Elnur Astanbəyli: “Azərbaycandakı partiyalarda Partiya Patrul Xidməti – PPX formalaşıb”
Müsavat Partiyasının 8-ci qurultayı bitsə də, qarşılıqlı ittihamlar səngimir. Hətta tərəflər bir-birini hakimiyyətə işləməkdə suçlayırlar. Meydan TV olaraq Müsavat Partiyasının daxili olaylarına həmişə kənardan müşahidəçi qismində yanaşmağa cəhd etmişik. Bu dəfə də Müsavat Partiyasının üzvü, tanınmış yazar Elnur Astanbəyli ilə mövcud durumun yaratdığı suallara cavab tapmağa çalışdıq.
–
Elnur bəy, ilk sualımız ənəvi səciyyə daşıyır, Müsavat Partiyasında nə baş verir?
– Müsavat Partiyasında Azərbaycandakı siyasi partiyalara xas olan ənənəvi böhran baş verdi. Bir daha təsdiqləndi ki, Azərbaycanda siyasi partiyalar ideoloji dəyərlərə, maraqlara və kursa yönəlik formalaşmır. Partiyalar şəxsiyyət ətrafında formalaşır, nəticədə kiçik çaxnaşma partiyanı sarsıdır. Biz bunun əvvəlki nümunələrini görmüşük. Etibar Məmmədovdan sonra AMİP-də, Rəsul Quliyevdən sonra ADP-də, ən parlaq təzahürü isə AXCP-də baş verdi. Əbülfəz Elçibəydən sonra Azərbaycanda Əhməd, Məmməd adından çox AXCP adında partiyalar ortaya çıxdı. Eyni proses Müsavat Partiyasıyla yaşanır.
–
Ancaq Müsavat Partiyası 100 ilin partiyasıdır…
– Təbii ki, Müsavat Azərbaycan tarixinin önəmli hadisələrindən biridir. Yəni 100 il öncə müsəlman-türk dünyasında siyasi təşkilatın meydana çıxması, onun ilk cümhuriyyətin yaradıcısı olması Müsavatı önəmli yerə gətirir, bunlar təbii ki, ciddi tarixi olaylardır. Amma 100 illik təcrübə yoxdur. 100 illik tərcümeyi-hal var. Çünki 100 illik partiyanın təcrübəsində partiya şəxsiyyət, lider ətrafında bu qədər sıx şəkildə birləşməməliydi. Bir tarixi məqamı xatırlayaq, səhv etmirəmsə, Müsavat Partiyası 2000-ci illərin ortalarında gözlənilməz şəkildə Liberal Demokrat İttifaqa qoşuldu. Partiya Liberal Demokrat İttifaqa qoşulanda bu qədər qarşıdurma və toqquşma olmamışdı. Necə olur, bir partiyanın ideoloji kursuyla bağlı gözlənilməz hadisə baş verir və bu, sadəcə, kiçik iradlar, tənqidlər və yaxud ittihamlarla ötüşdürülür, amma başqan dəyişikliyi hadisəsi bu qədər sancılı, davakar, açıq müharibə şəraitində keçir? Əmin olun, eyni hadisə digər partiyalarla da yaşana bilər. İstənilən partiyada sabah sədr dəyişikliyi baş versin, ya da liderlə bağlı sürəc yaşansın, eyni hal hamısında baş verəcək. Ancaq sabah İsa Qəmbər çıxıb desin ki, Müsavat sol partiyadır, bir ay sonra millətçiliyə qayıtdığını söyləsin, 1 il sonra isə liberalizmə döndüyünü bildirsin, heç nə dəyişməyəcək.Yəni lider nə desə, odur. Çox ağrılı haldır ki, 10 il əvvəl partiyada 180 dərəcə ideoloji prinsiplərdə dönüş baş verir, heç nə yoxdur, amma lider dəyişəndə “yer yerindən oynayır”.
–
Ancaq sabiq başqan İsa Qəmbər “Müsavatın bir başqanı var, Arif Hacılı” dedi. Bununla belə, Azadlıq Radiosunun efirində Gülağa Aslanlıyla Qubad İbadoğlu bir-birini hakimiyyətə işləməkdə suçladılar. Bu kontekstdə nə baş verdiyini deyə bilərsinizmi?
– Əvvəla, deyilən ittihamlar Müsavata hörmətsizlikdən irəli gəlir. Müsavatın funksionerləriradio efirində bunu qurultaydan sonra dedilər.Qurultaydan əvvəl partiya daxilində bir neçə qrupun olduğu sezilirdi, hətta rayon təşkilatlarında keçirilən görüşlərdə kimin hansı oliqarx məmurla əlaqədə olduğu deyilirdi. Əslində, Müsavat Partiyasının 27 sentyabr qurultayı nə azad seçkinin, nə demokratiyanın təcəssümü olmayıb.
–
Amma sabiq və indiki başqanınız bildirib ki, başqan və məclis seçkisındən hakimiyyət nümunə götürməlidir…
– O cür seçki olmazdı.
–
Nə üçün?
– Bir neçə ildir eyni şeyi dönə-dönə deyirəm. Azərbaycandakı partiyalarda Partiya Patrul Xidməti-PPX formalaşıb, bu, sədrin ətrafındakı 20-30 nəfərin müəyyənləşdirdikləri çevrədə heç nəyi qəbul etməyən qrupdur. Mən partiyanın üzvüyəm, amma partiyadakı 25-30 adam belə bir görüntü yaradırlar ki, Müsavatı yalnız onlar sevirlər, bütün toplantılarda ancaq əl çalınmalıdır.Bir sözlə, partiyanı qərargahdan ibarət görən bir dəstə var.
–
Kimdir o dəstə, ad çəkmək olmazmı?
– Mən deyirəm, bugün Arif Hacılı barəsində sosial şəbəkədə bir tənqidi cümlə yaza bilmirəm. Ümumiyyətlə, prosesə münasibət bildirə bilmirəm. Mən artıq bir fərd olaraqpartiyalar barəsində yazmamaq qərarına gəlmişəm. Çünki bir cümlənin arxasından 30-40-50 adam, yəni PPX-lar düşürlər üstünə. Məlum olur ki, bunlardan başqa heç kim partiyanın perspektivi haqqında düşünmür. Ancaq bunlar düşünür və qərar verirlər. Partiyanın qurultayından əvvəl Mərkəzi İcra Aparatı bir başqanlığa namizədin təbliğatında iştirak edir. Mərkəzi İcra Aparatı – qapıçıdan tutmuş ən yuxarı funksionerə qədər hamısı təbliğat kampaniyasında iştirak edirdi. Prezident Administrasiyası seçki prosesində iştirak edəndə biz niyə etiraz edirik? Başqa nümunələri deyim.Qurultaydan 20-25 gün əvvəl Arif Hacılının təbliğatıyla məşğul olanlar İsa Qəmbərin namizədinin Arif Hacılı olduğunu açıq şəkildə deyirdilər və bu, partiyanın daxilində də danışılan məsələydi. Açıq danışaq, namizədlərin heç biri mənim namizədim deyildi. Sadəcə, son ayda müəyyən meyarları nəzərə alıb Qubad İbadoğlunun üzərində dayanmışdım. Qurultay nümayəndəsi olmadığımdan o qədər də maraqlı deyildim. Amma partiyada İsa Qəmbərin namizədi məsələsinə müdaxilə olunmadı, artıq onun namizədinin kim olacağı barədə Arif Hacılının tərəfdarlarına zəng olunaraq deyirdilər.
–
Deməli, İsa Qəmbər status-kvonun qalmasını istəyirmiş, yeniliyi yox?
– Mən İsa Qəmbərin hesablamasını deyə bilmərəm, bu, müxtəlif ola bilərdi. O, düşünə bilərdi ki, Arif Hacılının başqan olması partiyanı daha az itkiylə vəziyyətdən çıxarda bilər. Nəyə görə? Əminəm ki, Arif Hacılı başqan olmasaydı, proses indikindən daha şiddətli olacaqdı.
–
Ancaq Arif Hacılının dediyi kimi, Müsavat Partiyasının elitası Qubad İbadoğluya səs verdi…
– Ay qardaş, Müsavatın elitası onsuz da qalmadı. Müsavatın elitası kimin hansı oliqarxa işləməsinə qədər getdi.
–
Yəni vəziyyət o cürdür?
– Yəni siz Azadlıq Radiosunun efirində bunun şahidi olmadınız?Eyni zamanda, qəzet səhifələrində eyhamlar oldu, yalnız sosial şəbəkəni izləmək kifayətdir. Sosial şəbəkələrdə hər tərəfin ittihamlarının nə olduğu bəlliydi. Amma bu prosesdə məsələ qurultay və ondan sonra baş verənlər deyil. Bu, Azərbaycandakı 20 illik çatışmazlığı ortalığa çıxardı. Hərçənd ki, bu, əvvəlki illərdə ortaya çıxmışdı. Amma bu dəfə daha parlaq şəkildə göründü. Məlum oldu ki, 90-cı illərin əvvəllərində yaranan siyasi partiyalar, 23 yaşlı partiyalar bu qədər qeyri-yetkindirlər. Təsəvvür edin, Müsavat Partiyasının 2006-cı il qurultayında 8-9 nümayəndə ilə təmsil olunan rayon təşkilatları 27 sentyabr qurultayında 1 nümayəndəylə gəlmişdilər. 2006-ci ildən sonra nə baş verib ki, 8-10 nümayəndəsi olan rayon təşkilatları 1 nümayəndəylə qurultaya gəlib?Bir sualım var; partiyanın son illər təşkilati məsələlərinə kim cavabdeh olub?
–
Arif Hacılı
– Baxın, partiyanın rayon təşkilatlarının durumu göz önündədir. Fakt budur ki, rayon təşkilatları yoxdur. Əslində, “1 nəfər iki dəfədən çox sədr və başqan seçilə bilməz” maddəsini nizamnaməyə salmaqla rayon təşkilatlarını ciddi zərbə altına qoydular. Rayon təkilatlarınınsədrlərini tanıyıram, onlardan biri az əvvəl mənə demişdi ki, 3 il müddəti başa çatandan sonra sədrlikdən gedib. Ancaq 2-3 il Şura toplayıb yeni sədr seçə bilməyiblər, hətta sədrliyə adam tapa bilməyiblər. Ancaq indi sədrliyə adam tapsalar da, adamın özünü tapıb toplantı keçirə bilmirlər. Təşkilati məsələlərə cavabdeh olan Arif Hacılı təşkilatı necə saxlayacaq, bu, artıq başqa bir mövzudur. Baxın, biz Müsavat Partiyasının timsalında Azərbaycan siyasi partiyalarının sancısını gördük. Bu partiyanı YAP-ın qərargahına tədbirə çağırırlar, qaça-qaça gedirlər, partiyanın içərisindənisə səs yoxdur. Bir seçkidə filankəs məclis üzvü olmalıdır deyə, buna görə partiya dağılmaq həddinə çatır. Bu, çox dəhşətli şeydir, belə partiya olmaz. Partiyanın ideoloji istiqamətini dəyişirlər, heç bir polemika, müzakirə aparmadan, 2-3 xırda etiraz olur, hamı alqışlayır. YAP-ın qərargahına gedirlər, 1nəfər etiraz edir, onu da türklər demiş: “9 köydən qovurlar”. Amma nə məsələdirsə, hansısa bir seçki qovğa yaradır. Mən Müsavat Partiyasına bu dərəcədə biətçiliyin olmasını yaraşdırmıram.
–
Bu gedişlə Müsavat Partiyasını 2015-ci il parlament seçkilərində nələr gözləyir?
– O partiya və hökumətimizin səxavətindən və mərhəmətindən asılıdır.