Müsavat Partiyası Əli Həsənovla dialoq müzakirələrində iştirak etməyib

Arif Hacılı: “Əvvəlcədən Müsavat Partiyası bu prosesdə iştirak etməyib, Siyavuş Novruzovun dedikləri gülünc və uydurmadır”

Source:


Arif Hacılı: “Əvvəlcədən Müsavat Partiyası bu prosesdə iştirak etməyib, Siyavuş Novruzovun dedikləri gülünc və uydurmadır”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 17 siyasi partiyanın PA şöbə müdiri Əli Həsənovla görüşündə Müsavatın da razılıq verdiyini deyib.

S.Novruzov bildirib ki, bu görüş barədə əvvəlcədən Arif Hacılı ilə razılıq əldə edilib, sonra isə Hacılı görüşdə iştirak etməkdən imtina edib.

Amma Müsavat Partiyası başqanı Arif Hacılı “Qafqazinfo”ya açıqlamasında deyilənləri təkzib edib.

Müsavat başqanı bildirib ki, bu görüş barədə hakimiyyətlə heç bir müzakirə aparmayıb: “Ola bilər kimsə onlara yanlış məlumat verib. Lakin 4 siyasi partiya Əli Həsənovla görüşmək barədə təşəbbüs irəli sürərkən mən Müsavat partiyasının bu prosesdə iştirak etmədiyini əvvəlcədən bildirmişəm və sonadək bu mövqeyimdə qalmışam. Müsavat Partiyasının bu prosesdə iştirak etməməsinin əsas səbəbi isə görüşdə müzakirə olunacaq məsələlərin əvvəlcədən müəyyənləşdirilməməsi, görüşdə iştirak formatının bəlli olmaması olub. Çünki əvvəlcədən müəyyənləşdirilməyən gündəliklə keçirilən və dəvət olunma prinsipləri bəlli olmadan toplanan siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşün hər hansı nəticəsi ola bilməz. Hər hansı bir tərəf bu görüşü iqtidar-müxalifət dialoqu adlandırmır. Mən Əli Həsənovun da, görüşdə iştirak edən digər siyasi partiya nümayəndələrinin də açıqlamaları ilə tanışam. Sadəcə olaraq, bu, ölkədə fəaliyyət göstərən 17 siyasi partiya nümayəndəsinin Əli Həsənovla görüşü idi. Görüşün müsbət nəticələrinin olacağına da inanmıram”.

Müsavat başqanı YAP funksionerinin dediklərini təkizb edib: “Mən heç bir müzakirədə heç vaxt iştirak etməmişəm. Sadəcə olaraq, Pənah Hüseyn tərəfindən belə bir təşəbbüs irəli sürülmüşdü. Mənə də bu barədə məlumat vermişdilər. Bu prosesdə Müsavat Partiyasının iştirak etməyəcəyini bildirmişəm. Görüş barədə hakimiyyətlə kimlərin müzakirə aparmasının Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Əvvəlcədən Müsavat Partiyası bu prosesdə iştirak etməyib. Siyavuş Novruzovun dedikləri gülünc və uydurmadır”.

Bununla belə A.Hacılı bir neçə məsələ ətrafında iqtidarla müzakirələrə hazır olduqlarını deyib: “Azərbayan hakimiyyəti müxalifətlə real dialoqa hazırdısa, dialoqun mövzusunun və bu mövzu ətrafında müzakirə aparacaq siyasi qüvvələrin formatını əvvəlcədən bizimlə razılaşdıracaqsa, biz Azərbaycanın ümumilli məsələləri ilə əlaqədar müzakirələrə hazırıq. Hesab edirik ki, müzakirə olunacaq məsələlər çoxdur”.

Ana səhifəXəbərlərMüsavat Partiyası Əli Həsənovla dialoq müzakirələrində iştirak etməyib