Başqanlığa namizədlər Tofiq Yaqublu, Arif Hacılı və Yadigar Sadıqlı

Mənbə: Foto: APA

Başlıq: Başqanlığa namizədlər Tofiq Yaqublu, Arif Hacılı və Yadigar Sadıqlı

Arif Hacılı yenə Müsavat Partiyasının başqanı oldu

Məqalə yeniləndi:  13 Oktyabr 2019

***

Müsavat Partiyasının IX qurultayının səssayma prosesi başa çatıb.

Tofiq Yaqublu 51 səs, Yadigar Sadıqlı 20 səs, Arif Hacılı 262 səs qazanıb.

Partiyanın Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, Arif Hacılı 50 faizdən çox səs qazandığı üçün 4 illiyinə partiyanın başqanı seçilib.

***

Partiyanın qurultayında namizədlər keçmiş başqan İsa Qəmbərin çıxışına qarşı çıxdılar

Oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” sarayda Müsavat Partiyasının IX qurultayı başlayıb.

Qurultayda 265 nümayəndə iştirak edir. Tədbirdə partiya başqanının seçkisi gözlənir.

İlk olaraq hazırkı başqan və namizəd Arif Hacılı ötən 5 illik fəaliyyəti haqda hesabat məruzəsi etdi. O bildirdi ki, bu dövrdə Məclisin və Divanın bütün iclasları keçirilib və müvafiq qərarlar qəbul edilib:

“Ötən müddətdə bütün siyasi-iqtisadi hadisəyə münasibət bildirmişik. Partiyamız başqa partiyalardan bir sıra məsələrə görə fərqlənib, biz Rusiyanın və başqa qüvvələrin anti-Azərbaycan qərarlarına münasibət bildirmişik. Biz üçüncü respublikanın yaranması uğrunda mübarizəni davam etdirmişik, yeni 1 yol açmamışıq, partiyanın təməl prinsipləri əsasında fəaliyyət göstərmişik. Bu müddətdə Müsavat Azərbaycana maddi və mənəvi ziyan vuran Avropa oyunlarını boykot edib. 2015-ci ildə parlament seçkilərində 70 namizədimiz olsa da, 30 namizəd qeydə alındı, amma onların televiziya çıxışlarına imkan verilmədi, hazırda onların şikayətləri Avropa Məhkəməsindədir. Yalnız Müsavat Partiyası olaraq ofşorlarda gizlədilən vəsaitlərlə bağlı Respublika Prokurluğuna müraciət etmişik. Bu il Azərbaycanda 4 siyasi aksiya olub, bunun ikisini Milli Şura təşkil edib. Biz 2 icazəsiz aksiya keçirmişik, bir dəfə İran səfirliyi qarşısında, ikinci isə Azad Həsənovun azadlığa buraxılması ilə bağlıydı. Partiya bu dövrdə xarici əlaqələrini gücləndirib, Avropada 70 ölkənin partiyası ilə, o cümlədən, Rusiya, Ukrayna, Gürcüstan partiyaları ilə əlaqələrimiz var. ABŞ-a səfərimdə Dövlət Departamentində bir sıra görüşlərim olub, partiyamızın xarici ölkələrlə əlaqəsi baxımından rəqibi yoxdur. İnformasiya blokadasını “Yeni Müsavat” qəzeti mövqeyini dəyişdikdən sonra “bastainfo” və bir sıra saytlar vasitələrlə yarmışıq. Bu dövrdə partiyanın siyasi məhbusları olub, amma indi yoxdur, yalnız “basta.info” saytının redaktorunun ölkədən çıxışına qadağa qoyulub. Partiyanın bundan sonra güclənməsi istiqamətində ciddi işlər görmək niyyətindəyik. Partiyamızın aparıcı partiyalarla əlaqələri əvvəlki illərdən xeyli yaxşıdır”.

Arif Hacılı partiyanın maliyyə durumunun ağır olduğunu söylədi:

“Amma bu, bizə ən böyük üstünlüyü verir ki, partiyamız heç kimdən maliyyə asılılığında deyil. Mən partiyamızın zəifləməsi haqda deyilən fikirləri bölüşmürəm. Siyasi məhbuslarımızın olmaması Müsavat Partiyasının zəifliyi yox, gücüdür. Rəsulzadə-Elçibəy yolunun davam etdirməsi partiyamızın üstünlüyü və gücüdür. Azərbaycanda İlham Əliyev rejimini Müsavat Partiyası əvəz edəcək”.

MNTK sədri Sevinc Hüseynova bildirdi ki, partiyanın 66 rayon təşkilatının 59-da konfranslar keçirilib:

“Təəssüf ki, bəzi rayon təşkilatlarında şura iclasları hər ay baş tutmayıb, amma bu barədə onlara bildirilib. Əlbəttə, güclü rayon təşkilatları olduğu kimi zəif təşkilatlar da var. Bu müddətdə 6 nəfər nizamnaməni pozduğu üçün partiyadan xaric edilib”.

S.Hüseynova hər ay üzvlük haqları verildiyini və 3 aydan bir bu barədə hesabat təqdim olunduğunu qeyd edib.

Qonaqların təbrikindən sonra namizədlər çıxış edib.

“Mən partiyanın başqanı olaraq üzərimdə olan məsuliyyəti dərk edirəm”

Başqanlığa namizəd Arif Hacılı ölkədəki indiki dövrü SSRİ-nin Brejnev hakimiyyətinin son illərinə bənzədib. O, partiyaya gənclərin və xanımların cəlb olunmasının vacibliyini vurğulayıb:

“Biz bu istiqamətdə müxtəlif işlərə başlamışıq və indiki komandayla davam etdirmək niyyətindəyik. Əgər minimum demokratik şərtlərlə seçkilər keçirilərsə, qalib gələ bilərik. Müsavatın zəifləməsi barədə fikirləri qəti qəbul etmirəm. Hazırda partiyamız hakimiyyətin yaratdığı qeyri-bərabər şəraitdə partiyanın strukturlarını və nüfuzumuzu qoruyub saxlamışıq. Mən partiyanın başqanı olaraq üzərimdə olan məsuliyyəti dərk edirəm. Müsavat Partiyası yalnız Azərbaycanda yaşayan azərbaycanlıların yox, dünyada olan 50 milyonluq xalqın partiyasıdır. Mən növbəti 4 illiyə də partiyanın başqanı olmağa, özümü güclü və sağlam, həm də ən uğurlu başqanı olmağa hazır hesab edirəm”.

IX qurultay

IX qurultay

Mənbə: Foto: Meydan tv

“Hər iki səngərdə döyüşməyi xoşlayıram”

Başqanlığa namizəd Tofiq Yaqublu əvvəlcədən çıxışını tənqid üzərində quracağını deyərək bildirdi ki, narazı olduğu məqamlara görə namidəzliyini irəli sürüb:

“Mən meydanlar, sosial şəbəkələr və mətbuat məsələsini önə çəkib deyirəm, partiya bu yöndə geriləyib. Partiyanı 1992-ci ildən İsa bəy, ardınca Arif bəy idarə edib, yəni eyni komanda olub, indi yeni idarəetmə üsul və nəfəs gəlməlidir. Çünki biz inqilabi zəminin yetişdiyi ölkədəyik, mən özümü dəyişikliklərə hazır sayıram. Kommunist Partiyasından 20 Yanvar faciəsindən bir il əvvəldən uzaqlaşmışam, birinci Qarabağ savaşında bölük komandiri olmuşam, o cümlədən, siyasi proseslərin önündəyəm, Mehman Hüseynovla bağlı aclıq aksiyasında və 8 oktyabr piketində bunu gördünüz. Milli Şurada üzv qalmağıma gəldikdə, Müsavat Partiyasının rəhbərliyi də bu qurumda olub. Milli Şuraya hakimiyyətə qarşı ikinci səngər kimi baxıram, orda ardıcıl mübarizə gedir. Sabah seçkilər olsa, Müsavatın və Milli Şuranın namizədləri olsa, mən avtomatik şuradan uzaqlaşacam. Sadəcə, hər iki səngərdə döyüşməyi xoşlayıram, məqsədim rejimə qarşı mübarizə aparmaqdır. Dəyərləndirməmə əsasən, partiyamız potensialına görə yerində deyil, geriləmişik. Əvvəlki illərdə hökumətin bütün resursları İsa Qəmbərə qarşı yönəlmişdi, indi həmin ünvan dəyişib, belə olmalı deyildi. Biz zəifliklərimizi görməli və deməliyik. Kimdən geri qalmışıq, məcburam ad çəkməyə, bilirlər. Partiya real qüvvələrlə əməkdaşlığı üstün tutmalıdır, əks təqdirdə alınmayacaq. Bu dəqiqə İlham Əliyevin ən çox qorxduğu AXCP ilə Müsavatın bir yerdə olmağıdır. Həbsdə olanda yuxarıdan görüşümə gələnlər dedilər ki, birlik söhbətini bitir, azad olunacaqsan. Çox qəribədir ki, həbsdən çıxandan sonra da Divanın iclasında başqan dedi ki, birlik söhbətini yığışdır. Mən Müsavatın başqanı olsam, müxalifətin real birliyi olacaq. Biz indi Milli Şuranı tanımırıq, amma mitinqlərinə gedirik. Mən Müsavatı Milli Şuranın içində əriməsini istəmirəm. Namizədliyimi irəli sürəndə, hakimiyyətin bütün resursları məni hədəfə aldılar, hakimiyyət üçün Milli Şura və Müsavat birliyi arzuolunmazdır. İkinci, partiyanın rəhbəri cəmiyyətdə nüfuzlu olmalıdır, çünki o sabah hakimiyyətə iddialı olacaq. Ən dəhşətlisi odur ki, səhvi deyən adamı partiyanı nüfuzdan salan kimi elan edirlər. Baxın, Tofiq Yaqublu başqan müavinliyindən xaric edilir, amma Divana məlumat verilmir. Necə ola bilər ki, partiyanın Divan üzvləri xaricə gedənlərin arayışları ilə tanış ola bilmir? Partiyanın üzvləri var ki, Mehriban Əliyevanın namizədliyini, yaxud Vilayət Eyvazovun nazir olmasını təbliğ edib. Amma mən mitinqə çağırışa görə sorğulanmışam, niyə və nə üçün? Hörmətli İsa bəy, məni DİN-ə və prokurorluğa çağırırlar, amma nə siz, nə Arif Hacılı bu məsələyə mövqe bildirirsiz. Yaxud başqa hadisələr baş verir, hörmətli İsa bəy futboldan yazır. Halbuki, bu missiyadır, öhdəlikdir, Müsavat liderinin işi hakimiyyətlə döyüşməkdir. Əgər mən partiyanın başqanı seçilsəm, yeni era başlayacaq. Bəli, hər iki siyasətçinin xidməti olub, amma artıq yeni zaman gəlib. Baxın, Meydan TV və Kanal13-də keçirilən sorğular göstərdi ki, məni dəstəkləyirlər, mən bunları xüsusi qabartmıram, çünki əsas partiyanın daxili seçkiləridir, amma bunu trolların əməyi kimi qiymətləndirmək də doğru deyil. Hökumət qəti şəkildə Tofiq Yaqublunun Müsavat başqanı seçilməsini istəmir. Sizi seçki qutusunun önündə reallığı dinləyərək, vicdanınızın səsinə səs verməyə çağırıram”.

“Partiyanın üzləşdiyi böhran Arif Hacılının idarəçiliyindən doğur”

Digər namizəd Yadigar Sadıqlı bildirdi ki, bu gün Müsavatın ən güclü olmadığını etiraf etməliyik:

“Bunu 5 il əvvəllə, yaxud 2003-cü illə müqayisə etməliyik. Biz diaqnozu qoyub vəziyyətdən çıxmağın yollarını axtarmalıyıq. Faktlara keçək, partiyanın aksiyaları çoxsaylılığıyla fərqlənmir, hətta piket üzvlərinin sayı üçün 50 nəfərə qədər adam yox idi. Xüsusi icazə üçün olan mitinqlərdə belə adam az idi. Bunu başqa partiyaların aksiyaları ilə müqayisə edin. 2006-cı ildəki 7-ci qurtultayda 85 rayon, bu gün isə 61 rayon təşkilatında iclaslar keçirilib, indi mənzərəni düşünün. Araşdıranda məlum olur ki, 9-cu qurultayda 1500 adam iştirak edib, bu, sizi qane edirmi? Əl çalıb keçmək istəyirsiniz, yoxsa...? Sosial şəbəkələrdə “Basta” səhifəsinin 103 min izləyisi var, mənim səhifəmin 3 min izləyicisi, amma yazılarımı 150 min civarında insan izləyir. Partiyanın hələ internet kanalı yoxdur, buna nə mane olur? Qərargah var, 20 otaq var, savadlı insanlarımız da var. Rayon təşkilatlarında kifayət qədər intelektual insanlar var, onları internet kanalına cəlb etmək olar, onları cəmiyyətə tanıtmaq lazımdır, niyə adsız insanlar kimi qalmalıdırlar? Onların çoxu ölüb gedir, bizim onların qarşısında günahımız var. Dəyərli və fədakar gənclərimiz var, amma sayları azdır. Hörmətli başqan gənclərin cəlbedilməsi haqda tədbirlər planı hazırlayacağını vəd edirdi, bəs indiyə qədər nə mane olurdu bu planı hazırlmağa? Mənim isə belə bir planım var. Partiyanın üzləşdiyi böhran Arif Hacılının idarəçiliyindən doğur, yəni obyektiv səbəblərdən irəli gəlmir. Deməli, ən yaxşı funksionerin ən yaxşı başqan olması gözlənilən deyil. Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə azadlıq” şüarını “Bu vətən bizimdir” şüarıyla əvəzləmək nəyə lazımdır? Arif Hacılı vəzifələrə təyinat zamanı şəxsi müasibətlərə və şəxsi sədaqətə önəm verir, artıq partiyada rəqabət yoxdur. İş bacarmaq yox, Arif Hacılıya münasibət əsas götürülür. Bakının 11 rayon təşkilatından qurultaya 106 nümayəndə seçilib, bəs niyə Novxanını, Türk şəhidlərinin abidəsini ziyarət edəndə 200 adam toplaya bilmirik? Səbəb rayon sədrlərinin seçilərkən iş bacarığının qiymətləndirilməməsidir. Partiyamız ictimai maraq baxımından xeyli zəifləyib. Bu problemləri etiraf edib aradan qaldırmaq əvəzinə tənqidləri səsləndirənlərə qarşı kampaniya aparılır. Müsavatı dəyişməyin yolu yeni idarəetmədən və rəhbərlikdən keçir. Mən yenidən partiyamızı güclü və böyük görmək istəyirəm. Çünki yeni nəsil, etirazçı nəsil yetişir. Əgər mən başqan olaramsa, həmin gənclərin partiyaya gəlməsi üçün çalışacam. Namizəd olmağımın əsas səbəbi dəyişikliklərin yeganə yol olmasını istəməyimdir. Sizə xeyli dərəcədə yenilənmiş, kollektiv şəkildə idarə olunan Müsavat vəd edirəm. Bu partiyada başqan üstün zəka olmayacaq. Ən qısa müddətdə rayon təşkilatlarını gücləndirəcəyik, internet kanalı yaradacağıq, kifayət qədər savadlı politoloqları, iqtisadçıları partiyaya cəlb edəcəyik. Bu gün partiya gələcəklə keçmiş arasında seçim edəcək. Əgər bu gün seçim edə bilsəniz, hamı Müsavata həsrətlə baxacaq”.

IX qurultay

IX qurultay

Mənbə: Foto: Meydan tv

İsa Qəmbərin çıxışına etiraz

Bu çıxışlardan sonra sabiq başqan İsa Qəmbər cavab vermək istəyəndə, Yadigar Sadıqlı onu sui-istifadə etməkdə suçladı. Eyni zamanda, Tofiq Yaqublu İsa Qəmbərə dedi ki, sizin çıxışa ehtiyac yoxdur. Amma İsa Qəmbər cavab verdi ki, ona hücum edilibsə, 2 dəqiqəlik cavab vermək hüququ var. O, təklifi səsə qoydu. Yerdən “İsa bəy” şüarları səsləndi. İsa Qəmbər əlavə etdi ki, Arif Hacılının çıxışının 14 dəqiqə vaxtı qalıbsa, cavab veriləcək. Ardınca A.Hacılı qurultay nümayəndələrinin çıxışına qadağa qoyulmasının doğru olmadığını və namizədlərin dediklərində yanlış məqamların yer aldığını söylədi. Amma cavabı internet vasitəsilə verəcəyini qeyd etdi.

Müsavat Partiyası 1911-ci ildə Məmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən təsis edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib və 2014-cü ilə qədər ona rəhbərlik edib. Nizamnamədə sədrlik müddətləri üçün qoyulan məhdudiyyətlərə əsasən, İsa Qəmbər başqanlıq üçün namizədliyini irəli sürməyib.

2014-cü ildə keçirilən qurultayda Arif Hacılı partiyanın yeni sədri seçilib.

Hazırda başqan seçkisidir

Hazırda başqan seçkisidir

Mənbə: Foto: sosial şəbəkə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4x4uyc

Ən çox baxılan