Müsavat Partiyasından istefalar var

Sabunçu rayon təşkilatının 4 üzvü sədr seçkisinə etiraz olaraq partiyadan uzaqlaşıb

Source:


Sabunçu rayon təşkilatının 4 üzvü sədr seçkisinə etiraz olaraq partiyadan uzaqlaşıb

Martın 15-də Müsavat Partiyasının Sabunçu Rayon Təşkilatının konfransı keçirilib. Konfransda sədrliyə iki namizəd olub, keçmiş “vicdan məhbusu”, hüquq müdafiəçisi Elşən Həsənov və orta təhsili olmayan Elnur Əsgərov.

Bu barədə Meydan TV-yə adının çəkilməsini istəməyən müsavatçı gənc məlumat verib. Onun sözlərinə görə, səsvermə zamanı Müsavat başqanı Arif Hacılının birbaşa müdaxiləsi ilə Elşən Həsənovu uduzdurublar: “Səbəb isə Elşən bəyin başqanlığa keçmiş namizəd Tural Abbaslının dostu olmasıdır. Baş verənlərə etiraz əlaməti olaraq 4 nəfər Sabunçu rayon təşkilatından istefa verib, hətta istefaların davamlı olması gözlənilir”.

Arif Hacılı Meydan TV-nin məsələ ilə bağlı sualını cavablandırmaq istəməyib. O, sualı sona qədər dinləmədən “bu, qeyri-ciddi xəbərdir, özünə hörmət edən jurnalist bu barədə sual verməz” – deyərək telefonu qapadıb.

Tural Abbaslı rayon təşkilatında seçki keçirildiyini təsdiqləyib. O, Meydan TV-yə deyib kİ, dünyagörüşlərinə, siyasi çəkilərinə baxmayaraq , Elşən Həsənovun uduzmağı da faktdır: “Onun bizimlə dost olması da faktdır. Qalan məsələlər hərənin öz vicdanına bağlıdır. Təbii ki, mən seçkinin nəticələrinin belə olacağını gözləmirdim. Hər şey parlament seçkilərində özünü büruzə verəcək, Sabunçu rayonunda isə 3 dairə var. O zaman rayon təşkilatının idarəçiliyinin necə olacağı bilinəcək. Sürpriz, yoxsa inkişaf olacaq. Hər şeyi zaman göstərəcək”.

O, 4 nəfərin istefa verməsi barədə də məlumat aldığını deyib.

Sədrliyə namizəd Elşən Həsənov ona qarşı saxtakarlıq olduğunu və rəhbərliyin müdaxiləsini təsdiqləyib: “Hər təşkilatda passiv və fəal üzvlər olur, birincilər illərlə görünmür, tədbirlərə qatılmır, adları yalnız siyahılarda olur. Ancaq bu dəfə seçkilərə tanımadığımız adamlar gəldi. Bundan əvvəl də seçkilər keçirilmişdi, amma yetərsay alınmadı. O zaman Zöhrab Məhərrəmli açıq şəkildə üzvlərə zəng edib İsa Qəmbərin və Arif Hacılının adından demişdi ki, nə edirsinizsə edin, Elşən Həsənovun əleyhinə səs verin. Bu məsələni rəhbərliyə çatdırdım, hətta Divanda da qaldırıldı”.

Elşən Həsənov əleyhinə aparılan kampaniyada onu Qubad İbadoğlu ilə bağladıqlarını söyləyib: “Halbuki, bunlar yalandı, mən bütün gücümlə rayon təşkilatının bütövlüyünü qoruyuram”. O, rayon təşkilatından istefalar olduğunu təsdiqləyib: “10 nəfər ərizəsini verib, mən, ümumiyyətlə, istefaların əleyhinəyəm. Təəssüf ki, parlament seçkilərinə hazırlıqdan danışırlar, bu tərəfdən də rayon təşkilatını dağıdırlar”.

Ondan fərqli olaraq rəqibi Elnur Əsgərov Meydan TV-yə deyilənlərin böhtan və yalan olduğunu bildirib: “Heç bir saxtakarlıq olmayıb, istefalar da yoxdur”.

Ana səhifəXəbərlərMüsavat Partiyasından istefalar var