Müsavat Partiyası 1 noyabr seçkiləri haqda aralıq hesabat yaydı

“Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb”

Source:


“Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb”

1 noyabr Milli Məclis seçkilərinin azad və ədalətli keçirilməsi üçün demokratik seçkiqabağı şərait mövcud deyil, bu məqsədlə müvafiq qanunvericilik bazası yaradılmayıb. Siyasi partiyaların bərabərhüquqlu siyasi rəqabət şəraitində fəaliyyəti təmin edilməyib. Azərbaycan Konstitusiyasında siyasi partiyaların yeri təsbit olunmayıb. Proporsional seçki sisteminin ləğv edilməsi ilə seçkilərdə siyasi partiyaların rolu daha da məhdudlaşdırılıb. Məhkəmə hakimiyyəti icra hakimiyyətinin nəzarəti altında qalmaqda davam edir. Seçki Məcəlləsinə əsasən seçki komissiyalarının tərkibi və oradakı vəzifələrin bölgüsü seçkidə iştirak edən tərəflərin qarşılıqlı etimadını təmin edən prinsiplərlə yaradılmır. Bütün seçki komissiyaları faktiki olaraq hakim siyasi qüvvənin iradəsi əsasında təşkil edilir.

Bu fikirlər Müsavat Partiyasının Meydan TV-yə daxil olan 1 noyabr parlament seçkiləri haqda Aralıq Hesabatında öz əksini tapıb.

Hesabatda bildirilib ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi sadələşdirilməyib. Dairə seçki komissiyasının Protokolunun doldurulması haqqında Təlimatda Seçki Məcəlləsinin tələblərinə riayət edilməməsinin , seçki şikayətlərinə baxılma prosesinin qeyri-şəffaflığı və digər məsələlərin aradan qaldırılması mexanizmləri nəzərdə tutulmayıb. Nəticədə seçki kampaniyasının ilk mərhələsində, yəni namizədliyin təsdiq edilməsi, qeydə alınması və şikayətlərə Mərkəzi Seçki Komissiyasında, Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılması zamanı saysız-hesabsız saxtakarlıqlara və qanun pozuntularına yol verilib. 1 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkilərinin ilk mərhələsində, – namizədliyin təsdiq edilməsi, qeydə alınması və şikayətlərə Mərkəzi Seçki Komissiyasında, Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılma zamanı son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq qurumların müəyyən etdiyi demokratik standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.

Partiya hesab edir ki, seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb. Avropa Oyunları zamanı 6000-dən artıq idmançı və nümayəndə heyətinin bütün xərclərini ödəməklə Azərbaycana gəlməsinə şərait yaradan hakimiyyət ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosünun 30 uzun və 380 qısa müddətli müşahidəçisinin çoxluğunu bəhanə edərək, onların sayının müvafiq olaraq 6 və 125-ə endirilməsi tələbi nəticəsində ATƏT Azərbaycana Müşahidəçi Missiyası göndərməkdən imtina edib.

Seçkiöncəsi mühit barədə hesabatda qeyd olunub ki, partiya strukturları ilə toplantılarına icra hakimiyyətinin zorakı müdaxilə halları artıb. Vətəndaşların sərbəst toplaşmaq hüququ, demək olar ki, ləğv edilib. Müxalifət partiyalarının, ictimai təşkilatların yürüşlər, mitinqlər, piketlər keçirmək üçün yerli icra hakimiyyəti strukturlarına müraciətləri ciddi əsas göstərilmədən və ya müvafiq icra hakimiyyəti strukturunun belə tədbirin keçirilməsini məqsədəuyğun saymadığını bildirməsi ilə, Konstitusiyaya və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq rədd edilib. Mitinqlərin keçirilməsi üçün Bakı şəhərinin gediş-gəlişin çətin olduğu ucqar bir ərazisində uyğunsuz yer ayrılıb, yürüşlərin, piketlərin keçirilməsinə isə ümumiyyətlə icazə verilməyib.  Müstəqil mətbuat təzyiq və təqiblərlə üzləşib. Hakimiyyəti tənqid edən jurnalistlərə qarşı təqiblər davam edir. Bilavasitə seçki kampaniyası dövründə “Meydan TV” saytının əməkdaşı Şirin Abbasov həbs edilib. Ölkədə siyasi məhbusların sayı rekord həddə çatıb. Müsavat Partiyası başqanının müavinləri – Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimov, AXCP Ali Məclisinin üzvləri – Pərviz Həşimli, Seymur Həzi, Asif Yusifli, “REAL” Vətəndaş Hərəkatının lideri İlqar Məmmədov, QHT sektorunun nümayəndələri – Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərov, Tale Xasməmmədov, Anar Məmmədli, “Azadlıq” radiosunun tədqiqatçı jurnalisti Xədicə İsmayıl, jurnalist Hilal Məmmədov, bloger Əbdül Abıyev, son dövrlər xüsusi siyasi fəallığı ilə seçilən “NİDA” Vətəndaş Hərəkatının rəhbərliyinı daxil olan şəxslər – hazırda həbsdədir.

Hesabatda seçki qanunvericiliyinə demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflərin, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrin yerinə yetirilmədiyi öz əksini tapıb.

“2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinə sonrakı illərdə edilən əlavə və dəyişikliklər ölkənin aparıcı siyasi qüvvələri və bir sıra beynəlxalq təşkilatlar tərəfindən neqativ dəyişikliklər kimi dəyərləndirilib. Belə ki, seçki kampaniyası dövrü əvvəlcə olan 120 gündən 75 günədək, təbliğat kampaniyası dövrü isə 60 gündən 28 günə endirilib, sonra isə seçki kampaniyası dövrü 75 gündən 60 günə, təşviqat kampaniyası dövrü isə 28 gündən 21 günə endirilib. Prezidentliyə namizədlərin televiziya vasitəsilə təkbaşına birbaşa çıxışlarının ləğv edilməsi, pulsuz efir vaxtının ayrilmaması, təşviqat materiallarının yayılmasının məhdudlaşdırılması, namizədlərin qeydə alınmasının qarantiyası olan seçki depozitinin qoyulması qaydasının qanundan çıxarılması, namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsinin ləğv edilməsi və digər dəyişikliklər hakimiyyət namizədinin alternativi olan namizədlərin təbliğat imkanlarını ciddi surətdə məhdudlaşmasına səbəb olub”,-deyə hesabatda bildirilib.

Həmçinin seçki siyahıları qüsurlu hesab olunub: “MSK-nın məlumatına görə, hazırda ölkədə 5,4 milyona yaxın seçici, AR Dövlət Statistika Komitəsinin məlumatına görə isə – 6,6 milyondan artıq seçici var. Rəsmi məlumatlara əsasən, seçici siyahılarına Azərbaycanı uzun müddətə tərk edən 100 minlərlə vətəndaşın da adları daxil edilib, bu da seçkilərin nəticələrinin saxtalaşdırılması üçün geniş imkanlar yaradır”.

Hesabatda pozuntular barədə bəzi faktları təqdim edib: “Namizədliyinn təsdiq olunması prosesində DSK-lar namizədlərdən Seçki Məcəlləsində və MSK-nın qəbul etdiyi Təlimatlarda göstərilməyən sənədlər tələb etməklə maneələr yaratmağa çalışıblar. DSK-ların əksəriyyətində Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən və ya namizədlərindən iş yerindən arayış, bəzi hallarda namizədin həbsdə, eləcə də ödənilməmiş məhkumluğunun olmaması barədə Daxili İşlər Nazirliyindən arayış (125 saylı Zəngilan-Qubadlı seçki dairəsi), şəxsiyyət vəsiqəsinin və diplomun rəngli surətləri (29 saylı Səbail və 123 saylı Kəlbəcər seçki dairəsi) istənilib. 64 saylı Sabirabad ikinci seçki dairəsindən partiyanın namizədi Əkbər Əliyevin namizədliyi onun iş yerindən arayış təqdim etməməsi ilə əsaslandırılaraq təsdiq olunmayıb. Prinsipial olaraq könüllü şəkildə işdən çıxaraq sənədləri 18 sentyabr tarixdə yenidən 64 saylı Sabirabad ikinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim edən Ə.Əliyevin namizədliyinin təsdiq olunması 13 gündən, qanunda nəzərdə tutulduğundan ən azı 6 gün sonra həyata keçirilib və imza vərəqələri partiyanın səlahiyyətli nümayəndəsinə 1 oktyabr tarixdə saat 17.15-də imza toplanması prosesinin başa çatmasına 15 dəqiqə qalmış təqdim edilib. Bu da faktiki olaraq Ə.Əliyevin namizədliyinin təsdiq olunmamasına bərabər bir haldır ki, nəticədə Ə.Əliyev həm iş yerini itirib, həm də DSK-nın təqsiri üzündən imza toplama kampaniyasına başlaya bilməyib. 13 sentyabrda Müsavat Partiyasının 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizədi Səxavət Soltanlının səlahiyyətli nümayəndəsi Qədim Soltan Qobustanın Xilmilli kəndində imza toplayarkən zorakılıqla üzləşib. Yerli icra nümayəndəsinin və bələdiyyə sədrinin tapşırığını yerinə yetirən qoçu dəstəsi Qədim Soltanı zorakılıqla maşına mindirərək kənddən çıxarıb. Təqribən 10 nəfərlik dəstə müsavatçıya 2 saat ərzində fiziki və mənəvi işgəncə verib. Qədim Soltan sonra bir daha Müsavatçı üçün imza toplamamaq şərtiylə sərbəst buraxılıb. Bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, prokurorluğa və Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət verilsə də, hələ də heç bir hüquqi tədbirlər görülməyib. 16 sentyabrda Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd Namiq Hacılının namizədliyinin müdafiəsi üçün imza toplayan İlqar Muradov polis şöbəsinə çağırılıb və ona xəbərdarlıq edilib. 2 sentyabrda Müsavat Partiyasının 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədi Söhrab Əmrahov onun müdafiəsi üçün toplanmış seçici imzalarını dairə seçki komissiyasına təqdim etməyə gedərkən ona məxsus avtomobil arxadan vurulub. DSK-nın qarşısında öyrədilmiş bir qrup şəxs ona hücum edərək fiziki təzyiq göstərib və əlində sənədlər olan qovluğu alaraq qaçıblar. İmza vərəqələri DSK-ya təhvil verildikdən dərhal sonra deputatlığa namizəd Söhrab Əmrahov, Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, partiyanın Məclis üzvü Ramazan Əliyev və partiyanın səlahiyyətli nümayəndəsi Ramiz Mustafayev polisə aparılıb. Eyni zamanda, Müsavata imza verən seçicilərə total təzyiq edilir, konkret olaraq  sentyabrın 22-də 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədi Söhrab Əmrahovun verdiyi məlumata görə, Xaçmazda hakimiyyət orqanları nəinki müsavatçı namizədə və onun müdafiəsi üçün imza toplayanlara, hətta müxalifətə imza verən seçicilərə belə kütləvi təzyiqə başlayıb. Bu cür faktlar onlarladır”.

Bundan əlavə partiyanın irəli sürdüyü namizədlərdən Arzu Səmədbəylinin, Nemət Kərimlinin, Rauf Ağayevin, Məzahir Məmmədlinin, Rafiq İsmayılın, Nüşabə Sadıxlının, Mübariz Salayevn, Cahangir Əmirovun, Vəfa Abbasovanın və başqalarının namizədi qeydə alınmayıb.

Ana səhifəXəbərlərMüsavat Partiyası 1 noyabr seçkiləri haqda aralıq hesabat yaydı