Partiya ölkə ictimaiyyətini, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını bu əfv fərmanına etiraz etməyə, hakimiyyətdən insan haqları sahəsində üzəriinə götürdüyü öhdəliklərin icrasını indi daha qətiyyətlə tələb etməyə çağırır
Müsavat Partiyası dekabrın 28 də imzalanan əfv fərmanı ilə əlaqıdar bəyanatla çıxış edib. Partiyadan Meydan TV-yə daxil olan bəyanatda bildirilir ki, uzun müddətli fasilədən sonra verilən əfv fərmanı Azərbaycan hakimiyyətinin yerli və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadığını, ölkəmizi indiki böhran vəziyyətinə gətirən yanlış siyasətini bundan sonra da davam etdirmək niyyətində olduğunu nümayiş etdirdi.
Əfv fərmanı ilə azadlığa buraxılanların siyahısına siyasi və vicdan məhbuslarından heç kəsin adını salmamaqla iqtidar vətəndaşların və ölkənin maraqlarını düşünmədiyini, cəmiyyətlə, xalqla qarşıdurmanı daha da dərinləşdirməyə hazırlaşdığını, mütərəqqi dünya ilə Azərbaycanı qarşı qarşıya qoymaqdan çəkinməməklə, dövlət mənafelərinə əhəmiyyət vermədiyini göstərmiş oldu.
Müsavat Partiyası son əfv fərmanının Azərbaycanın milli maraqlarına cavab vermədiyini, ölkənin milli təhlükəsizlik məsələsinə çevrilmiş siyasi məhbuslar probleminin həllinə yardım etmədiyini, ölkədə vətəndaş qarşıdurmasını dərinləşdirdiyini, beynəlxalq aləmdə dövlətimizin və xalqımızın imicinə ağır zərbə olduğunu bəyan edir.
Müsavat Partiyası ölkə ictimaiyyətini, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını bu əfv fərmanına etiraz etməyə, Azərbaycanın gələcəyini düşünən hər kəsi ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması uğrunda mübarizəyə qoşulmağa, demokratik dövlətləri və beynəlxalq qurumları Azərbaycan hakimiyyətindən demokratik islahatlar, insan haqları sahəsində üzəriinə götürdüyü öhdəliklərin icrasını indi daha qətiyyətlə tələb etməyə çağırır.