Müsavat fəalı : ”Hakim dedi ki, boğazını üzüb…”


“Mən bilirəm ki, şikayətçi direktor da, hakim də icra hakimiyyətinin sifarişlərini yerinə yetirir”

İyunun 18-də Oğuz rayon Məhkəməsində Calud kənd orta məktəbinin direktoru Lətif Abbasovun şikayəti əsasında müsavat fəalı Rəşad Vəliyevə qarşı iddiaya baxılıb. Məhkəməyə hakim Rəfail Şirinov sədrlik edib. Bu haqda Meydan TV-yə Rəşad Vəliyevin özü məlumat verib. Müsavatçı fəalın sözlərinə görə, rəsmi şikayət dəymiş ziyana görə olsa da, ittiham olunmasına əsl səbəb onun son seçkilərdə saxtakarlığı ifşa etməsi olub.


“SEÇKİ SAXTAKARLIĞINI ÇƏKİB YAYMIŞDIM”

Rəşad Vəliyev deyir ki, son parlament seçkilərində 117 saylı Oğuz-Qəbələ DSK-nın 32 saylı məntəqəsində məntəqədə müşahidəçi olub. Onun sözlərinə görə, məntəqədə baş verən total saxtakarlığı kamerayla çəkib və internetdə yayıb. Seçkidən sonra Oğuz rayon İcra hakimiyyətindən ona qarşı müxtəlif cür təzyiqlər başlayıb. Rəşad Vəliyev deyir ki, ondan şikayət edən məktəb direktoru da elə rayon icra başçısının müavini Səyyad Abbasovun yaxın qohumudur:

“ Səyyad Abbasov məndən qisas almaq üçün çox çalışırdı. O, mənə demişdi ki, görüntüləri yaysam, mənə pis olacaq. Mən də ona məhəl qoymayıb yaymışdım saxtakarlığı. Baxdı ki, bir şey edə bilmir, qohumunun əli ilə məni məhkəməyə verdirdi. Mən özüm qapı ustasıyam. Seçkidən bir il əvvəl məktəb direktoruna qapı düzəltmişdim. Heç bir problem yox idi. Ancaq nədənsə seçkidən bir müddət sonra dedi ki, düzəltdiyin qapı deformasiya olub. Getdim baxdım ki, qapı sağ-salamatdır. Başa düşdüm ki, məni ilişdirmək istəyirlər. Ona görə də dedim ki, qapının pulunu, yəni 350 manatı  bütövlükdə qaytara bilərəm. Razılaşmadı. Dedi: “Sən mənə mənəvi ziyan da vurmusan”.  Bu yaxınlarda mənə məhkəmədən bildiriş gəldi ki, Lətif Abbasov məndən şikayətçidir və iyunun 19-u məhkəməmdir”.


“MƏNİ CƏRİMƏLƏMƏK YOX, HƏBS ETMƏK İSTƏYİRLƏR”

Rəşad Vəliyev deyir ki, məhkəmə prosesində hakim Rəfail Şirinov şikayətçi məktəb direktorunun vəkili kimi çıxış edib:

“ Məhkəmədə məlum oldu ki, direktor dəymiş ziyana görə məndən absurd rəqəm –  min manat tələb edir. His etdim ki, bunların məqsədi məni özümdən çıxarıb həbs etməkdir. Ona görə dedim ki, min manatı ödəməyə hazıram. Hakim imkan vermədi. Direktora dedi ki, sən dəymiş ziyanı az yazmısan. Bunun vurduğu ziyan 2500 manatdır. Get, ərizəni dəyiş, növbəti prosesdə yenidən baxarıq. Hakim mənə dedi ki, növbəti prosesə kimi 2500 manatı gətirməlisən. O, məni təhqir etdi, üstümə qışqırdı. Dedi ki, sənin boğazını üzüb o pulun iki qatını alacağam. Mən bilirəm ki, şikayətçi direktor da, hakim də icra hakimiyyətinin sifarişlərini yerinə yetirir. Məqsədləri məni cərimələmək yox, bir yol tapıb həbs etməkdir. Bu yolla məndən qisas almaq, yolumdan döndərməyə çalışırlar”.

Növbəti məhkəmə prosesi iyulun 9-na təyin olunub.

Oğuz rayon Calud kənd orta məktəbinin direktoru Lətif Abbasov Rəşad Vəliyevin iddiaları ilə bağlı Meydan TV-nin suallarını cavablandırmaq istəmədi.

Ana səhifəVideoMüsavat fəalı : ”Hakim dedi ki, boğazını üzüb…”