“Oyunların xalqa məxsus maliyyə vəsaitlərini israfçılıqla xərclənməsi hesabına, insan haqlarının dünya dövlətlərinin gözü qarşısında pozulduğu halda keçirilməsini məqsədəuyğun saymayıb”
“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan xalqının mənafeyinə xidmət edə bilərdi. Siyasi və vicdan məhbuslarının oyunlar ərəfəsində azad olunması, iqtidar və müxalifət arasında real dialoqa qərar verilməsi, insan haqlarına hörmətlə yanaşılması yolu ilə demokratik islahatlar prosesinin Qarabağ probleminin həllinə müsbət töhfə verməsinə şərait yarada bilərdi. Ancaq hakimiyyətin yanlış siyasəti nəticəsində bu şanslardan istifadə edilmədi. Əksinə bu oyunlardan gəlir əldə etməsə də, oyunların təşkilinə sərf olunan milyardlarla dollarlıq xərclər barəsində bu günə kimi xalqa əsaslı hesabat verməyib”.
Bu fikirlər Müsavat Partiyası Məclisinin bəyanatında səslənib.
Partiya Məclisi hesab edir ki, Avropa Parlamentinin Azərbaycanda İnsan Haqlarının kobud şəkildə pozulması və ölkədə siyasi məhbusların olması barədə qətnamə qəbul etdiyi ərəfədə başlayan Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə Avropa Birliyinin nüfuzlu ölkələrinin başçılarının qatılmaması, oyunlar bitmədən AŞPA-nın Azərbaycanda insan haqlarının vəziyyəti barədə sərt qətnamənin qəbul etməsi, ölkənin beynəlxalq imicinə zərbə oldu. Avropa Oyunları müddətində nüfuzlu insan haqları təşkilatı olan “Freedom House”un açıqlamasında Azərbaycanı ən avtoritar ölkələr sırasında göstərməsi, ABŞ Dövlət Departamentinin ölkəmizlə bağlı bu vaxtadək ən sərt hesabat yayması da Azərbaycandakı real vəziyyətin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən necə qiymətləndirildiyini göstərdi.
“Belə bir dövrdə keçirilən Avropa Oyunlarında iştirak edən idmançıların, məşqçilərin və texniki heyətin xərclərinin Azərbaycan tərəfindən ödənilməsinin hansı öhdəlikdən yarandığına bu günə kimi aydınlıq gəritilməyib. Oyunların açılışına 100 milyondan artıq, bağlanışına 140 milyon dollar xərclənməsinin də hesabatı verilmir. Ölkə büdcəsi hesabına 100-dən çox xarici ölkə vətəndaşının yarışlarda Azərbaycanı təmsil etməsinin ölkədə idmanın inkişafı ilə hansı əlaqəsi olduğu aydın deyil”,-bəyanatda belə deyilir.
Müsavat Partiyası idman oyunlarının əleyhinə deyil. Olimpiya prinsiplərinə hörmət və sayğı ilə yanaşır. Lakin bu oyunların xalqa məxsus maliyyə vəsaitlərini israfçılıqla xərclənməsi hesabına, siyasi və vicdan məhbuslarının həbsdə saxlamaqla, ölkədə insan haqlarının dünya dövlətlərinin gözü qarşısında pozulduğu halda keçirilməsini məqsədəuyğun saymayıb.
Müsavat Partiyası ölkə əhalisinin əhəmiyyətli hissəsinin banklara borclu olduğu, çörək pulu uğrunda mübarizə apardığı, kənd təsərrüfatının inkişafına dövlət qayğısının olmaması səbəbindən bahaçılığın yarandığı, korrupsiya, rüşvətxorluq və monopoliya səbəbindən insanların rifahının daima pisləşdiyi bir zamanda, ərazisinin 20 faizi işğal altında və bir milyon məcburi köçkün olan ölkədə Avropa Oyunlarına milyardların israfçılıqla xərclənməsinə etirazını bir daha bildirməklə yanaşı bu Oyunlara xərclənən vəsaitlər barədə xalqa ətraflı hesabat verilməsini Azərbaycan hakimiyyətindən tələb edir.