Müsavat Partiyası ”Konstitusiya Aktı” layihəsi haqda bəyanat yaydı

Partiya ANS TV-nin bağlanmasını söz və ifadə azadlığına qarşı hakimiyyətin növbəti addımı hesab edir

Source:


Partiya ANS TV-nin bağlanmasını söz və ifadə azadlığına qarşı hakimiyyətin növbəti addımı hesab edir

Iyulun 19-da Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. İclasda İlham Əliyevin Konstitusiya məhkəməsinə göndərdiyi Konstitusiyaya dəyişikliklər haqqında “Konstitusiya Aktı” layihəsi və ANS TV-nin bağlanması geniş müzakirə edilib.

Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Divan Baş prokurorluğun təqdimatı əsasında ANS TV-nin bağlanmasını söz və ifadə azadlığına qarşı hakimiyyətin növbəti addımı hesab edərək, qətiyyətlə pisləyib.

Divan İlham Əliyevin Konstitusiya məhkəməsinə göndərdiyi Konstitusiyaya dəyişikliklər haqqında “Konstitusiya Aktı” layihəsilə bağlı bəyanat qəbul edib.

Bəyanatda təəssüflə bildirilir ki, son illər hakimiyyətin tez-tez qanunvericilikdə və Konstitusiyada dəyişiklikləri bir qayda olaraq neqativ olmaqla idarəçiliyin daha da sərtləşməsinə demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir: “Sonuncu dəyişikliklər 2009-cu ildə oldu. Demokratik seçkilərin keçirilməsi üçün normal seçki sisteminin mövcud olmadığı şəraitdə referendum keçirilərək demokratik cəmiyyət quruculuğu üçün çox vacib prinsiplərdən biri olan bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan müddəa aradan qaldırıldı. İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin məzmunu da göstərir ki, hakimiyyət mövcud olan avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir”.

Bəyanatda bildirilir ki, prezidentlik müddətinin 7 ilədək artırılması, prezident tərəfindən təyin olunan, Milli Məclisdə təsdiq olunmayan vitse-prezidentlik institutunun yaradılmasını, prezident seçilmək üçün aşağı yaş həddinin aradan qaldırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsinin irəli sürülməsi ölkədə avtoritar rejimin daha da gücləndirilməsi meyllərindən xəbər verir. Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, parlamentin səlahiyyətlərinin və torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və başqa müddəalar da mürtəce xarakter daşıyır.

Müsavat Partiyası indiki, demokratik seçki sisteminin mövcud olmadığı şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini ölkədə avtoritar cəmiyyətin daha da möhkəmləndirilməsinə xidmət etdiyini, dövlətimizin və xalqımızın mənafelərinə zidd olduğunu əsas götürərək, belə referendumun keçirilməsinə yol verməmək üçün Konstitusiya və qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək mübarizə aparacağını bəyan edir.

Partiya bütün siyasi və ictimai təşkilatları, ölkə ziyalılarını, gəncləri, bütün Azərbaycan xalqını cümhuriyyətçilik ideyaları uğrunda birgə mübarizəyə çağırır.

Ana səhifəXəbərlərMüsavat Partiyası ”Konstitusiya Aktı” layihəsi haqda bəyanat yaydı