavat Partiyasının Divanı sabiq deputat İkram İsrafilin oğlu ilə bağlı bəyanat yaydı. Və Bəxtiyar Hacıyevlə Səxavət Soltanlı arasında Facebook-da

maraqlı mübahisə

oldu.

Tezliklə məlum oldu ki, Müsavat Partiyası İsrayıl İsrafilə görə saxta bəyanat verib. Halbuki, o, 6 ay əvvəl Londona gedibmiş. Onda Bəxtiyar Hacıyev belə bir sual səsləndirdi: “Yoxsa, Müsavat Partiyası artıq siyasi sığınacaq üçün “həyatına təhlükə var” arayışı verən təşkilatlar kimi bəyanatlar verir?”

Maraqlıdır ki, İsa Qəmbər bu boyda biabırçılığın üstündən sükutla keçdi. Elə o vaxtdan məndə belə bir qənaət yaradı ki, Müsavat Partiyasında mizan-tərəzi pozulub…



Gülağa Aslanlının hədəsi…

Məlumat üçün deyim ki, mən Arif Hacılının başqan seçilməsinə heç vaxt etiraz etməmişəm, əksinə Qubad İbadoğlunu müsavatçıların seçiminə hörmət etməyə çağırmışam. Özü də bunlar açıq şəkildə-mətbuatdakı yazılarda öz əksini tapıb. Arif bəy isə yerini bərkitməmiş onun başqan seçilməsinə etiraz edənləri dənləməyə başladı. Mən əvvəl buna yüngül formada etiraz etdim. Repressiyalar gücləndikcə, mənim də tənqidi yanaşmamda kəskinlik artmağa başladı. Məhz həmin mərhələdə mənə “saxta arayışlar”la bağlı sənədlər verməyə başladılar. Təbii, mən başa düşürdüm ki, hansısa maraqlı tərəflərin oyununa cəlb olunuram. Ancaq mənim üçün daha sarsıdıcı olan Müsavatın kolxoz bazarına dönməsi idi. Səbr kasam o vaxt doldu ki, İsveçrədə yaratdığımız “Ocaq” Mədəniyyət Mərkəzində olan müsavatçılar Bakıdan hədə-qorxu ilə üzləşdilər. Mən “Ocaq”ın sədri idim. Məni istefaya məcbur etdilər. Əlbəttə, getməyə də bilərdim. Amma müsavatçıların təhdid olunmasına yol verə bilməzdim. Bakıdan zəng vuran Gülağa Aslanlı İsveçrədə hələ oturum almamış müsavatçılara açıq şəkildə deyib ki, Elbəyi Həsənli təşkilatın sədri vəzifəsindən getməsə, Bakıdakı İsveçrə səfirliyinə müraciət edəcəyik. Deyəcəyik ki, o təşkilata toplaşanlar saxta müsavatçılardır. Yəni, bunlar bu səviyyədə olan cuğulçu adamlardır. Öz maraqları naminə həqiqi müsavatçıları saxta, saxtaları isə həqiqi elan etməyə hazırdılar.

Qəribə də olsa, 20 ildir ki, vəsiqəsin daşıdığım Müsavat Partiyasının dağılmasına sevinirəm. Çünki heç bir quruculuq potensiyalı olmayan bir banda Müsavat Partiyasın işğal edib. Bu cılız insanlar Azərbaycanda iqtidara gəlsəydi, ölkə darmadağın olardı. Düşünün, saxta arayış satan bandit dəstəsi dövlətçilik mövqeyində dura bilərdimi? Dövlət, dövlətçilik bunlar üçün oyun-oyuncaq kimi bir şeydir.



“Biz həmin sənədləri Rauf Arifoğluna göstərmişik”

Başqa bir məqam. Əlimizdə olan sənədləri verməyə Müsavatda bir etibarlı adam tapa bilmirik. Biz həmin sənədləri Rauf Arifoğluna göstərmişik. O, sənədlərdən xəbərdardır. Amma o, Müsavat Partiyasında söz sahibi deyil. Üstəlik, mənim yazımdan sonra onu bərk sıxıblar. Və dostum-qardaşım Rauf Arifoğlu bəyan edir ki, “Elbəyi Həsənli, mən səni şiddətlə qınayıram. Mən Arif Hacılının yanındayam”.  Onsuz da mən Müsavata görə onlarla adamla savaşdayam. Bu da bu yandan deyir ki, gəl dalaşaq. Qardaş, axı sən sənədləri görmüsən, sən necə saxta sənəd dəllalarının başında duran Arif Hacılının yanında ola bilərsən? El-aləm mənim yazımı verir. Az qala 20 il can qoyduğum qəzet yaxasını kənara çəkir. Deyir ki, bizi boğub öldürərlər, qusura baxma. Bir qrup insan istəyir ki, mən evdə olan zibili təmizləyib xalçanın altına dürtüşdürüm. Mənsə bu insanları başa sala bilmirəm ki, iy verən tullantı şeylərin son mənzili Balaxanı zibilliyidir…

Hələ görün İsa Qəmbər neynəyir? Deməli, açıq şəkildə yazıram ki, həmin sənədləri İsa Qəmbərə təqdim etməyə hazıram. Amma İsa bəy həmin sənədlərə qətiyyən maraq göstərmir. Niyə? Eks-başqan bilir ki, həmin sənədləri qəbul etsə, uzağı 1-2 gün sonra mətbuat ondan soruşacaq: “Sayın İsa bəy, həmin sənədlərlə bağlı nə deyə bilərsiz?” Bax onda İsa Qəmbər həqiqəti deməli olacaq. Əks-təqdirdə biz həmin sənədləri mətbuata ötürə bilərik. İsa Qəmbər bu gün sizə verdiyi müsahibədə birmənalı şəkildə bu dəstənin arxasında olduğunu bəyan edib. Özü bilər.



“Saxta sənədlərin bir neçəsi Bakıda hüquq müdafiəçilərində də var”

Bir şeyi də deyim. Oxucular soruşa bilər ki, nədən həmin sənədləri birbaşa mətbuata çıxarmıram. Halbuki mənim belə bir imkanım var. Məsələ orasındadır ki, bu sənədlərin hər birinin arxasında insan taleyi dayanır. Son yazımda yalnız Belçikada yaşayan və oturumunu gözləyən Ləman Talıbovanın adını çəkmişəm. Çünki onun adı artıq Belçika Miqrasiya Xidməti tərəfindən gündəmə gətirilib. Müsavat Partiyası bu xanımın saxta və ya həqiqi müsavatçı olması barədə rəy verməlidir. Onu da deyim ki, belə saxta sənədlərin bir neçəsi Bakıda hüquq müdafiəçilərində də var. Ən azı Eldar Zeynalov bu işin içindədir. Yəni, həmin sənədləri mən də ortaya qoymasam, kimlərsə üzə çıxaracaq. Ox yaydan çıxıb, artıq cin lampanın içində deyil. Onu da böyük ehtimalla demək olar ki, bu sənədlər ortaya çıxdıqdan sonra Avropada istər həqiqi, istərsə də saxta müsavatçılara oturum verən olmayacaq.

Gülağa Aslanlı elə düşündü ki, o, Elnur Mirzəyev barədə bəyanat verəcək və qarşı tərəf də ağzına su alıb mat-mat ona baxacaq. Ancaq bu dəfə elə olmadı. Elnur Mirzəyev danışdı və bu dəllaları məhv elədi. Yəni, Elnur Mirzəyevin bir qeyri-standart gedişi dəllaları mat vəziyyətində qoydu…

Yazimda konkret tarix və arayiş nömrəsi vermişəm, 20.04.2015 tarixində Gülaga Aslanlının imzasiyla 17 və 18 saylı arayışlarla gəlib. Avropada bir ölkədən sığınacaq istəmiş adamlar var. Müsavatın indiki rəhbərliyi, eləcə də kecmiş başqanı istərsə,  hələ üzərindən 2 ay belə keçməyən bu arayışları yoxlada bilərlər. Yoxlasalar “irəliyə doğru” bir addım atmış olurlar…


– Oturumu Müsavat Partiyasının verdiyi arayışla alan hansı mühacir ailələri tanıyırsınız?

– Tandıqlarım var. Amma onaların adın çəkmək istəməzdim.


– Bu açıqlamanızla bağlı sizə təzyiqlər olunubmu, olubsa, kimlər tərəfindən?

–  Mənim yazımda qeyd olunur ki, Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib. Bəllidir ki, Azərbaycanda nə dövlət, nə də özəl idarələrə belə arayış gərəkmir. Bu arayışların yalnız mühacirət üçün gərəkli olduğu hər kəsə bəllidir. Çox istərdim ki, Müsavat Partiyası “6 ayda 483 arayış”la bağlı rəsmi açıqlama versin. Ötənilki göstəriciləri də bilmək maraqlı olardı. Bir də Müsavat Partiyası bilirmi ki, onun mühacirətdə nə qədər üzvü var və nə qədər üzvü oturum almaq üçün müraciət edib? Onların müxtəlif ölkələrdəki sayı və s. bu kimi statistik materiallar varmı? Varsa, ortaya qoyun, yoxdursa, qüsurunuzdur. Yaradın və təşkilata çağdaş siyasi texnologiyalar əsasında yeni düzən verin…



“Saxtalar həqiqiləri kölgədə qoyub”

İsveçrəyə təzə gəlmişəm. 2004-cü ilin əvvəlidir. Rus dilini bildiyimə görə keçmiş SSRİ məkanından olan mühacirlərlə bir yerdə qalmaq zorundayam. Mənimlə bir yerdə olanların hamısı, istisnasız olaraq oğru idi. Onlar İsveçrənin müxtəlif yerlərindən bahalı şeylər çırpışdırıb dəyər-dəyməzinə satardılar. Əldə etdikləri pulu da sonda narkotikə verib kayf tutardılar. Onların arasında narkomaniyaya ifrat meylli bir gürcü vardı. Bir gün o mənə dedi ki, sən bizi bağışla, biz əclaf adamıq. Soruşdum ki, niyə? Dedi ki, mənim də ölkəmdə namuslu adamlar var. Ancaq onlar da sənin kimi Avropaya gələndə çox utanırlar. Çünki görürlər ki, keçmiş SSRİ-dən gələnlərin əksəriyyəti oğurluqla məşğul olur. Bax bizim bu əməllərimizə görə Avropaya gələn yaxşı adamlara da pis baxırlar…

İndi müsavatçılarla bağlı vəziyyət təxminən vurğuladığım məqam kimidir… Saxtalar həqiqiləri kölgədə qoyub. Bəzən isə absurd situasiyalar yaranır. Mənə bunu müsavatçılar danışıb. Saxta müsavatçılar həqiqi müsavatçılara elə nağıllar danışıblar ki.Məsələn, biri deyib ki, baxma ki, İsa Qəmbər hacıdır. Hərdən onu restorana-zada aparırdım. Bilirsən neçə araq vurur? 2 butulka boşaltmamış durmurdu… Hamı bilir ki, İsa Qəmbər 20 ilə yaxındır  içkidən uzadır, ibadət əhlidir. Amma saxta arayış alanlar bəzən özlərini böyük göstərmək üçün digər müsavatçılara belə hədyan şeylər danışırlar. Hətta belə şeylərə görə saxta müsavatçılarla həqiqi müsavatçılar arasında dəfələrlə dava düşüb…

Bir də Almaniyada yaşayan mühacir həmkarımız Fəxrəddin Hacıbəylinin son statusuna diqqət çəkmək istərdim. Bəhs etdiyimiz mövzu ilə bağlı yazır:”Bir gün bu işin zibilinin çıxacağını təxmin etmişdim. Bəzi yoldaşlar çox ağ eləmişdi. Buyurun, indi arxanızca buraxdığınız zir-zibillərin cavabını verin!” Onunla əlaqə saxladım. Dedi ki, bəy, bu məsələdə səninlə həmrəyəm. Ona görə ki, o vəsiqələrdən, arayışlardan neçəsi gəlib əlimdən keçib.

Ana səhifəVideo”Müsavat Partiyasının dağılmasına sevinirəm”