Musanın axtardığı…

İnsan başqasının rolundan imtina edəndə, həyat mütləq ona öz rolunu yetirir.

Foto: Meydan Tv


Musa iki dənizin qovuşduğu yerə çatıb, uzun müddət gəzib dolaşandan sonra öz gənc dostuna dedi: “…Bu səfər bizi lap əldən saldı!”

İndi bilmirəm, amma əvvəllər belə bir şey vardı, cəmi aktyor və aktrisalar niskilli qəlblərində əbədi bir sənət arzusu gəzdirirdilər. Məşhur əsərlərin baş qəhrəmanlarını oynamaq. Nə bilim Krali Liri, Hamleti oynamaq, heç olmasa Leylini, Məcnunu və s. və i.a.

Adamlar ilk fürsətdəcə heç bir kompleks hissi keçirmədən bu intim istəklərini dilə gətirirdilər, jurnalistlərə müsahibənin sonluğu adətən bu lirik mövzuyla yekunlaşırdı. Arzunun dərəcəsindən emosional duruma düşüb, kövrələnlərə də rast gəlmək olurdu.

Baxmayaraq ki, bu arzunun reallaşmasının, onların gündəlik cari peşə həyatında hansı mühüm vərdişlərə töhfə verəcəyini, sənət keyfiyyətinə səbəb olacağını heç cür izah edə, əlaqələndirə bilmirdilər. Ancaq bu baş rolların karyera yüksəlişində hansısa bağlı qapıları “açmaq” üçün kilid rol oynadığı şəksiziydi.

Hərdən mənə elə gəlirdi ki, onlar bu sənət arzularının həyata keçməsi üçün illərdir dayanmadan, yorulub-usanmadan tər tökür, çalışırlar. Ancaq elələri də olurdu ki, elə bu istəklə də həyata gözlərini yumur, nakam köçüb gedirdilər.

Teatr, kino mətbəxinə, şirin və çox maraqlı qeybət söbhətlərinə elə bir bələdliyim olmasa da, bu xüsusda, tanınmış sənət adamları arasında uzun illər gizli və kinli ədavətin, rəqabətin hökm sürdüyü də hiss olunurdu. Onlar rejissorun baş rol “diqqətinə” nail olub, rolu haqq eləmiş və yaxud ənam almış həmkarlarına aşkar həsəd və qəzəbli paxıllıqla baxır, dərin ah çəkib, uzun köks ötürürdülər.

Belə görünürdü ki, adamlar, məsələn, Kral Liri, Dezdemonanı oynamağı nəinki öz sənətlərinin, elə həyatlarının da ən əsas, ən vacib amalına, “sınma nöqtəsinə” çeviriblər.

***

Qazanılan təcrübə, əldə edilən nəticədən həmişə daha önəmlidir.

Adamlar öz həyatlarının baş rolunu axtarıb, tapa bilməyəndə, başqasının ikinci, üçüncü, dördüncü, beşinci, nə bilim, neçəncisə həyat roluna, hekayəsinə əşhədü ehtiyac duyurlar. Bu, təbii ehtiyac kimi bir şey olur.

Baş rol tapılmayanda, insan özünə və yaxud da cəmiyyət insana kənar, həm də yardımçı rollar təklif edir, biçir, düzür, qoşur.

O şəxslər ki, öz həyatlarının baş rolunu axtarmır, yaxud axtarıb, nəhslikdən tapa bilmir, onlara başqa rol və ya rollar verilməsi qaçılmaz və vazkeçilməzdi. Bu, rol teatr tamaşasında da ola bilər, ictimai-siyasi həyatda da, gündəlik yaşam mənzərələrində də.

Bu, seçim deyil, məcburiyyət və təskinlikdi.

Məhz bu səbəbdəndir ki, öz baş rollarını oynaya bilməyənlər, özlərinin arzuladığı və ya cəmiyyətin təklif etdiyi, biçdiyi başqa rolların həvəsində olur, arxasında sürünürlər.

Öz rolunu tapa bilməyənlər, özgənin roluna möhtac qalırlar. Buna görə də başqasının rolunu oynamaqdan ötrü həsrət çəkir, dərd qovurur, bu rolun xəyalı ilə xəstələnir və yekunda ölürlər.

***

Musanı əldən salan da elə buydu, öz həyatının baş rolunu tapmaq, oynamaq ehtirası.

Məhz bu qarşısıalınmaz ehtiyac onu çəkib iki dənizin qovuşağına aparmışdı. Məhz bu amansız, inadkar və narahat axtarışlar onu yorub əldən salmışdı və öz gənc dostuna kədərlə gileylənir, deyirdi: “…Bu səfər bizi lap əldən saldı!”

Daha sonra ona dinclərini alıb, nəfəslərini dərmək, güc toplamaq üçün “nahar yeməyimizi gətir” deyə əmr edir, yeyib doyandan sonra isə öz ləpirlərinin iziylə gəldikləri yolla geri dönürdü.

Musanın öyülən, tərif edilən “çox səmimi” siması da elə budur. Axtarıb, amma tapa bilməməyin, öz iziylə geri dönməyin, amma “yorğunluğa” təslim olmamağın, bunu heç ağlının ucuna belə gətirməməyin kədərli səmimiyyəti.

Bu cür axtarış mükafatlandırılır, nəticəsiz qalmır heç bir halda. Necə ki, Musa sonradan öz həyatının baş rolunu gözəl günlərin birində yaxaladı, çox məharətlə ifa edib, nəyi var oynadı.

İnsan başqasının rolundan imtina edəndə, həyat mütləq ona öz rolunu yetirir.

***

Ən böyük ziyana uğrayanlar, həyat axtarışına iman etməyənlər və nəticə etibarilə öz baş rolunu arayıb tapmayanlardı…

Ana səhifəXəbərlərMusanın axtardığı…