Müsavat Partiyası

Mənbə: Foto: arxiv

Başlıq: Müsavat Partiyası

Müsavat Partiyası ittihamları rədd edir

Məqalə yeniləndi:  17 Noyabr 2019

“Bu, Müsavat Partiyasına qarşı təbliğat kampaniyası aparanlar üçün növbəti bir fürsət olub”

“Son günlər Almaniyada qanunsuz miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyat Azərbaycanda tamamilə təhrif olunaraq, guya Müsavat Partiyasına qarşı əməliyyat kimi təqdim edilib. Bu, Müsavat Partiyasına qarşı təbliğat kampaniyası aparanlar üçün növbəti bir fürsət olub”.

Müsavat Partiyasının mətbuat xidmətinin yaydığı açıqlamada belə deyilir.

Açıqlamada daha sonra vurğulanır:

“Həmin əməliyyatın hədəfi nəinki Müsavat Partiyası, heç azərbaycanlı mühacirlər də deyil. Almaniyada həyata keçirilən əməliyyata, rəsmi məlumata görə, 510 polis cəlb edilib, 6 federal əyalət üzrə 38 obyektdə axtarış aparılıb. Bu obyektlərdən yalnız 13-ü azərbaycanlılara, böyük əksəriyyəti isə ukraynalı, suriyalı və digər ölkələrdən olan miqrantlara məxsusdur.

Əməliyyat çərçivəsində hər hansı bir Müsavat üzvünün saxlanıldığı barədə iddia təsdiq olunmayıb”.

Partiyanın mətbuat xidməti bildirir ki, Bu iddia ilk olaraq Meydan TV əməkdaşı Həbib Müntəzir tərəfindən irəli sürülüb. “Getdikcə daha çox təhrif edilərək şaxələnən iddiaya görə, saxlanılanlar arasında guya Müsavat Avropa Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, onun müavini kimi təqdim edilən Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və keçmiş CÇM rəhbəri Elçin Əkbərovun da olduğu iddia edilib.

Əvvəlcə qeyd edilməlidir ki, Mehdi Xəlilbəyli təşkilatda hər hansı vəzifə tutmur. Adıçəkilən digər şəxslər Müsavat üzvləri deyil, Rəşad Məmmədov isə nəinki üzv deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Onların saxlandıqlarını təsdiq edən hər hansı fakt da ortada yoxdur.

Həmçinin İlham Həsənin saxlanması haqqında xəbər təkzib edilib. O, canlı yayımda verdiyi müsahibədə özünün və təşkilatın digər üzvlərinin saxlanması barədə xəbərin yalan olduğunu bildirib.

Təəssüflə qeyd edilməlidir ki, Həbib Müntəzirin çalışdığı Meydan TV bu əssasız iddianı tam olaraq dərc etmədiyi halda, bəzi nüfuzlu media strukturları heç bir mənbə göstərmədən bunu dərc ediblər”.

Partiyanın mətbuat xidməti Həbib Müntəzirin paylaşdığı Koblens məhkəməsinin qərarını şübhə altına alır, onun üzərində möhür, imza olmadığını əsas gətirir. Bildirilir ki, sənəddə yazılanların bir çoxu silinib ki, bunun kimin tərəfindən, hansı məqsədlə, hansı yalanı gizlətmək üçün silindiyi izah olunmayıb.

Qeyd olunur ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır:

“Əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs(lər) buna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxs(lər)lə bağlı adekvat tədbirlər görəcək”.

Noyabrın 13-də Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb. Polis onlardan ikisi barəsində həbs qərarı verildiyini deyib, amma ad açıqlamayıb. Meydan TV saxlanılanlar arasında “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin və müsavatçı Mehdi Xəlilbəylinin olması barədə məlumat əldə edib. Əlövsət Əliyevin yaxınları faktı təsdiqləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8m9fuf

Ən çox baxılan