Nurəddin Məmmədli: Partiyanın sabiq başqanı İsa Qəmbər mitinqdə çıxışında cəbhəçilərin iştirakını və təşəkkür etdiyini xüsusi vurğulayıb
“Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Alya Yaqublu partiyanın 18 sentyabr mitinqində Milli Şura rəhbərliyinin iştirak etməməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Milli Şura bir qurum olaraq artıq fəaliyyət göstərmir, çünki orada qərarları AXCP sədri Əli Kərimli qəbul edir: “Belə olmasaydı, hörmətli Cəmil Həsənli bir gün bir cür, o biri gün başqa cür açıqlama vermək zorunda qalmazdı. O, hər dəfə Müsavatın birgə aksiya təklifinə reaksiya verir, amma sonra bu mövqeyindən geri çəkilməli olur. Mitinqə qatılmamaq məsələsinə gəlincə, cəbhəçilər az sayda da olsa, bizim mitinqdə var idilər. Amma bu, 11 və 17 sentyabr mitinqlərində yüksək səviyyədə təmsil olunmuş Müsavatın əməkdaşlıq jestinə adekvat addım deyildi. Əslində, sürpriz olmadı. Çünki Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil. Baxmayaraq ki, bunun hakimiyyətin maraqlarına çox uyğun gəldiyini görmək heç çətin deyil”.
Divan üzvünün açıqlamasını Meydan TV-yə şərh edən AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib ki, xanım Yaqublu düzgün məlumat yaymır: “Ümumiyyətlə, birgə mitinqlə bağlı heç bir müzakirə olmayıb və Gözəl Bayramlının bu barədə geniş açıqlaması olub. Ona görə də AXCP-ni birgə mitinq keçirməməkdə ittiham etmək reallığa uyğun deyil. İkinci, mən Müsavat Partiyasının 18 sentyabr aksiyasında iştirakçı idim və çoxlu sayda cəbhəçilərin də mitinqə qatıldığının şahidiyəm. Eyni zamanda, partiyanın sabiq başqanı İsa Qəmbər mitinqdə çıxışında cəbhəçilərin iştirakını və təşəkkür etdiyini xüsusi vurğulayıb. İsa bəy mənimlə də tədbirdə görüşdü və bir sıra media orqanları cəbhəçilərinin aksiyada iştirakını əks etdirən şəkillər paylaşdılar. Bundan sonra partiyanın Divan üzvünün söylədiklərini izah etməkdə çətinlik çəkirəm”.
N.Məmmədli bildirib ki, o, Milli Şuranın üzvü kimi Əli Kərimli barədə deyilənləri doğru hesab etmir: “Milli Şuranın üzvü kimi belə bir reallığı təsəvvür etmirəm. Digər tərəfdən, Milli Şurada nə qədər yetkin və ziyalı insanlar var. Bu cür iddia və yersiz fikir onların şəxsiyyətinə hörmətsizlikdir. Belə şeyləri danışmaq üçün əsas olmalıdır”.