Divan üzvləri Qənimət Zahidin qohumları ilə bağlı məhkəmə qərarını pisləyib
İyunun 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Toplantıda Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki ilə görüşü və Nəsimi rayon təşkilatının şurasında iştirakı barədə məlumat verib.
Bu barədə partiyanın yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Divan üzvü Nemət Kərimli və Məclis üzvü Dadaş Əhmədli Nizami və Bərdə rayon təşkilatlarında keçirilən ümumi yığıncaq və seçkili orqanlarının formalaşması barədə məlumat veriblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki ilə görüşü, müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib. A.Hacılı qeyd edib ki, bu tipli görüşlərdə amerikalı və avropalı siyasətçilərin Azərbaycanda gedən prosesləri diqqətlə izlədikləri və məlumatlı olduqları açıq şəkildə nəzərə çarpır.
Divan Azərbaycan hökumətinin beynəlxalq təşkilatlarla iş prinsipini dövlətin nüfuzunu ləkələyən rüşvətvermə yolu ilə qurmasının İtaliya mətbuatında ifşasına dair faktları geniş müzakirə edərək, 2,4 milyon avro beynəlxalq rüşvət qalmaqalı ilə bağlı hakimiyyətin izahat verməsini tələb edib.
Toplantıda səhiyyə ilə bağlı problemlər də müzakirə olunub.
Divan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxınları haqqında verilən məhkəmə qərarını azad sözə qarşı rejimin tətbiq etdiyi “ailə repressiyası” siyasətinin davamı kimi qiymətləndirib. Divan hakimiyyətdən bu təzyiqlərə dərhal son qoyulmasını tələb edib. Sonda cari məsələlərə baxılıb.