Rauf Mirqədirov: ”Siyasətlə ciddi məşğul olan insanlar belə bəyanatlarla çıxış etməzlər”
Avropa və Mərkəzi Asiya üzrə Beynəlxalq Böhran Qrupu proqramının rəhbəri Maqdalena Qrono Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə məqalə
yazıb.
O, bu barədə “Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır” adlı məqaləsində bildirib.
Yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin yaydığı məlumaya görə, ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunur.
O, nazirlərin Krakov görüşündə beynəlxalq müşahidəçilərin sayına diqqət yetiriləcəyini düşünür.
Proqram rəhbəri isə məqaləsində yazır ki, xarici işlər nazirləri gələcək nizamlama prosesinin ən əhəmiyyətli siyasi aspektlərini nəzərdən keçirməsələr, sülh prosesi ilə bağlı məyusluq artacaq:
“Diplomatiyanın, ən pis halda, regional yanğının səbəb olacağı yeni gərginliyin qarşısını ala biləcəyinə dair ümid var”.
Onun fikrincə, qarşılıqlı güzəştlərə əsaslanan gələcək nizamlanma prosesinin siyasi aspektləri beynəlxalq təhlükəsizlik tədbirləri yolu ilə həll olunmalıdır.
Siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, bu cür fikirlərin müəllifləri ya riyakar, yaxud diletantdır:
“Siyasətlə, konfliktologiya ilə ciddi məşğul olan insanlar belə bəyanatlarla çıxış etməzlər, əgər onlar tərəfkeşliklə məşğul olmurlarsa. Bilirsiniz, təhlükəsizlik tədbirləri əsasında etimadın yaranması barədə fikirlər köhnə mahnıdır. Əvvəllər bunun ən absurd variantı səslənirdi, münasibətlərin bərpası, ticarət və kommunikasiya qurulsun, sonra bir-birimizə inanıb, danışıqlar aparıb, problemin həllini taparıq. İdeal insanlar, yaxud situasiya üçün ideal sxem təklif etmək olar, amma bu münaqişədə situasiya və insanlar ideal deyil. Bütün etimad tədbirləri münaqişənin həllinə ilkin şərt kimi yox, münaqişənin həllinin tərkib hissəsi kimi başa düşülməlidir. Münaqişənin həlli istiqamətində ciddi addım atılmadan tərəflər, yaxud vasitəçilər hansı etimaddan danışa bilərlər. Azərbaycanlılar üçün Şuşa və Ağdam işğal altında olduğu halda hansı etimad cəlbedici olar?”
Rauf Mirqədirov deyir ki, təhlükəsizlik və etimad tədbirləri ilə bağlı bütün öhdəliklər mövcud status-kvonun dondurulmasına yönəlib:
“Çünki bunun üzərində gələcəkdə nəyin qurulacağı məlum deyil. Məqsəd birdir-münaqişənin güc yolu ilə həlli imkanları aradan qaldırılsın”.
O bildirib ki, hər hansı təhlükəsizlik qoşunların təmas xəttində daimi yerləşdirilməsindən keçir:
“Bu da tam təmin etmir. İkinci, müşahidəçilərin artırılması atəşkəs rejimini hansı tərəfin pozduğunu müəyyənləşdirilməsinə xidmət edir. Amma bu halda təmas xətlərində daimi müşahidə məntəqələri olmalıdır. Bu gün həmin müşahidəçilər Bakıda və İrəvanda oturublar, vaxtaşırı təmas xəttində monitorinq keçirirlər. Əksər hallarda isə nəyisə araşdırmağa çalışırlar. Hətta həmin araşdırmaların nə dərəcədə səmərəli olması çox zaman şübhə doğurur. Çünki atəşkəsin hansı tərəfin birinci pozmasını tapmaq mümkün deyil. Monitorinqlərin də ciddi əhəmiyyət verdiyini düşünmürəm, bu mənada müşahidəçilərin sayının artırılması monitorinqlərin intensivliyini artırar, amma qalan məsələlərin həllinə ciddi təsir göstərməyəcək”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan tərəfinin rəsmi statistikasına əsasən, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.