“Əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu”
Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 2-də Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Bu barədə Müsavat başqanı “Facebook” səhifəsində yazıb.
Müsavat Partiyasına ünvanlanan təkrar təkliflər əsasında Ədalət Vəliyevlə görüşdüyünü yazan Arif Hacılı “əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu”,-deyə yazıb.
Arif Hacılı bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı hakimiyyətlə xüsusi fikir ayrılıqları yoxdur:
“Dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq”.