Arif Hacılı: “Müsavat Partiyasının rəhbərliyinin Milli Məclisə daxil olacağı barədə illüziyalara malik deyilik”
“Noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Qeyri-bərabər də olsa, iki ay müddətində siyasi fəaliyyət üçün imkanlar var. Müsavat Partiyası bu imkanlardan yararlanmalı, parlament seçkilərində iştirak etməlidir”.
APA-nın məlumatına görə, bunu Müsavat Partiyası Məclisinin iclasında partiyanın başqanı Arif Hacılı deyib.
A.Hacılı bildirib ki, kifayət qədər səs almaq imkanı olan partiya üzvləri seçkilərdə iştirak etməli və cəmiyyətə partiyanın məqsəd və məramlarını çatdırmalıdır: “Müsavat Partiyasının rəhbərliyinin Milli Məclisə daxil olacağı barədə illüziyalara malik deyilik. Seçkidə iki məqsədlə iştirak edəcəyik. Birinci, ölkədəki siyasi vəziyyətin dəyişməsinə çalışacağıq, ikincisi, bu seçki kampaniyasından da partiyanın məqsədlərinin cəmiyyətinə çatdırılması üçün istifadə edəcəyik. Seçkilərin yola verilməsinə imkan verməyəcəyik, Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə hüquqlarımızın bir qismini bərpa edəcəyik”.