”
Biz s
eçkilərin nəticələrinin ləğv edilməsini və Azərbaycan hakimiyyətindən təkrar seçkilərin keçirilməsini tələb edir
ik”
Noyabrın 2-də Müsavat Partiyasının başqanı Arif Hacılı parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.
Başqan partiyanın seçki haqda ilkin rəyini təqdim edib. Rəydə seçkilərin qeyri-demokratik, azad və ədalətli keçirilməsi üçün qanunvericilik bazasının olmadığı, azad siyasi rəqabət şəraitinin və bərabərhüquqlu təbliğat imkanları prinsipinin təmin edilmədiyi şəraitdə baş tutduğu bildirilib: “Siyasi məhbuslar azadlığa buraxılmayıb, fundamental hüquq və azadlıqlar təmin edilməyib. Seçkilər hakimiyyətin tam nəzarəti, cəmiyyət üzərinə total basqıları altında keçirildiyi üçün ölkədə seçki ab-havası hiss olunmayıb. Cəmiyyət nəinki seçkilərin nəticələrinə, ümumiyyətlə seçki prosesinə maraq göstərməməklə seçkilər yolu ilə hakimiyyətin dəyişilməsinin mümkünlüyünə inamını itirdiyini nümayiş etdirib”.
“Seçki kampaniyası dövründə və seçki günü çoxsaylı saxtakarlıqlara və qanun pozuntularına yol verilib. Seçkilər azad və ədalətli olmayıb, seçkilərin nəticələri barədə protokollar seçki qutularında olan bülletenlərin sayılması yolu ilə deyil, yuxarıdan diqtə edilmiş uydurma rəqəmlərlə tərtib edilib. Seçkilərin nəticələri xalqın iradəsini əks etdirməyib”,-deyə rəydə qeyd olunub.
Hacılı bildirib ki, seçki günü partiyanın məntəqələrdə seçkiləri müşahidə edən nümayəndələri, seçki günü seçki məntəqələrində çoxsaylı qanun pozuntuları və saxtakarlıqlara yol verildiyini aşkar edib. Pozuntular bütün ölkədə kütləvi hal alıb və bir qayda olaraq hakimiyyətin dəstəklədiyi namizədlərin xeyrinə yönəlib. Səsvermənin ilk saatlarından Müsavat Partiyasını təmsil edən və müstəqil müşahidəçilərə qarşı təzyiqlər edilib. Müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bir çox yerlədə onlara sərbəst müşahidə aparmağa imkan verilməyib, bəzi hallarda isə onlar seçki məntəqələrindən zorla çıxarılıb: “Belə hallar 11 saylı Qaradağ seçki dairəsinin 9 saylı seçki məntəqəsində, 21 saylı Nəsimi birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 16 saylı seçki məntəqəsində, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 5, 26 və 35 saylı seçki məntəqələrində və respublika ərazisindəki seçki məntəqələrinin əksəriyyətində qeydə alınıb. Əksər seçki dairələrində “karusel” üsulundan istifadə edilməsi, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səsverməsi halları qeydə alınıb. Belə hallar 10 saylı Binəqədi üçüncü seçki dairəsinin, 15 saylı Yasamal birinci seçki dairəsinin, 30 saylı Suraxanı birinci seçki dairəsinin, 31 saylı Suraxanı ikinci seçki dairəsinin, 33 saylı Xətai birinci seçki dairəsinin, 34 saylı Xətai ikinci seçki dairəsinin, 41 saylı Sumqayıt birinci seçki dairəsinin, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin, 46 saylı Şirvan seçki dairəsinin, 47 saylı Mingəçevir seçki dairəsinin, 50 saylı Abşeron-Qobustan seçki dairəsinin, 71 saylı Masallı kənd seçki dairəsinin, 123 saylı Kəlbəcər seçki dairəsinin, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əksər seçki məntəqələrində, ümumiyyətlə, respublika ərazisindəki seçki məntəqələrinin əksəriyyətində qeydə alınıb”.
O, bülletenlərinin sayılmasında, onların saxlanılmasında, seçicilərə verilməsində qanunun tələblərinin bir qayda olaraq yerinə yetirilmədiyini deyib: “Eyni zamanda, seçicilərə pul paylanması halları barədə məlumatlar daxil olub”.
Nəticə olaraq Müsavat başqanı deyib ki, partiya antidemokratik şəraitdə, hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları tərəfindən, bərabər siyasi rəqabət və təbliğat imkanları prinsipini kobud surətdə pozmaqla, faktiki olaraq alternativsiz keçirilmiş, cəmiyyətin etimad göstərmədiyi 1 noyabr seçkilərinin nəticələrini tanımır: “Biz seçkilərin nəticələrinin ləğv edilməsini və Azərbaycan hakimiyyətindən təkrar seçkilərin keçirilməsini tələb edirik”.