Vaqif Hacıbəyli: “14 səhifəlik həmin sənədin 20 faizi hakim zümrəyə,qalan 80 faizi xalqa qarşıdır”
Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Facebook səhifəsində ABŞ Konqresində rəsmi Bakıya qarşı “Azərbaycanda Demokratiya Aktı” adlı HR4264 saylı qanun layihəsi barədə fikirlərini bölüşüb.
Vaqif Hacıbəyli hesab edir ki, əvvəl sənədi oxuyub yaxşı öyrənmək, sonra onun Azərbaycan xalqının mənafeyinə tam uyğun olduğunu iddia etmək olar: “Sənəd bu petisiyada göstərilən hissədə, yəni İlham Əliyevə, yüksək çinli digər dövlət məmurlarına viza verilməməsi, onlara və ailə üzvlərinə biznes sahəsində sanksiyaların tətbiqi hissəsində tam dəstəklənməlidir. Petisiyanın anonim qalmağa üstünlük verən müəllifləri də məhz bunu hesablayıb, petisiya paylaşırlar ki, insanlar əsas sənədin mətnini tam oxumadan petisiyanı imzalasınlar. Qanun layıhəsi müəyyən
hissədə, yəni energetika sahəsi daxil olmaqla iqtisadi sanksiyaların tətbiqi hissəsində Azərbaycana ziyandır və rədd edilməlidir. 14 səhifəlik həmin sənədin 20 faizi hakim zümrəyə,qalan 80 faizi xalqa qarşıdır. Diqqətli olun, oxuyun, öyrənin, öz əlimizlə özümüzü bəlaya salmağa imkan verməyin”.
Vaqif Hacıbəylinin qardaşı, Müsavat Partiyasının başqanı Arif Hacılı bu barədə sualımıza bir cümlə ilə münasibət bildirdi: “Bu, Vaqif Hacıbəylinin müstəqil fikridir. Amma mən onunla razı deyiləm”.