Müsavat Partiyası hakimiyyətdən seçki basqılarına son qoymasını tələb edir

Seçki Məcəlləsinin 59.13-cü maddəsinin və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimatın tələblərinin kobud surətdə pozulur

Source:



Seçki Məcəlləsinin 59.13-cü maddəsinin və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimatın tələblərinin kobud surətdə pozulur”

“Seçki kampaniyasında deputatlığa namizədlərin irəli sürülməsi məqsədilə imzaların toplanması və sənədlərin dairə seçki komissiyalarına təqdim olunması dövründə ölkənin demək olar ki, bütün ərazilərində qanun pozuntularına və zorakılıqlara yol verilir”.

Bu fikirlər Müsavat Partiyasının sentyabrın 28-də Meydan TV-yə daxil olan bəyanatında yer alıb.

Partiya 50 saylı Abşeron-Qobustan seçki dairəsinin ərazisində imza toplayan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Qədim Soltanovun oğurlanması, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyi Müsavat Partiyası tərəfindən sürülən Söhrab Əmrahovun dairə seçki komissiyasına imza vərəqələrini təqdim etməyə gedərkən maşınının qəzaya uğradılması və özünün dairə seçki komissiyasının həyətində zorakılığa məruz qalması faktlarını sadalayaraq hüquq-mühafizə orqanları tərəfindən bu günə qədər lazımi hüquqi qiyməti almadığını bəyan edib.

Bəyanatda daha sonra bildirilib ki, 55 saylı Xaçmaz şəhər, 82 saylı Ağcabədi, 91 saylı Ucar, 97 saylı Goranboy-Ağdam-Tərtər, 108 saylı Ağstafa seçki dairələrinin ərazilərində imza toplayan şəxslərə mənəvi təzyiqlər davam edir. Xüsusilə 82 saylı Ağcabədi və 55 saylı Xaçmaz şəhər seçki dairələrinin ərazisində Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən şəxslərin müdafiəsi üçün imza toplayan şəxslərə İcra Hakimiyyət və bələdiyyə nümayəndələri tərəfindən edilən təzyiqlər mənəvi terror həddinə çatıb. Ağcabədi rayonunun Muğanlı kəndində imza verən seçicilərə qarşı təzyiqlər, hədə-qorxular insanları təngə gətirib. Bir sıra seçki dairələrində hakimiyyətin təzyiqinə məruz qalan şəxslərin imza vərəqələrini “itirmək” planı həyata keçirilir (29 saylı Səbail, 75 saylı Lənkəran-Masallı, 85 saylı Şamaxı, 108 saylı Ağstafa və s)”.

“Dairə seçki komissiyalarında imzaların yoxlanılması prosesində Müsavat Partiyası tərəfindən irəli sürülən namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin iştirakına imkan verilmir. Bununla da Seçki Məcəlləsinin 59.13-cü maddəsinin tələbləri kobudcasına pozulur.

Tələb etmələrinə baxmayaraq, Müsavat Partiyası tərəfindən irəli sürülən namizədlərə və ya onların səlahiyyətli nümayəndələrinə diarə seçki komissiyasının “İşçi qrupunun rəhbərinin təsdiq etdiyi Protokol”un surəti, “Seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəl”in surətləri verilmir. Bu isə Seçki Məcəlləsinin 59.13-cü maddəsinin və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimatın tələblərinin kobud surətdə pozulması deməkdir”,-deyə bəyanatda bildirilir.

Müsavat Partiyası seçki kampaniyasının bu mərhələsində baş verən qanun pozuntularının bir mərkəzdən idarə olunduğunu, hakimiyyətin azad və ədalətli seçki keçirmək niyyətindən uzaq olduğunun daha bir sübutu kimi qiymətləndirir. Azərbaycan hakimiyyətindən qanun pozuntularına, öz vətəndaşlıq borcunu yerinə yetirənlərə vətəndaşlara qarşı təzyiq və təqiblərə son qoyulmasını tələb edir.

Ana səhifəXəbərlərMüsavat Partiyası hakimiyyətdən seçki basqılarına son qoymasını tələb edir