Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Samir Babayev və Əlikram Novruzovun narkotik ittihamı ilə saxlanıldığı deyilir.
Bu barədə Müsəlman Birliyi Hərəkatı məlumat yayıb.
Hərəkatın məlumatına görə, onlar ayrı-ayrı vaxtlarda evdən çıxarkən saxlanılaraq polis bölməsinə aparılıb və orada zorakılığa məruz qalıblar.
Birliyin yaydığı Babayevə məxsus səs yazısında bildirilir ki, hadisə martın 6-da səhər saat 10 radələrində baş verib və saxlanılmanı Sabunçu rayon Polis İdarəsinin əməkdaşları həyata keçirib.
“İşə gedirdim, mülki geyimli şəxslər məni saxlayıb maşına mindirdilər. Yolda məni boğub işgəncə verirdilər”, – deyə Samir Babayev bildirir.
O iddia edir ki, saxlanılmada Narkotiklə Mübarizə üzrə əməliyyatçı kimi təqdim olunan Bəxtiyar və digər əməkdaşlar iştirak edib.
Babayevin sözlərinə görə, o əvvəlcə 14-cü polis bölməsinə aparılıb. Burada ondan narkotik ittihamını qəbul etməsi tələb olunub.
“Rəis Süleyman dedi ki, narkotik ittihamını boynuna al. Qəbul etmədim. Orda da məni döyüb işgəncə verdilər”, – deyə o səsyazısında bildirir.
Daha sonra onun Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlanılma yerinə aparıldığı bildirilir.
“Əlimi ağ kağız verdilər qol çəkmədiyimə görə yenə döydülər, işgəncə verdilər”, – deyə o əlavə edir.
Samir Babayev bildirir ki, məhkəmədə vəkil tələb etsə də, bu təmin olunmayıb.
“Vəkilimi istədim, amma şərait yaratmadılar. Etiraz olaraq arxamı məhkəməyə çevirdim”, – deyə o qeyd edir.
Onun sözlərinə görə, məhkəmədən sonra yenidən zorakılığa məruz qalıb.
“Məhkəmə qurtarandan sonra sanitar qovşağına apardılar, qapını arxadan bağlayıb məni döydülər. Hətta başımı unitazın içinə salmağa cəhd elədilər. Dedim ki, bunu işıqlandıracam, ondan sonra dayandılar”, – Babayev səs yazısında deyib.
44 yaşlı S.Babayev 2022-ci ildə Azərbaycanda inanclı fəalların kütləvi həbsi zamanı narkotik ittihamı ilə həbs olunmuşdu. O, 3 illik həbs cəzasını 3 ay öncə bitirib azadlığa çıxmışdı.
Martın 11-də isə Xırdalan şəhər sakini Namazov Əlikram Ehtiram oğlu Xırdalan polisləri tərəfindən saxlanılıb. Zor tətbiq edilən inanclının narkotiklərlə bağlı ittihamı qəbul etməsi tələb olunub.
Martın 14-də Xırdalan Məhkəməsi önünə çıxarılan inanclının bütün ittihamların saxta olmasını bildirməsinə baxmayaraq məhkəmə Əlikram Namazov barəsində həbs qətiimkan tədbiri seçib.
25 yaşlı Əlikram Namazov evlidir və himayəsində bir azyaşlı körpəsi var.
Sədri Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyi Hərəkatının rəhbər şəxsləri hazırda həbsdədirlər. Onlar 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı həbs ediliblər. Bundan sonra da həbslər davam edib.
Həbs olunanların böyük əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunan şəxslərin konkret faktlar əsasında saxlandığını bildirir.
Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın açıqladığı son siyahıya əsasən, hazırda 192 nəfər dini inaclı şəxs həbsdədir.