Müsavat Partiyası: “Müşahidəçilər bülletenlərin sayılması prosesinə buraxılmayıb”

“42 saylı Sumqayıt 2-ci Seçki Dairəsinin 13 və 14 saylı seçki məntəqələrində məntəqə seçki komissiyasının üzvləri telefonla zəng edərək, seçicilərin gətirilməsinə cəhd göstərirlər”

Source:


“42 saylı Sumqayıt 2-ci Seçki Dairəsinin 13 və 14 saylı seçki məntəqələrində məntəqə seçki komissiyasının üzvləri telefonla zəng edərək, seçicilərin gətirilməsinə cəhd göstərirlər”


Meydan tv Müsavat Partiyasının 1 noyabr seçkiləri ilə bağlı VI məlumatını təqdim edir:

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Səxavət Soltanlının verdiyi məlumata görə, 15 saylı Yasamal 1-ci Seçki Dairəsinin veb-kamera quraşdırılmış 25 saylı seçki məntəqəsini saat 17.11-dən 17.15-dək izləyərkən, məntəqə seçki komissiyasının üzvü durmadan seçici siyahılarına imza atır.

47 saylı Mingəçevir Seçki Dairəsinin 7 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nurəddin Rüstəmovun verdiyi məlumata görə, bir seçki kabinəsində 3 nəfər eyni vaxtda səs verir.

10 saylı Binəqədi 3-cü Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Zaur Əliyevin saat 17.00-da verdiyi məlumata görə, son iki saat yarım ərzində seçki məntəqəsinə yalnız bir seçici gələrək səs verib.

10 saylı Binəqədi 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Arif Əhmədovun verdiyi məlumata görə, bu seçki məntəqəsində saat 15.00-da seçki bülleten alan seçicilərin sayı 92, saat 17.00-da isə 102 nəfər olub.

Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Kamal Zeynallının verdiyi məlumata görə, 37 saylı Nizami 1-ci (Gəncə) seçki dairəsinin 6 saylı seçki məntəqəsinə səs vermək üçün tikintidə çalışan fəhlələr maşınla gətirilib. Onlar – 12 nəfər “İmamzadə” kompleksində çalışan fəhlələrdir. İşdən qovulmamaq üçün səsverməy gəldiklərini söyləyiblər.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Niyaz Nəsirovun verdiyi məlumata görə, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsinin bütün seçki məntəqələrində seçki məntəqələri açılmazdan əvvəl seçki bülletenlərinin sayılması  prosesinə müşahidəçilər buraxılmayıb. Gün ərzində “karusel” əməliyyatı həyata keçirilib. Saat 18.30-dan başlayaraq müşahidəçilər seçki məntəqələrindən uzaqlaşdırılıb.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nazim Əliyevin 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 18 saylı seçki məntəqəsindən aldığı məlumatda deyilir: “Saat 14.42-də namizədlərdən birinin (Qara müəllimin) müşahidəçisi digər namizəd İmanverdi İsmayılovun  xeyrinə nişanlanmış 42 seçki bülletenini seçicinin əlində məntəqə seçki komissiyasının üzvlərinin gözü qarşısında tutub”.

42 saylı Sumqayıt 2-ci Seçki Dairəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Vəfa Abbasovanın verdiyi məlumata görə, bu dairənin 13 və 14 saylı seçki məntəqələrində son 2 saat ərzində müvafiq olaraq 2 və 9 seçici səsvermədə iştirak etdiyinə görə məntəqə seçki komissiyasının üzvləri telefonla zəng edərək, seçicilərin gətirilməsinə cəhd göstərirlər.

Ana səhifəXəbərlərMüsavat Partiyası: “Müşahidəçilər bülletenlərin sayılması prosesinə buraxılmayıb”