”Gürcüstan hökumətinin bu məsələdə insan haqları və demokratiya prinsiplərinə hörmətlə yanaşacağına ümid edir”
Müstəqil jurnalist Əfqan Muxtarlının itkin düşməsi ilə bağlı Müsavat Partiyasının mətbuat departamenti açıqlama yayıb.
Açıqlamada deyilir ki, Tbilisidə mühacir həyatı yaşayan müstəqil jurnalist Əfqan Muxtarlı mayın 29-da, axşam saatlarında müəmmalı şəkildə itkin düşüb. Əfqan Muxtarlının itkin düşməsi ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına və beynəlxalq hüquq müdafiə təşkilatlarına məlumat verilib.
“Əfqan Muxtarlının itkin düşməsi haqda məlumat ciddi narahatlıq doğurur. Müsavat Partiyası həmçinin Azərbaycan hökumətinin təzyiqlərinə məruz qalan fəallara qarşı Gürcüstan dövlətinin mənfi münasibəti haqqında bundan öncə yayılan məlumatlardan narahat olduğunu bildirir, Gürcüstan hökumətinin bu məsələdə insan haqları və demokratiya prinsiplərinə hörmətlə yanaşacağına ümid edir” – açıqlamada vurğulanıb.