Partiyanın başqanı baş prokurora müraciət etdi
Müsavat Partiyası “Panama sənədləri”nin araşdırılmasını istəyir. Bununla bağlı Partiyanın başqanı Arif Hacılı baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb.
Müraciətdə prezident İlham Əliyevin qızları Leyla , Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlərin Londondakı dəyəri milyonlarla ölçülən mülkləri haqda yazılanların araşdırılması istənilir:
“Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinə (OCCRP) görə, prezident İlham Əliyevin qızları Leyla, Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlər Londonda milyonlarla dollarlıq mülklərin sahibidirlər. OCCRP bütün Yer kürəsi boyunca bu ailənin sahibi olduğu 140 milyon dollarlıq mənzillər aşkar edib. Bunlara Londonda 25 milyon dollarlıq malikanə, 8 milyon dollarlıq üzü Hyde Parka baxan mənzil, Dubayda ümumi dəyəri 44 milyon dollar olan 9 malikanə, Moskva yaxınlığında dəyəri 37 milyon dollarlıq daça və Karlovı Varıda 1,1 milyon dollarlıq villa da daxildir. Amma bunlar hələ yalnız jurnalistlərə bəlli olan mülklərdir”.
Arif Hacılı vurğulayır ki, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq bilgilər cinayət təqibi orqanlarına göndərilməlidir. Həmin bilgilər araşdırmalıdır.
Müsavat başqanı müraciətinin sonunda baş prokurordan prezidentin övladları və digər yaxınları barədə OCCRP-in açıqladığı bilgilərin araşdırılmasını təmin etməsini xahiş edib.
Bir müddət əvvəl əsas müxalif birliklərdən olan Milli Şura da sözügedən bilgilərin araşdırılmasını tələb edən bəyanat yaymışdı.
Hökumətdən bu çağırışlara reaksiya verilməyib.
Aprelin əvvəllərində ICIJ, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) üzvləri Mossack Fonseca firmasından sızmış sənədlərin (Panama Papers) əsasında apardıqları təhqiqatın nəticələrini dərc etmişdilər. Panama sənədlərində 50-dən çox ölkənin dövlət və hökumət başçılarının, rəsmilərinin, məmurlarının adları var.