Müsavat Partiyası yürüş keçirməyəcək

Partiya qərarını ləğv etdi

Source:
Müsavat Partiyası rəhbərliyi
Müsavat Partiyası rəhbərliyi


Partiya qərarını ləğv etdi

Müsavat Partiyası oktyabrın 21-də yürüş keçirməyəcək. Bu haqda partiyanın yaydığı açıqlamada deyilir.

Bakı şəhəri İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-də yürüş keçirmək barədə müraciətinə cavab olaraq, aksiyanın keçirilməsinə qadağa qoyub.

İcra Hakimiyyəti Bakı şəhərində nəqliyyatın sayının artmasını, aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını əsas gətirib.

Müsavat Partiyası hesab edib ki, icra hakimiyyətinin belə cavabı sərbəst toplaşmaq azadlığının formalarından biri olan yürüş və nümayişlərin birdəfəlik qadağan olunması kimi qiymətləndirilməlidir:

“Bu, ölkə Konstitusiyasının və “Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanun”un kobud şəkildə pozulmasıdır.

Bu qərar eləcə də ölkə başçısı İlham Əliyevin bugünlərdə mötəbər bir tədbirdə söylədiyi “Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur” fikrinin əsassız olduğunu təsdiqidir. Müxtəlif idman yarışları və digər tədbirlər keçirilərkən nəqliyyatın hərəkətinə günlərlə tətbiq edilən məhdudiyyətlər də sübut edir ki, yürüş qadağası ilə hakimiyyət paytaxt sakinlərinin deyil, özünün antidemokratik maraqlarından çıxış edir, rəqiblərinin siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirir” – partiyanın açıqlamasında deyilir.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qərarını qanunsuz və əsassız hesab edir.

Açıqlamada deyilir:

“Müsavat Partiyası ölkədəki situasiyanı analiz edərək; indiki dövrdə razılaşdırılmamış aksiya keçirilməsinin hakimiyyət tərəfindən cəmiyyətdə xofun dərinləşdirilməsi üçün zor tətbiqinə şərait yaradacağını nəzərə alaraq; bunun demokratik düşərgənin mənafeyini əks etdirmədiyi qənaətinə gələrək oktyabrın 21-də yürüş keçirilməyəcəyini, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizəsini bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdirəcəyini bəyan edir”.

Ana səhifəXəbərlərMüsavat Partiyası yürüş keçirməyəcək